Sabiq SSRİ Ali Sovetinin ən gənc deputatı, Ulu Öndərin sevimli qabaqcılı tütünçüsü Zifər Səfərova: 385 manat təqaüd alır və…
Sabiq SSRİ-də – 1960-1990- cı illərdə qabaqcıl əmək qəhrəmanları haqqında məqalələr yazılar, haqqında televiziyada filmlər çəkilərdi.
Əməkdə fərqlənən qabaqcıl pambıqçılar, üzümçülər, tütünçülər, baramaçılar , heyvandarlar dövlətimizin ən yüksək orden və medallarına, mükafatlarına, fəxri adlarına layiq görülürdü.
İki dəfə sosialist əməyi qəhrəmanı , keçmiş SSRİ Ali Sovetinin deputatı, qabaqcıl pambıqçılar Şamama Həsənovanın, Sürəyya Kərimovanın, Sosialist Əməyi Qəhrəmanları Turab Məmmədovun , Şəfaət Mehdiyevin , Qızqayıt Həsənovanın, Sərdar İmrəliyevin, Şaban Rzayevin, Sevil
Qazıyevanın , Xuraman Abbasovanın və neçə – neçə qabaqcıl əmək qəhrəmanlarının adları bu gün də iftixarla çəkilir, ehtiramla yad edilərək xatırlanır.
Haqqında söhbət açmaq istədiyim qabaqcıl əmək qəhrəmanı ömrünün müdrik çağında qayğıya ehtiyacı olan , çoxlarının unutduğu qəhrəmandır.
Qismət elə gətirdi ki, bir qrup həssas təbəqəli insanlarla- Çernobl, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, qaziləri və ümumi xəstəliyə görə əlil olmuş soydaşlarımızla birlikdə Bakıdan təyyarə ilə Naxçıvanın Darıdağ və Duz pansionatına 10 günlük müalicə olunmağa gəldik .
Vaxtilə SSRİ Ali Sovetinin deputatı seçilmiş və Şərur rayonunun Kirov adına kolxozun qabaqcıl tütunçüsü olmuş ikinci qrup əlil Zivər Əli qızı Səfərova ilə tanış olduq və əmək qəhrəmanından qısa müsahibə alaraq qeydlərimi vərəqlərə köçürdüm.
Zivər Səfərova vaxtilə böyük hörmət və nüfuz sahibi olsa da , bu gün heç kəsə özü haqqında məlumat vermək istəmirdi.
Son illərdə diqqət və qayğıdan uzaq olan qəhrəmanımızın əməyinə vaxtilə dəyər verilsə də , bu gün 385 manat civarında təqaüd almaqla əziyyətlər çəkdiyinin şahidi oldum.
Zivər Səfərova vaxtilə hər gün 450-500 kiloqram tutun dərər, onu sapa düzər və qurudardı.
Qışda isə tütünü fermetləyərək zavoda təhvil verərdi.
29 il kolxozda zəhərli sahədə çalışmış Zivər Səfərova o illəri belə xatırlayır;- Qabaqcıl tutuncu olaraq adım hörmətlə çəkilər, əmək haqqım da yüksək idi.
9 – cu, 10- cu, 11- ci beşilliklərin qalibi doş nişanına layiq görülmüşdüm. Əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Oktyabr inqilabı ordeninə, Qırmızı Əmək bayrağı ordeninə, bir çox medallara layiq görülmüşdüm. Naxçıvan Muxtar Respublikasından yeganə tutuncü idim ki, keçmiş SSRİ Ali Sovetininə deputat seçilmişdim.
25-ci və 30- cu Qurultayların nümayəndəsi olaraq dəfələrlə Moskvada Kremlin Qurultaylar sarayında iclas və konfranslarda iştirak edərdim.
Sosialist Əməyi qəhrəmanları Rəşid Behbudova, Mirhəmzə Eminovla, Zalxay Həsənova, Rəxşəndə Verdiyeva və bir çox qabaqcıl əmək qəhrəmanları , millət vəkilləri ilə birlikdə Azərbaycanı keçmiş ittifaq səviyyəsində şərəflə təmsil etmişik.Nümayəmdə heyəti ilə birlikdə Moskvadan qayıdarkən jurnalistlər bizi əhatəyə alar , maraqlı musahibələrimiz qəzet və jurnallarda dərc olunardı.Zəhmətimizə, əməyimizə verilən qiymət bizi daha da ruhlandırırdı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevlə dəfələrlə görüşərək səmimi söhbətlər edərdik. Dahi şəxsiyyət biz əmək qəhrəmanlarına həmişə diqqət və qayğı göstərərdi . Bizim dolanışığımızla maraqlanardı.
O dövrdə pambıq, üzüm, tütün , barama iqtisadiyyata çox xeyir verərdi.
Gah barama bəsləyər, gah da tütün yığımında çalışırdım. Bir gun tütün yiğan vaxtı işdə möhkəm zəhərləndim. Məni təcili olaraq xəstəxanaya apardılar. Üç gün koma vəziyyətində qaldım . Həkimlərimizin səyi nəticəsində həyata qayıtsam da, ömürlük xəstə oldum. İkinci qrup əlil olsam da , yenə də işdən qalmadım. Səhhətimlə əlaqədar Bakıya gəldim.
23 il Travmatologiya institutunda aqronom, bagban vəzifəsində çalışdım. 45 il iş stajım olsa da, bu gün 385 manat pensiya alıram.
Deputat olduğum illərdə mənə müraciət edən onlarla vətəndaşlara kömək etmişəm.
İbadulla -Qışlaq, Abad kəndlərinə su çəkdirmişəm. Bu gün gördüklərim işləri yada salanda qururlanıram .
Zivər xanım danışdıqca gah gözləri yaşarır, gah da sevinirdi.Lakin onun gözlərində qayğıya ehtiyac duyurdum . Ömrünü iqtisadiyyatımızın inkişafına həsr etmiş və bu yolda əlil olmuş əmək qəhrəmanına bu gün diqqət və qayğı daha da artırılmalıdır.
Zəfər qələbəmizdən iftixarla danışan Zivər Səfərova ilə birlikdə müqəddəs ocağımız Asabi Kəffi ziyarət etdik. Dövlətimizin daha da qüdrətli olması naminə xalqımıza xoş günlər arzuladıq.
Vətənimizin azadlığı uğrunda canını qurban vermiş cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədik.

Xalqımız Ali Baş Komandanımızın ətrafında yumruq kimi sıx birləşərək işğalçıları torpagimizdan qovduq. Bu gün Zəngilanda, Füzulidə, Qubadlıda, Şuşada , bir sözlə azad olunmuş yurdumuzda görülən tikinti, abadlıq və quruculuq işləri hə birimizi sonsuz dərəcədə sevindirir .
İnanıram ki, keçmiş SSRİ Ali Sovetinin deputatı olmuş qabaqcıl tutuncu, əmək qəhrəmanı, 2 -ci qrup əlil Zivər Əli qızı Səfərovanın xidmətləri nəzərə alınacaq və müdrik yaşında heç olmasa Prezident təqaüdünə layiq görüləcəkdir.
Rauf İlyasoğlu Allahverdiyev, şair-publisit, “Həkəri” qəzetinin baş redaktoru
Redaksiyadan: Bu yaxınlarda Zivər xanım Səfərova ilə bağlı YeniMedia TV – İnternet telekanalımızda maraqlı bir verilişi izləyə bilərsiz. Qəhrəmanın öz dilində…