Tatu: yüngül həyat tərzi, məhbəs həyatı, gözəllik, yoxsa xəstəlik? Aydın Xan Əbilov və ekspertin fərqli mövqeləri
Döymələr (tatu) çox qədim zamanlardan insan bədəninə həkk edilir. Bir çoxumuzun bunlardan xəbəri yoxdur: məsələn, tapılan ən köhnə tatu izi, günümüzdən 8000 il qədər öncə, bugünkü Peruda (Cənubi Amerika) yaşayan bir qəbiləyə aiddir. Döymə iynəsi bədənə hər girişində, bir deşik açır və bədəndə yara izi qoyur. Bu da normal olaraq bədənin qoruyucu sistemini işə salır və müdafiə hüceyrələri iynənin girdiyi yara hissəsinə dolub, yaranı sağaltmağa çalışırlar. Bəs bu prosesin belə ağır olmasına baxmayaraq niyə insanlar arasında tatu bu qədər geniş yayılıb? Məsələ ilə bağlı ekspert və tənqidçilərin rəyini öyrəndik.
“Tatu və ya bədən döymələri bədənin müxtəlif əzalarında müəyyən şəkilləri xüsusi üslubla həkk etməkdir. Bu müxtəlif zamanlarda cəmiyyətin bir çox qruplarının özünü ifadə etmə forması kimi meydana çıxıb. Vaxtilə buna damğa da deyilib” . Bu sözləri SİA-ya açıqlamasında VCA rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, quldarlar qullara damğa vururdular: “Eyni zamanda maldarlıqla məşğul olanlar da heyvanlara damğa vururdular. Bunun sayəsində onları fərqləndirə bilirdilər. Amma dövr keçdi və bir müddət sonra artıq dəniz quldurları tərəfindən qollara və bədənin müxtəlif hissələrinə həkk edilən yazılar müxtəlif mənalar verirdilər. Xüsusilə də 20-ci əsrin ortalarında ABŞ-da, Fransada olan bəzi hərəkatlar zamanı bir növ dəb olmağa başlayıb. Keçmiş SSRİ və MDB ölkələrində tatu daha çox quldurluq etmiş, müxtəlif səbəblərdən həbsxanaya düşmüş, zindan həyatı yaşayan və əsgəri xidmət zamanı ailəsində olanların, sevgililərinin adlarını, baş hərflərini rəsm şəklində verirdilər. Əsrin axırlarına doğru isə artıq böyük bir incəsənət sahəsi istiqamətinə çevrilməyə başladı. Hazırda da dünyanın hər bir yerində tatu böyük bir kütləni əhatə edir. Tatu bədən rəsmləri, yazıları ilə bağlı müxtəlif istiqamətlərdə incəsənətin bir çox qolları üzrə inkişaf etməyə başlayıb. Kommersiyalaşma isə 20-ci əsrdən sonra özünü göstərməyə başlayıb.
Bu sahənin yaxşı pul gətirdiyini görən şəxslər də bir çox aksiyalar keçirtməyə başladılar. Bir çox məhşurların, idmançıların və digər üzdə olan incəsənət xadimlərinin bədəninə tatular çəkməklə bu sahəni xüsusi biznesə çevirdilər. Daha sonra isə orta və aşağı təbəqə daha çox isə gənclər və yeniyetmələr arasında bu proses dəb oldu. Eyni zamanda həm qızlar və oğlanlar indi isə kişi və qadınlar bədənin müxtəlif hissələrinə tatu vurduraraq özlərini başqalarından fərqləndirməyə çalışırlar. Bu tatular istər açıqda, istərsə də bədənin gizli hissələrində ola bilər.
Bildiyimiz kimi uzun müddət dövlət qurumlarında və rəsmi orqanlarda dərisində tatu olan şəxsləri işə götürməyə həvəsli deyildilər. Bir çoxları hətta tələb edirdi ki, müxtəlif formada qollarda, əllərdə və barmaqlarda olan tatular silinsin. Bundan sonra işə götürülmənin mümkün olacağı bildirilirdi. Bu da böyük bir problem yaradırdı. Tatu vurdurmaq dəriyə bir cür təsir edir, hər dəri də onu qəbul etmir. Hətta bu müxtəlif xəstəliklərə, dəri xərçənginə də gətirib çıxara bilər. İlkin vaxtlarda bu belə idi. Daha sonra isə tatu sənəti inkişaf etdikcə, onun mürəkkəbləri yeniləndi daha da mükəmməlləşdirildi. Buna görə də bu təhlükələr də nisbətən azaldı. Digər tərəfdən isə indi artıq dövlət qurumlarında rəsmi adamların da qollarında, sinələrində və s. tatu görmək mümkündür. Xüsusilə də gənclərdə daha çox rast gəlinir.
Tatunun istiqamətləri də fərqlidir. Bir çox Avropa ölkələrində intim yerlərdə, cinsi orqanlarına belə tatu vurduran şəxslər var. Hətta Yaponiya, Asiya ölkələrində bədəninin bütün hissələrinə tatu etdirən insanlar mövcuddur. Özünü pişiyə, ayıya, müxtəlif bitkilərə oxşadan hətta meymun obrazında belə tatu etdirən insanlar var. Hətta bu şəxslər bəzən sosial şəbəkələrdə trend belə olurlar. Əlbəttə bu insanların psixologiyasında müyyən problemlər var. Bu cür insanlar özlərini belə sevdiklərini və bunun heç kimə bir ziyanı olmadığı kimi, heç kimi əlaqələndirmədiyini də bildirirlər.
Təbiidir ki, ilk baxışdan əgər insanlara heç bir mənfi təsiri yoxdursa, biz də onlara mane ola bilmərik. İncəsənətin daha çox zövq və estetik baxımdan gül-çiçək təsvirləri hər hansı bir ata-ananın, dostunun şəklini və yaxud da itirməkdə olduğu heyvanının rəsmlərini tatu etdirən şəxsləri hardasa başa düşmək olar. Onlar bununla cəmiyyətə mesajlar verirdilər.
Amma müxtəlif dini təriqətlərin təsiri altında müxtəlif xarici qüvvələrin təsiri nəticəsində göz, piramida, masson işarələrini və yaxud bu yönümlü müxtəlif yazıları bədənlərinə tatu etdirib, bunu sosial şəbəkələrdə göstərən artıq təhlükə mənbəyi sayıla bilər. Bunların artıq açıq səmada, cəmiyyət içərisində olduqları zaman mütləq həmin tatuların bağlanması tələb edilməlidir. Çünki bu yeni nəslin nümayəndələrinin, uşaqların mənəvi tərbiyəsinə mənfi təsir göstərə bilər. Narkotik maddələrin şəkillərindən tatu kimi istifadə edən və bu formada cəmiyyətə çıxan şəxslər ictimai qınağa məruz qalmalıdırlar. Çünki bu formada onlar narkotik maddələri, həbsxana həyatını və s. təbliğ edirlər. Belə insanlar isə mütləq cərimələnməlidirlər ki, onlar bu cür tatularını açıq-aşkar şəkildə təbliğ edə bilməsinlər.
Tatuların həm qadın, həm kişilər arasında son vaxtlar dəbə minməsi biraz da quldarlıq və feodolizmin qalığı kimi təzahür edib. Eyni zamanda bunun xristianlıqda, şiəizmdə öz izləri var. Şiə müsəlmanlarımız Məhərrəmlik aylarında öz bədənlərinə ziyanlar vururlar. Əslində bunlar da tatunun bir növüdür. Xristianlıqda isə İsa Peyğəmbərin ardıcıllarında da rast gəlmək mümkündür. Bu şəxslər isə öz bədənlərinə İsa Peyğəmbər necə çarmığa çəkildiyi zaman olan görüntüsü ilə bağlı tatular da etdiriblər. Bununla isə həm özlərinə, bədənlərinə əzab verirlər, həm də cəmiyyətin ümumi mənəviyyatına mənfi təsir göstərirlər. Əslində tatunun estetik bir sənət nümunəsi olaraq digərlərindən fərqləndirmək üçün hər hansı bir sevdiklərinin rəsmini tatu etdirdikdə bunu qəbul edə bilərik. Lakin digər mənfi yönümlü olan tatuları qəbul etmək mümkün deyil”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, İslamşünas Hacı Ağasəid Yaqubovun da fikirlərini öyrəndik.
Onun sözlərinə görə, İslam demək olar ki, həyatımızda hər bir məqama, nüansa öz münasibətini bildirir: “Allah-təala “Qurani Kərim”də bildirir ki, hər bir iş üçün açardır, açıqlama verən bir kitabdır. 1400 il ötməsinə baxmayaraq, biz İslamı keçmiş, qədimiləşmiş bir din kimi hesab etmirik. Dünyada istənilən sahədə nə qədər inkişaflar baş verirsə, bir o qədər də İslam bu inkişafla ayaqlaşmağı bacarır. Müasir dövrümüzdə bəzi məqamlar olur ki, İslam dini baxımından açıqlama tələb edir.
Eyni zamanda da tatu insanı insanlıq simasından çıxartmasına səbəb olmamalıdır. Din tərəfindən baxdıqda isə insan öz bədəni üzərində bu prosesləri etdirdikdə bilməlidir ki, əgər ibadət əhlidirsə, dəst-namaz, qüsul kimi işləri gördükdə dəri üzərində maneə yaratmamalıdır. Digər bir tərəfdən ola bilər ki, tatu vasitəsilə hər hansısa rəsm, dini atributlar bədən üzərində çəkilərsə bu da dinə ehtiramsızlıq kimi qiymətləndirilir. Buna görə də insanların Quran ayələri, Allah adlarını bədənlərinə yazmaları icazəli deyil. Buna görə də tatu etdirdikdə bu cür nüanslara diqqət etmək lazımdır. Ümumilikdə isə dəri altında müxtəlif rənglərlə bəzəklər etdirmək icazələdir, xüsusi bir qadağa yoxdur. Lakin digər qeyd etdiyim məqamlar zamanı isə icazəsizdir”.
Səbinə Hüseynli, https://sia.az/az/news/social/920833.html