Prezidentdən xalqa ərməğanlar. İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında. 1,1 milyon pensiyaçıya 200 manat ödəniləcək
İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
“Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Məlumat verildi ki, enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb. 120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.
Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.
Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.
Sistem əhəmiyyətli 330/220/110/10 kilovoltluq “Yaşma” yarımstansiyasının əsaslı yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olunub. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınmasını, mühafizələrin cəld, selektiv, etibarlı işini və operativ əməliyyatların çevikliyini təmin edəcək.
1,1 milyon pensiyaçıya 200 manat ödəniləcək
Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət başçısının pensiyaçılara növbəti qayğısı olmaqla, COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir.
Yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.
Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.
Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.
Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.
Yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.
Məlumat üçün bildirək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

