VCA və YYSİB sədri Aydın Xan Əbilov: “…Onları öz profilindən uzaqlaşdırmaq qətiyyən düzgün deyil”
Görkəmli kinoteatrların möhtəşəm binası kompüter oyun salonlarına çevrilib…

Kinonun təşviq edilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biri olsa da, təəssüf ki, biz bunu görə bilmirik. Bütün dünyada kinoteatrlarda kino göstərildiyi halda, bizim üzdə olan kinoteatrların çoxunda kinodan başqa hər şey var.
Məlumatlara görə, Bakıda fəaliyyət göstərən kinoteatrlarda çox nadir hallarda kino göstərilir. Kinoteatrların zallarının əsasən kompüter oyunları üçün istifadə edildiyi qeyd edilir. Məsələn, iddialara görə, Nizami kino mərkəzinə kinoya baxmaqdan daha çox sırf oyunları oynamaq üçün gəlirlər. Mətbuatda da Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında Prezidentin sərəncamına əsasən yenidən qurulan kinoteatr binasında kino yerinə oyunların təşkil edilməsi ciddi tənqid olunur. Ümumiyyətlə, kinoteatrların oyun zallarına cevrilməsi, onların öz profilindən uzaqlaşdırılması niyə baş verir, bu nə dərəcədə doğrudur?
Qeyd edək ki, ekspertlər kinoteatrların öz profilindən uzaqlaşmasına tənqidi yanaşır. Deyirlər ki, bir neçə il bundan əvvələ qədər kinoteatrların çoxu mebel salonu, kafe, bufet kimi fəaliyyət göstərirdi, sonra isə kinoteatrların keçmiş şöhrətinin özünə qaytarılması üçün dövlət xüsusi addımlar atdı. Bu gün də bəzi kinoteatrlar kino göstərmək əvəzinə oyun zalları saxlamaqla məşğul olur. Ekspertlərə görə, bunun da səbəblərindən biri paytaxt sakinlərinin kinoya meyl etməməsi ilə bağlıdır.
- “Kinoteatrlara tamaşaçı gəlmədiyinə görə onlara film göstərmək sərf etmir”
Vətəndaş Cəmiyyəti Alyansı və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, son illər böyük kinoteatrlarda nümayiş olunan filmlərə baxış estetik dəb halını ala bilmədi. Dünyanın bir çox ölkəsinə, o cümlədən də qonşu dövlətlər olan qardaş Türkiyəyə, Rusiyaya rəğmən Azərbaycanda kinoteatrlara gedib böyük ictimai ortamda filmlərə baxış dəbi yaranmadı: “Bu şəkildə kinoteatrlarda kinoya baxmaq ictimai tələbat halını almayıb. Baxmayaraq ki, dünyanın çox yerində kinoteatrlara ailəlikcə, dost-tanışları ilə gedən insanların sayı ili-ildən artır. Çünki böyük kinoteatrlar bizi sosial şəbəkələrdən, internetdən, evdən kənara çıxarır, fərqli insanlarla ünsiyyət qurmağa imkan yaradan yer, mühit kimi tanınır. Azərbaycan elə də böyük ölkə deyil. Ölkəmizin sərhədləri qonşu ölkələrlə ictimai, sosial-mədəni əlaqələr üçün həmişə açıq olub, ona görə də biz bir neçə dildən istifadə edərək filmlərə baxa bilərik. Son illər sosial şəbəkələr, internet, yeni video paylaşım formaları, YouTube kanalı, televiziyalar filmləri onlayn yayımlayan texnoloji alətlər olduğundan böyük kinoteatrlara onsuz da zəif olan tamaşaçı marağı bir da zəifləyib. Azərbaycanda kinoteatrlara qarşı illər əvvəl çox xoşagəlməz, varvar münasibətlər bəslənilirdi. SSRİ dağılmazdan bir az əvvəl kinoteatrlara qarşı “hücumlar” baş verdi. O vaxt dövlətin aidiyyəti qurumlarının kinoteatrlara nəzarəti zəif olduğu üçün bir çox kinoteatrların binası işbazlar tərəfindən ələ keçirildi, dağıdıldı, yerində başqa obyektlər tikildi. Profili dəyişən kinoteatrlar kommersiya obyektlərinə çevrildi. Təəssüf ki, indi də bu proses gedir. Rayonlardakı böyük teatrlara baxanda adamın ürəyi ağrıyır, çünki onların əksəriyyəti şadlıq evi, restoran, ticarət mərkəzi, mağaza kimi fəaliyyət göstərir. Azərbaycanın əsas kinoteatrları, əlbəttə ki, Bakıda yerləşir. Bakıda yeni kinoteatr şəbəkələri də yaranıb, o şəbəkələr də fəaliyyət göstərir. Amma mini kinoteatrlar, yaxud fərdi kabinetlərdən ibarət flmlər nümayiş etdirən görüş, kafe-kinoya baxış kimi daha çox istifadə olunur, nəinki dünyanın hər yerində qəbul olunan iri ekranlı kinoteatrlar kimi. Nizami Kinoteatrının, Bakı Kinoteatrının, “Sevinc”, “Sevil” və başqa kinotetarların aqibəti göz önündədir. Nizami Kinoteatrı Nizami Kino Mərkəzi kimi fəaliyyət göstərir. Bu mərkəzin kino təbliğatını inkişaf etdirmək üçün imkanları genişdir.
Bütövlükdə, kinoteatrlara tamaşaçılar getmədiyi üçün onlar film nümayiş etdirməyə elə də maraq göstərmirlər. Kinoteatrlara tamaşaçı gəlmədiyinə görə onlara film göstərmək sərf etmir. Açığını deyək, gənclər kinoteatrlara filmə baxmaq üçün getmirlər, ya oradakı oyun zallarına, ya da kofe içməyə gedirlər. Kinoteatrlara maraq azdır, amma bu o demək deyil ki, tamaşaçı cəlb etmək mümkün deyil, mümkündür. Hesab edirəm ki, onları öz profilindən uzaqlaşdırmaq qətiyyən düzgün deyil”.
A.X.Əbilov hesab edir ki, kinoteatrlar oyun zalları, kofeteriya kimi deyil, gerçək kino mərkəzləri kimi fəaliyyət göstərməlidir. Bu məsələdə əlaqədar qurumlarla yanaşı kinoteatrlar özləri də xüsusi layihələr təqdim etməlidir: “Kinoteatrlar tamaşaçıları cəlb etmək üçün xüsusi layihələrlə çıxış etməlidir. Təhsil Nazirliyi və başqa qurumlar da kinotearlara dəstək olmalıdır. Kinoteatrlarda, xüsusən də məktəblilər üçün film nümayişləri təşkil edilməlidir. Sovet dövründəki kimi hətta şagirdləri pulsuz da cəlb etmək olar. Onu da deyim ki, pandemiya kinoteatrlara tamaşaçı marağını tamamilə məhv etdi. Ticarət mərkəzlərindəki kommersiya kinoteatrlarında biletlərin qiymətləri də o qədər bahadır ki, insanların onu almağa imkanı yoxdur. Bir sıra səbəblərdən qazanc əldə etmək üçün kinoteatrlar öz profilini dəyişməyə məcbur olur. Nizami Kino Mərkəzinin imkanları genişdir, orada film nümayişləri ilə yanaşı konsertlər də təşkil edilə bilər. Nizami Kino Mərkəzini, “Azərbaycan” və digər kinoteatrları idarə edən menecerlər nə ilə məşğuldur, adam baş açmır. Hesab edirəm ki, kinoteatrların menecerləri tamaşaçıları cəlb etmək haqqında ciddi düşünməlidir. Bunun üçün çoxlu layihələr işləyə bilərlər”.
A.X.Əbilov hesab edir ki, kinoteatrlar mədəniyyət ocağı kimi inkişaf etməlidir və dövlət qayğısı, yaradılan şərait buna imkan verir.
İradə SARIYEVA –https://www.baki-xeber.com/medeniyyet/134131.html

