Saxta profillərin açılması kimlərin marağındadır?! Analitik-ekspert Aydın Xan Əbilov münasibt bildirdi

“Tarixən də, indinin özündə də bəzi insanlar hansısa təxəllüs, saxta nik altında açıq-aşkar deyə bilmədiklərini, edə bilmədikləri hərəkətləri cəmiyyətə mesaj vasitəsilə ötürməyə meyilli olurlar”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

“Bu mesajlar, ismarıclar, müsbət-mənfi satiristik, öldürücü, tənqid, təhqir formasında ola bilər. Lakin bunun mənfi tərəfi odur ki, hər hansı bir insanın nüfuzunu, ləyaqətini, hörmətini, ona olan insan məhəbbətini aşağılamaq, məhv etmək üçün saxta adlar altında iş görənlər də olub. Vaxtilə buna yunan ədəbiyyatında ezop dili deyirdilər. Yazıçı heyvanların dili ilə öz fikirlərini obrazlı şəkildə ifadə edirdi. Hətta ədəbiyyatın özündə də qadın olarkən kişi, kişi olarkən qadın təxəllüsü ilə yazan yazıçılar da var. Məsələn, Şorsan və digərləri var. Eyni zamanda son illərdə internetin və xüsusən də sosial şəbəkənin inkişafı ilə əlaqədar bu ikiləşmə, saxtalaşma, hansısa ad altında gizlənib öz fikirlərini, mövqeyini ortaya qoymaq kimi hallar get-gedə çoxalır və bəzən bu hallar cinayətkarların, siyasi mübarizə aparanların, radikal düşüncəli insanların, ən çox da dini fanatiklərin və din bayrağı altında mübarizə aparmağa girişmiş qüvvələrin istifadə etdiyi formatlar sayılır. Azərbaycanda da trollar və yaxud saxta profil yaradıb kimlərəsə qarşı mübarizə aparan insanlarla əlaqədar vaxtaşırı fikirlər, faktlar ortaya atılır. Bəlkə də bu, siyasi və yaxud mədəni baxımdan fikirlərini bölüşmək üçün normaldır, amma insanların digər insanları təhqir etmək, onunla həmfikir olmayan insanları aşağılamaq, onun nüfuzuna xələl gətirə biləcək hansısa mövqe sərgiləmək baxımından əlbəttə ki, qınanılası hadisələrdir.

Sosial şəbəkələrdə saxta profillər həm Azərbaycan daxilində, həm də xaricdə daha çox yaradılıb. Azərbaycan daxilində daha çox yeniyetmələr və siyasi mübarizə aparan şəxslər tərəfindən bunlar edilir. Bəzən də fırıldaqçılıqla məşğul olarkən insanların pulunu əldə etmək üçün yalançı reklam etmək üçün, yalançı iş yerləri adı altında işsiz adamlardan pul yığmaq üçün istifadə edilən saxta şəbəkələr də görürük. Eyni zamanda saxta profillərdən özünün məkrli niyyətlərini yerinə yetirmək üçün istifadə edən falçılar, “astroloqlar”, psixoloqlar, həkimlər və cürbəcür xaricdə istehsal olunmuş malların satışını təşkil edən insanları da görürük. Bütün bunlarla əlbəttə ki aidiyyatı dövlət qurumları vaxtaşırı mübarizə aparır.

Son vaxtlar isə artıq saxta profillərlə sintetik və ənənəvi narkotik maddələr satan şəxslərin sayı da artıb. Bu da kiber cinayətkarlığın bir formasına çevrilib. Bununla da hüquq-mühafizə orqanları mübarizə aparırlar, amma bu mübarizə yetərli deyil. Eyni zamanda çox incə, mürəkkəb texnoloji yeniliklərdən istifadə edib öz profillərini gizlədən şəxslərlə də rastlaşırıq. Hal-hazırda internetdə elə proqramlar var ki, orada internetin qara tərəfindən istifadə edib qaranlıq işlərlə məşğul olmaq imkanları yaradır. Bu işlərlə məşğul olan insanlar nəzərə almalıdırlar ki, onlar hər zaman etdiyi əmələ, törətdiyi cinayətə, illər keçsə də internetdə buraxdığı həmin izlərlə həmin insanları cinayət məsuliyyətinə cəlb etmək olar. Ona görə də insanlar çalışmalıdırlar ki saxta yox birbaşa öz profilləri ilə fəaliyyət göstərsinlər. Çünki, ən böyük biclik həm də düzlükdür. İnsanlar nə qədər özlərini çoxbilmiş hesab etsələr də unutmamalıdırlar ki, həqiqətdən ən yaxşısı ola bilməz”.

Müəllif: Rüqəyya Orucova – https://sia.az/az/news/social/923484.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir