KOBİA-da 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirildi

Yanvarın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib.

Qeyd olunub ki, KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış normativ hüquqi aktlardan 3-ü təsdiq edilib, 4-ü razılaşdırılıb, 73 normativ sənəd layihəsinə Agentlik tərəfindən rəy və təkliflər bildirilib.

2 mindən çox KOB subyektinin iştirakı ilə 15 sorğu keçirilib.

2021-ci ildə Agentliyə 5 mindən çox vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub.

Ötən il Yevlaxda KOB evi fəaliyyətə başlayıb ki, bununla da KOB evlərinin sayı ikiyə çatıb (Xaçmaz və Yevlax şəhərlərində olmaqla). Sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətlərinin göstərildiyi KOB evləri tərəfindən ötən il sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” və 3 mindən çox “B2B” xidmətlər göstərilib. Bu yaxınlarda Xaçmaz KOB evində daha 2 yeni xidmət istifadəyə verilib. KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Hazırda Gəncə və Bakı şəhərlərində KOB evlərinin yaradılması istiqamətində işlər aparılır.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

2021-ci ildə Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla 7 KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 27 şəhər və rayonunu əhatə edir.

Sahibkarların biznes sahəsində bilik və bacarıqlara çıxışının təmin edilməsi məqsədilə 2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Bununla da KOBİM-lərin sayı ölkə üzrə 21-ə çatdırılıb. 2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1600-ə yaxın təlim keçirilib, 17000 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb. Həmçinin, 180 təlim videosundan ibarət onlayn təlim platforması (ödənişsiz) istifadəyə verilib ki, bugünədək 500-ə yaxın şəxs bu platformadan yararlanıb.

2021-ci ildə KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Bu məqsədlə keçirilmiş 1-ci qrant müsabiqəsi çərçivəsində 15 layihə maliyyələşdirilib. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. 2021-ci ilin noyabr ayında isə elm və dəstək istiqamətləri üzrə sayca 2-ci qrant müsabiqəsi elan edilib və nəticələri 2022-ci ilin fevral ayında açıqlanacaq.

Ötən ilin may ayından etibarən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb və indiyədək 32 “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

2021-ci ildə sahibkarların müraciətləri əsasında 10 sahə üzrə, KOBİA-nın təşəbbüsü ilə isə 4 sahə üzrə daxili bazar araşdırmaları aparılıb.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək məqsədilə 2021-ci ildə 30-dan çox KOB subyektinin 6 sərgi və yarmarkada iştirakına təmənnasız olaraq dəstək göstərilib.

KOBİA-nın dəstəyi ilə sahibkarların satış imkanlarını genişləndirmək məqsədilə 2021-ci ildə “kobmarket.az” portalı fəaliyyətə başlayıb. Artıq portalda qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılıb, 1500-ə yaxın məhsul yerləşdirilib.

İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, s18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatınin fəaliyyəti barədə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə məlumat verilib. “Cocuq Mərcanlının İnkişafı” Fondu, KOBİA, TÜİB və TİKA-nın dəstəyi ilə yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatlarında 40-dan çox kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulur. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib. Ümumilikdə 294 sahibkarlıq subyektinə dəymiş təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib.

2021-ci ildə müxtəlif tərəfdaş qurumlarla 12 anlaşma memorandumu imzalanıb, 9 ölkəyə işgüzar səfərlər təşkil olunub, Agentliyin təşkilatçılığı ilə Bakıda 2 beynəlxalq tədbir keçirilib.

Ötən il 150-yə yaxın gənc, indiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Ötən il “KOB könüllüsü” olmuş 2 gənc, ümumilikdə isə 11 könüllü gənc Agentlikdə işlə təmin olunub.

2021-ci il də daxil olmaqla indiyədək 400-dən çox vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün Agentliyin dəstək və xidmətlərindən faydalanıb. Agentlik tərəfindən tərəfdaş qurumlarla birgə “Məktəbim”, “Biznes emalatxanası”, “Əlil sahibkarlara dəstək” kimi layihələrə start verilib.

Regionlarda məşğulluğun və sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə həyata keçirdiyi “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 2021-ci ildə İsmayıllı rayonunda 15 kənd qonaq evi istifadəyə verilib. Layihə 2022-ci ildə daha 9 rayonda davam etdiriləcək və 50 kənd qonaq evi yaradılacaqdır.

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir