“Kim soyunmaq istəyirsə, zəhmət çəksin getsin xarici ölkələrdə soyunsun!” – VCA və YYSİB- sədri Aydın Xan Əbilov
“Üst geyim hər zaman insanların diqqətini cəlb edib. Bir qrupa məxsus şəxsləri digər qrupa məxsus şəxslərdən fərqləndirən əsas cəhətlərdən biridir. Tarixən də belədir. Dinimizdə də bu, haradasa saxlanılıb. Amma son illərin dəb və moda sənayesi paltarlarla bir-birindən fərqlənən müəyyən bir vəzifə, sinif və yaxud yoxsul, kasıb olmasını göstərən xüsusiyyətini darmadağın edib. Xüsusən də, sosial şəbəkələr, internet, medianın inkişafı, şou-biznesin və dəb sənayesinin kreativ mədəniyyətinin inkişafı ona gətirib çıxardı ki, insanlar indiyə qədər olan klassik geyim düşüncələrini dağıtmağa meyilli oldular”. Bu sözləri SİA-ya açıqlamasında analitik ekspert, yazıçı kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, xüsusən də, bunu biz televiziya, teleseriallar, filmlər, internet və sosial şəbəkə resurslarında aydın görürük: “Sənət adamları üzdə olduğuna görə onların etdiyi hər bir hərəkət onların davranışı, etik normalara riayət edib-etməmələri, geyimləri, müəyyən tədbirlərdə özlərini aparmaları, aldıqları evlər və s. göz önündədir. Bunlar daha çox digər insanlarda qıcıq oyada bilir. Biz mental dəyərlərdən və dini dəyərlərdən çıxış etsək sözsüz ki, qadın və kişinin özünəməxsus paltarları olur, üstəlik də qadınlara qarşı bu, çox sərtdir. Yəni qadağalar var idi. Əslində, kişilərə qarşı da bu sərtlik var idi. Kişinin də açıq-saçıq yerləri (üzündən başqa), qolları, ayaqları görünməməlidir və bədən cizgilərini qabarıq göstərən paltarlar geyinməməlidir. Xüsusən də, bununla cəmiyyət arasında görünməməli idi. Toyda, yasda, məsciddə və yaxud ictimai yerlərdə bu, qadağan idi. Bu, qadınlara da aid idi. Amma qadınlarda lap sərt idi. Çünki qadınlar evdən kənar kişi, qohumu olmadan çıxa bilməzdi. Qadın ya əri, ya atası, ya da qardaşı ilə çıxa bilərdi. Bu zaman hətta belə üzündən başqa digər yerləri görünməməli idi və buna uyğun olaraq da Azərbaycan geyim mədəniyyəti formalaşmışdır”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Təsəvvür edin ki, son illər, Sovet imperiyası yaranandan sonra bizə Avropa mədəniyyəti gəldi. İndi artıq tamam fərqli hadisələr baş verir. İndi kişilər də, qadınlar da mental dəyərlərin zidd olmasına baxmayaraq nə gəldi geyinirlər. Xüsusən də biz bunu sənət adamlarında görürük. Sənət adamlarının bəlkə də televiziya üçün, konsert görüntü üçün, özünü piar etmək üçün, səs salıb qalmaqal yaratmaqla pulsuz reklam məqbul sayıla bilər. Amma baxmayaraq ki, biz onlardan da tələb edirik ki, bir qədər mental dini dəyərləri, gənclərin mənəviyyatını, əxlaqını poza biləcək tərəfləri nəzərə alıb öz geyimlərinə xüsusi fikir versinlər. Amma hər halda vaxtilə kinolarda da bizim gördüyümüz, əsərlərdə oxuduğumuz əxlaqsız, meşşan qadınların geyinib çölə çıxdığı paltarlar, yəni bədən cizgilərinin qabarıq göstərilməsi digərlərində intim hisslərin oyanmasına təsir edə biləcək formada açıq-saçıq paltarlar geyinməsi, əlbəttə ki, müəyyən mənada etirazla qarşılanır. Baxmayaraq ki, indi biz bunları toylarda da görürük, artıq insanlar bu dəbin həvəsinə düşüb. Xüsusən də, qız uşaqları ki, valideynləri indi onlara qadağalar qoymur. Bilirsiniz ki, əvvəllər ailədə beş qız idi, indi bir, ya iki qız olur. Onu da sərbəst və necə geyinmək istəyir o formada da çölə çıxaran valideynlərin sayı get-gedə artıb və yaxud onlar, artıq valideynlərinin sözlərinə baxmırlar. İnternet trendlərinin təsiri altında cürbəcür açıq-saçıq paltarlar geyinirlər. Nədənsə ancaq ticarət mərkəzlərində, əyləncə mərkəzlərində, restoranlarda, turizm mərkəzlərində olan bu tipli geyinən adamlara pis baxmırlar, öz yaxınlarına pis baxmırlar. Amma sənət adamları sənət üçün bu hərəkəti edəndə o dəqiqə onlara qalmaqallı hücumlar etməyə başlayırlar. Bizim sənət adamlarında da bir az təqsir var. Çünki onlar yeri gəldi-gəlmədi lüm-lüt soyunmağı xoşlayırlar. İndi bir çox müğənnilər var ki, vaxtilə başına çadra keçirdi, öz həcilərini tapmışdılar, dindar idilər. Amma indi yenə soyunmağa başladılar. Bunlarla yanaşı, təzə gələnlər, ümumiyyətlə, bütün dəyərləri dağıdırlar. İndi xarici ölkələrdə başa düşürük sənətçilər müəyyən bir kompozisiya, videoklipin estetikasına uyğun olaraq və yaxud da hərəkətin aktivliyini nəzərə alıb, çadrada durub oynaya bilməzlər və yaxud rəqs edib atlanıb düşməzlər. Ona uyğun paltarlar geyinirlər. Açıq-saçıq paltarlar tikirlər, bir dəfə geyinirlər. Amma bu, o demək deyil ki, onlar həyatda da belə geyinirlər”.
Biz xarici sənətçilərə baxsaq istər kişi, istərsə qadın onlara restoranda ziyafət vaxtı yox,
ümumiyyətlə, əyləncə zamanı idman paltarında təmkinli, sadə, minimalist xüsusiyyətlərə məxsus paltarda olduğunu görəcəksiniz. Amma Azərbaycan müğənnilərinin çoxu isə harda gəldi, necə gəldi geyinirlər. Belə insanlara biz həmişə əxlaqsız, fahişə kimi baxmışıq. İndi həmin əxlaqsız qadınların geyindiyi paltarları biz dəb adı altında öz gənclərimizə sırıyırıq və yaxud da gənclər ondan istifadə edir. Bir çox sənət növləri var ki, orada çılpaqlıq onsuz da tələb olunur. Məsələn, balet, opera və yaxud da idmanın elə növləri var ki, üzgüçülük, güləş və yaxud velosiped sürmək, yüngül atletika, idman gimnastikası və s. bunlarda biz görürük ki, açıq-saçıq geyimdir və yaxud da bədənin əzaları görünür. Onları başa düşmək olar. Amma yeri gəldi-gəlmədi toyda nəyə lazımdır axı?! Bilirsiniz ki, bizim şou-biznes, əsasən, toyda inkişaf edir və yaxud da televiziyada şou-biznes nümayəndələri görsənir. Axı bunlara bütün nəslin nümayəndələri baxırlar. Uşaqların əxlaqı, mənəviyyatı pozula bilər. Xüsusən də, intim cəhətdən qanı qaynayan və yaxud dəyişiklik dövrünü yaşayan yeniyetmələri nəzərə almaq lazımdır. Yaşlı, qoca nəslin nümayəndələrini nəzərə almaq lazımdır. Bu, ağrılı bir məsələdir. Amma digər tərəfdən sənətçiləri də başa düşmək olar. Yəni, sizin ətrafınızda hamı soyunur, sənətçi bir balaca daha çox soyunanda deyə bilərlər ki, sənətçi soyunanda bizimkilər də ona baxıb daha çox soyunmaq istəyir. Sanki soyunmaq yarışması var. Sənətçi də soyunanda hamı onu qınamağa başlayır. İndi dövlət qurumları bununla bağlı müəyyən işlər görməyə başlayıblar. Təhqir edən, hətta aşırı tənqid edən şəxslər belə həbs olunur, cəzalandırılır. İnanın ki, sosial şəbəkədə bu cür murdarçılıq edən, yəni, mənfiliyə qarşı mənfi reaksiya verən insanlar cəzalandırılsa, belə hallar olmayacaq. Amma niyə özünüzü söydürürsüz. Ümumiyyətlə, Azərbaycan televiziyalarına çıxan bu müğənnilərin paltarlarına kimsə baxırmı? Bədii şuralar yaradıldı. Onlar işləyirmi? Bura Azərbaycandır və bura Avropa deyil ki, kim nə istəyir geyinsin. Kim soyunmaq istəyir, zəhmət çəksin getsin xarici ölkələrdə soyunsun, atılıb düşsün. Onlara xalq əxlaqsız və fahişə deyəcək”.
Ayşən Vəli, https://sia.az/az/news/social/926345.html
Ayşən Vəli

