SXA İH-nin sədri Vüqar Behbudov: “Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı 5 dəfə genişlənib”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 ili tamam olur.
Bu münasibətlə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov APA-ya müsahibə verib:
- – Vüqar müəllim, Agentliyin fəaliyyət istiqamətləri hansılardır?
– Sosial Xidmətlər Agentliyi Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə yaradılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahələrində fəaliyyət göstərir. Həmin vəzifələri yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə çalışır.
– Sosial Xidmətlər Agentliyi hədəf qruplarını əhatə etmək və əlçatanlığın təmini üçün fəaliyyətini necə qurub?
– Agentliyin fəaliyyətə başlaması dünya və eləcə də ölkəmiz üçün bir qədər fərqli dövrə təsadüf etdi – pandemiyanın yaratdığı məhdudiyyətlər yeni addımlamağa başlayan bir qurum üçün də çətinliklər ortaya qoymaya bilməzdi. Amma buna baxmayara, işimizə davam etdik. Xüsusilə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsi dövründə də hədəf qruplarımızın yanında olduq. Eyni zamanda əməkdaşlarımız müharibədən zərər çəkənlərə həm birbaşa, həm də onlayn formada sosial-psixoloji dəstəyin təşkilini həyata keçirdi. Pandemiya dövründə isə 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində, 100-dən çox şəxsə sosial xidmət müəssisələrində sosial xidmətlər göstərildi.
– Geridə qoyduğumuz bir il Sosial Xidmətlər Agentliyi üçün nə ilə yadda qaldı?
– Bu bir il bizim üçün həm fəaliyyətimizin qurulması, həm də kontingentimiz olan əhali qrupları ilə işləmək baxımından çox məhsuldar oldu. Sosial xidmət, övladlığagötürmə, şəhid ailələri və müharibə əlilləri ilə iş, imtiyazlı şəxslərin mənzil və fərdi evlərlə təminatı və bu kimi digər sahələr üzrə davamlı olaraq işimizi təşkil etmişik. Əlilliyi olan şəxslərin sanator-kurort müəssisələrində sağlamlıqlarının bərpası, reabilitasiyası məqsədilə onların həmin müəssisələrə yollayışlarla təminatı işlərinə pandemiya səbəbindən fasilə verilmişdi ki, artıq bu işlər davam etdirilir. Bu xidmətimizdən yararlanmaq hüququ olan 63 nəfər artıq sabah, yəni iyul ayının 1-də Naxçıvan MR-dəki Duzdağ Fizoterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi sanatoriya-kurort mərkəzlərinə yola salınacaq. Onlar 14 gün ərzində həmin müəsissələrdə göstərilən xidmətlərdən yararlanacaqlar.
Eləcə də Agentliyin tabeliyində olan müəssisələr vasitəsilə də xidmətlər göstərməyə davam etmişik. Xüsusilə soyuq qış aylarında daimi yaşayış yeri olmayan şəxslərin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi, onların qayğı ilə əhatə olunması təmin olunub. Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və həssas təbəqə ilə işləyən digər sosial müəssisələrimiz bu dövrdə Operativ Qərargahın müəyyən etdiyi qaydalarda müəyyən edilmiş tələblərə riayət etməklə, xidmət göstərməyə davam etdilər.
Onu da qeyd edim ki, hazırda 1200-dən çox şəxsin daimi dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində sosial modelə keçid prosesi aparılır. Eyni zamanda, inteqrasiya olunmuş sosial xidmətlər modelinin tətbiqi üçün hazırlıq işlərinə başlanıb. Bu o deməkdir ki, inteqrasiya olunmuş sosial xidmətlər layihəsi vasitəsilə vətəndaşlara psixoloji, pedaqoji, sosial işçi və hüquqi xidmətlər vahid mərkəzdən təqdim olunacaq.
Eyni zamanda, aparılan islahatlar sosial xidmətlərin operativ, müasir iş prinsipləri əsasında idarə olunması mexanizminin, sosial xidmətlər sahəsində də elektron infrastrukturun formalaşmasına, o cümlədən “Elektron keys menecment” sistemi üzərindən bu sahədə müasir və çevik idarəçilik-monitorinq sisteminin qurulmasına yönəlib. Hədəflərimiz bu xidmətlərin keyfiyyətinin və operativliyinin, əlçatanlığının artırılması, sosial xidmətlərə ehtiyac duyan insanlarla işin, onlara qayğı göstərilməsi prosedurlarının qabaqcıl dünya təcrübəsi əsasında formalaşmasıdır. Ötən bir ildə bu sahədə də mühüm işlər aparılıb. Sosial Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin yaradılması da xidmət göstərilənlərlə bağlı bütün məlumatları real vaxt rejimində əhatə edən sosial xidmətlər xəritəsi modelinin tərtib olunmasna şərait yaradacaq ki, bu sahədə də müvafiq işlər davam edir.
Bu gün də Sosial Xidmətlər Agentliyi fəaliyyətini 29 filial və 13 müəssisə ilə davam etdirir. Qurum tərəfindən aparılan işlərdə, habelə ictimai iştirakçılığın və ictimai nəzarətin təmin olunmasında vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq, birgə layihələrin icrası təcrübəsi mövcuddur. İctimai birliklərin rəhbərləri də mütəmadi görüşlər keçirilir, rəy və təklifləri dinlənilir, gələcək əməkdaşlıq məsələləri müzakirə olunur.
– Bu günə kimi nə qədər şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlərlə təmin olunub?
– Məlumdur ki, Agentliyin qarşısına qoyulan əsas tapşırıqlardan biri də şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu yöndə işlərimizi pandemiya və müharibə dövründə də davam etdirdik. Əvvəlki illərin statistik göstəriciləri ilə müayisə etdikdə də bunu görə bilərik. Məsələn, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bu rəqəm 934 olub. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi.
– Mənzil və fərdi evlərlə təminat istiqamətində qarşınızda duran növbəti hədəflər nədən ibarətdir?
– Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə yaxın 5 il ərzində 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlilləri mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaq.
Beləliklə, 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 2021-ci il üçün qarşımıza qoyulan hədəfi hazırda icra edirik və artıq 530 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza təqdim olunub. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib. Bu il də müharibə əlillərinə 160-a yaxın avtomobilin verilməsi planlaşdırılır və bu istiqamətdə işlər görülür.
– Regionlarda mənzil və fərdi evlərin verilməsi prosesi necə təşkil olunur?
– Qeyd etdiyim kimi, bu il üçün qarşımıza qoyulan hədəf 3 min mənzil və fərdi evin verilməsidir. Onlardan 450-si regionlarda fərdi ev formasında tikilərək müvafiq qaydada növbəyə dayanan vətəndaşlarımıza təqdim olunacaq. Artıq bununla bağlı ilkin məsələlər həll olunub və işlər sürətlə davam etdirilir.