“Ədəbiyyatımızın Firuzəsi, Firuzənin ədəbiyyatı”. Yazıçı-publisist Arifə Əliyeva görkəmli ailm, şair Firuzə Məmmədlinin ad gününə yazır…
Gecənin yuxuları yadımda qalmaz, sübhə doğru olsa, xatırlayaram, o da nadir hallarda olur. Bu gün gecənin gözü açılmamış yuxu gördüm. Gördüm ki, Zərifəyə deyirəm: “Səni teatra aparacağam”.
Zərifə deyir:c”Nənə, özüm gedərəm. Deyirəm:c”Nə danışırsan? Sən yol tanıyırsan? İtərsən, ürəyim partlayar”. Zərifə evdən çıxır, mən ona mane olmuram. Amma o dəqiqədən narahatlığım başlayır. Vaxt keçdikcə təlaşım da artır. Axşam düşəndə artıq dözmürəm, babaya deyirəm ki, Zərifə yoxdur. Özümü o qədər suçlu hesab edirəm ki, ölməyə hazıram. Baba ondan çıxmayan soyuqqanlılıqla deyir:”Harada olacaq ki? Buralardadı.” O anda bir az aralıda torpaqda oynaşan iki uşaq görürəm. O gün Alanya küçələrində gördüyüm ağsaçlı alman uşaqlarına bənzəyirlər. Birdən Zərifəni görürəm, mənə tərəf gəlir. Heyrət, sevinc bir-birinə qarışır.
Gözlərimi açıram və yadıma düşür ki, bu gün yanvarın 10-dur, Firuzə xanımın ad günüdür. Bir də dəqiqləşdirmək istəyirəm, telefonuma baxıram, 10 ocaq yazır telefon da. Yaddaşımın dərin qatlarına enirəm. Keçmişə dalmaq üçün mənə bir bəhanə lazımdır. “Geriyə baxma”, deyirlər. Mən geriyə baxmağı sevirəm, mən keçmişdəki gözəl günləri təkrar-təkrar yaşayıram. Qəribədir ki, sadəcə işıqlı insanları, xoşbəxt anları xatırlayıram. Bu günümdə o qədər işıqlı insan yoxdur, 60 ildə çox ulduz axıb, gələcək isə sadəcə layihədir, plandır və Allah olanları mənə çox görməsin, çətin bundan sonra qarşıma yaxşı insanlar çıxa, bəlkə də çıxar, amma sınaq müddətinə ömrüm yetməz…
40 nəsə sehrli bir rəqəmdir, örtülü qapıları açan, düyünləri çözən bir möhlətdir, insanlığın dərəcəsini təyin edən meyardır, hər nədirsə, dərin şeydir, 40 ilə adam olmayan anlamaz.
Firuzə xanımla 40 il əvvəl tanış olmuşam. 10 ildə Firuzə xanımla heç 10 dəfə görüşməmişdim. “Salam”. “Əleykümsalam”.
Vəssalam. 90-ların əvvəllərində Firuzə xanım Yazıçılar Birliyinə əvvəlkindən çox gəlməyə başladı. Onda ölkə də darmadağın idi/ Birlikdə kağız-qələm də sayhesabı idi, qışda soyuqdan donur, yayda istidən yanırdlq. İşə 5-6 nəfər fədakar mədəniyyət işçisi gəlirdi. Yerdə qalan ayda bir dəfə gəlirdi, Sədaqət xanımın qapısından gəlib qayıdırdılar.
Belə bir ağır zamanda biz Firuzə xanımla əməkdaşlığa başladıq. Son dərəcə ağır təbiətli, ciddi Firuzə xanımın dodağını qaçırana Nobel mükafatı düşürdü. Mən də ağır təbiətliyəm, dayyy bu qədər də yox daaa. Amma məndə hissiyyat güclüdür, hiss edirdim ki, bu sərt, səbrsiz qadının daxilində isti bir nüvə var, onun üzdən geyindiyi gülləkeçirməz zirehli qılaf o istiliyi hər kəsə hiss etdirməmək üçündür. Son 30 ildə mən o istiliyi dəfələrlə hiss etmişəm, mən onu çox güldürmüşəm, o məni çox güldürüb, nələrəsə gülüb keçmişik, nələrsə bizi üzüb və biz üzüntüləri paylaşmışıq.
Firuzə xanım mənim üçün bir dərsdir, təcrübədir. Onun sayəsində öyrəndim ki, sərt insanlar etibarlı olurlar, üzünə gülən insan kürəyindən vura bilər, qılıq nümayiş etdirən insanlar ayağının altını qazıyar, hər şey mənfəətlər toqquşanacandır. Firuzə xanım bambaşqadır. Firuzə xanımın adı çəkilən yerdə mənfəət kəlməsinə yer yoxdur. Məğrurluğu seçən Firuzə xanım atasının evində nə yeyibsə, odur, həyatda maddi nəyi varsa, öz zəhmətilə qazanıb. Əslində insan hər şeyi mənəviyyatı ilə qazanır, çox var-dövləti mənəviyyatdan kasad adamlar qazanırlar. Mənən zəngin insanın uzaqbaşı bir evi olar, bir maşını, kimdi bizdə Oskar mükafatı alan ki, qoşa-qoşa evi, bağı, maşını olsun? Firuzə xanım haqqı çatanı istəyir, onu da ürəyində. Ləyaqət, qürur, həya yüksəkdən danışmağa qoymur.
Firuzə xanım – ən dərin mətləblərdən, dünyanın dərdindən-sərindən, çərxi-fələyin dönməsindən, şeirdən-sənətdən danışmağa doymadığım insan! Tarixi tarixçilərdən, fəlsəfəni filosoflardan çox bilən, eyni zamanda ən sadə təzahürlərə uşaq kimi şaşıran, hərdən aldanan, mənim üçün apaydın insan – Firuzə xanım. 10 yanvar doğmalarımın ad günü qədər ürəyimin isti yerindədir. Bu gün həyatıma məna qatan, ömrümə işıq saçan, birgə addımlamaqdan usanmadığım, dost, sirdaş, silahdaş bildiyim Firuzə xanımın ad günüdür.
Ürəyim doludur, hamısını demirəm, inşallah gələn ad gününə də söz qalsın.Firuzə xanım, ad gününüz həqiqətən mübarəkdir. O gün dünya fövqəladə bir insan, üstəlik də böyük bir şair qazanıb. Bir insan kimi bəlkə də çoxları sizi tanıya bilməyib, amma şeirləriniz göz önündədir, şeirləriniz elə sizin özünüzsünüz – bənzərsiz, təkrarsız, sərt, səmimi, istiotlu şəkər, adi şeylərə səbrsiz, dağdan ağır dağlara dözümlü.
Ad gününüz mübarək! Neçə-neçə illərə, beləcə, Firuzə xanım, beləcə…

