Serial çəkmək, yoxsa serialdan pul çəkmək? VCA və YYSİB sədri, ekspert Aydın Xan Əbilovdan sərt tənqid

“Ötən əsrin 70-ci illərindən etibarən reklam xarakterli aksiyaların bir forması olaraq teleseriallar çəkilməyə başladı. Dünyanın müxtəlif ölkələrində xüsusən Avropa ölkələrində və ABŞ-da incəsənətin bu yeni, modern, sintetik janrı get-gedə inkişaf etməyə başladı. İlkin vaxtlarda bu seriallar ancaq öz ölkələrinin telekanallarında göstərilməsi üçün nəzərdə tutulmuşdusa, daha sonralar bundan yaxşı gəlir götürmək imkanını görərək teleserialların həm kəmiyyət, həm keyfiyyət, həm də estetik imkanlarını yaxşılaşdırıb film və televiziya sənayesinin bir müştərək variantı olaraq ondan ixracata yönəlik, kreativ məhsul kimi də istifadə etməyə başladılar”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Rusiyada televiziya seriallarının istehsalı və geniş nümayişi, o cümlədən də Braziliya, daha sonralar Amerika və Türkiyə seriallarını rus dilində tərcümə edib keçmiş SSRİ-yə daxil olan ölkələrdə yayımlayaraq bu sahənin inkişafına xüsusi təkan verdi: “Əslində Azərbaycanda bu və ya digər dərəcədə müasir teleserialların ilkin variantı sayıla biləcək çox seriallı televiziya filmləri və televiziya tamaşaları var idi. Amma onlar klassik teleserial estetikasına tam cavab vermirdi. Azərbaycanda türk, Hindistan və Braziliya seriallarının nümayişi bu sahəyə böyük təkan verdi. Nəhayət 90-cı illərin ortalarından etibarən Azərbaycan öz seriallarını çəkməyə başladı. 30 ilə yaxındır gözləyirdik ki, Azərbaycan teleserial sənayesi kreativ, mədəni sənayesinin bir hissəsi olaraq sürətlə inkişaf edərək kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğrayaraq nəinki Azərbaycan tamaşaçısını, həm də 50 milyonluq Azərbaycan dilli mədəni mühiti, 300 milyona yaxın türkdilli tamaşaçılarını maraqlandıracaq seriallar istehsal edəcək. Hətta milli kino və serial sənayesinin xarici seriallardan qorumaq üçün cənab Prezident İlham Əliyev dəfələrlə həm xüsusi sərəncamlar vasitəsilə, həm də televiziya serial istehsal edən şirkətlərə pul vəsaiti ayırmaqla mədəniyyətimizin bu yeni qolunun inkişafına təkan verə biləcək addımlar atdı. Bu nəticədə Azərbaycan teleserialları inkişaf etməyə başladı. Amma bu sürət bizi qane etmir”.

Aydın Xan Əbilov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan ilə Türkiyə teleserial mədəniyyətini müqayisə edəndə qardaş ölkənin 100 milyonlarla büdcəsi olan bir sənayesi olduğunu görürük: “Amma Azərbaycanda hələ də teleseriallar zəif inkişaf edir. Bizim teleserialların mövzusu məhəbbət, cinayət, narkotika, gəlin-qaynana, yeznə-qaynata münaqişəsindən o tərəfə gedə bilmir. Teleseriallarımıza nəzərə yetirdikdə görürük ki, ictimai əhəmiyyəti az olan çox sayda teleseriallarımız var. Azərbaycan teleserialları aktyor heyəti ilə bağlı müəyyən problemlər yaşayır. Onlar nə görünüş baxımından, nə də danışıq baxımından televiziyaya uyğun deyillər. Qeyd etdiyim bir çox nüanslar bizim teleserial məkanının boşalmasına səbəb oldu. Teleseriallar insanların duyğularını, hisslərini yaşaya bilmədiyi, yaşamaq istədiyi romantik hafisələri özündə əks etdirməlidir ki, tamaşaçıya daha yaxın gəlsin. İkinci tərəfdən estetik və bədii həlli, üçüncü tərəfdən texniki və çəkiliş imkanları baxımından tamaşaçını heyrətləndirməyi bacarmalıdırlar. Ən əsası da ictimai, tarixi əhəmiyyət kəsb edən bir çox hadisələri, həmçinin məişət səviyyəsində baş verən hadisələrin sintezini verməklə tamaşaçıları teleseriallara cəlb edə bilərlər, milli teleserial sənayesini inkişaf etdirə bilərlər”.

Arzu Qurbanzadə

https://sia.az/az/news/social/921085.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir