Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas dayağı. Hüquq eksperti İsmayıl Zalov yazır
Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri şəffaf məhkəmə sistemi sayılır. Hər bir demokratik dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu məhz məhkəmələr oynayır. Azad və şəffaf məhkəmə sistemi hər bir dövlətdə demokratik islahatların, hüquqi dövlət quruculuğunun ölçü meyarı sayılır. Azərbaycanda da son illərdə bu istiqamətdə bir çox mühüm işlər həyata keçirilib.
Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb. Hazırda Azərbaycanda birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi və yerli iqtisad məhkəmələri, həmçinin, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə və Ağır Cinayətlərə dair İşlər Üzrə Hərbi Məhkəmə fəaliyyət göstərir. Kassasiya instansiyası məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibində 4 məhkəmə kollegiyası – Mülki işlər üzrə, Cinayət işləri üzrə, Hərbi məhkəmələrin işləri üzrə və İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası var. Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.
Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq bu sahədə mütəmadi islahatlar həyata keçirilir. Bu islahatlar ölkə vətəndaşlarının hüquqlarının daha təkmil şəkildə qorunması, təmin edilməsinə yönəlib.
Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı il 21 fevral tarixli sərəncam ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb. Azərbaycan prezidentinin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanı əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli olub. İctimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Ulu öndərin məhkəmə-hüquq sistemində əsasını qoyduğu mütərəqqi islahatları inamla davam etdirən dövlət başçısı İlham Əliyev sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

