Uşaqlar arasında yayılan virus çaşqınlıq yaradır. “Omikron” sonuncu ştam olacaq, yoxsa…

İnfeksionist: “Son günlər uşaqlar arasında yayılan virus adi qrip – “influenza” virusunun A və ya B ştamıdır”

Azərbaycanda koronavirusa yoluxma dinamik şəkildə enməyə doğru gedir. Yazını hazırladığımız zaman bəlli olan statistik göstəricilərə görə, ölkəmizdə COVİD-19 infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Bəs görəsən, yoluxma sayının qəfil artması mümkündürmü? Ölkə kütləvi peyvəndləmə baxımından yeni ilə hansı göstərici ilə girdi? Kollektiv immunitet nə vaxt yaranacaq?

Son günlər isə əhali arasında yayılan virus infeksiyası narahatlığa səbəb olub. Əsasən də uşaqların ağır simptomlarla, yüksək hərarətlə keçirdiyi virus sürətlə yayılmaqdadır. Əksər insanlar bildirirlər ki, koronavirus infeksiyasına qarşı test versələr də, nəticə “neqativ” çıxır. Sual olunur ki, bəs bu hansı virusdur?

Bu arada, Fransanın cənubunda koronavirusun yeni ştamı aşkarlanıb. Bu barədə Avstriyanın “Heute” qəzetinin elektron versiyası məlumat yayıb. Nəşr qeyd edib ki, naməlum ştam Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb. Mütəxəssislər virusun bu ştamının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb. Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Amma “Omikron”un  sonuncu ştam olacağını deyənlər də var idi. Yeri gəlmişkən, koronavirusun “Omikron” ştamı ilə yoluxduqdan sonra dünyasını dəyişən Danimarka sakinlərinin sayı 18 nəfər olub. Bu barədə yerli Dövlət Dərman Vasitələri İnstitutu məlumat yayıb. Qeyd olunub ki, həmin dövrdə yeni ştamla 55 700 yoluxma halı aşkar edilib. Eyni müddət ərzində COVİD-in digər məlum variantları səbəbindən 100 ölüm qeydə alınıb.

Mövzu ilə bağlı “Yeni Müsavat”ın bu və digər suallarına tanınmış ekspertlər fikirlərini açıqlayıblar.

Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi  qorunma qaydalarına ciddi riayət etməkdir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Nilufər Məmmədova

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova mövzunu belə şərh edib: “İndidən yoluxma sayının qəfil artmasını inkar edə bilmərik. Çünki nəzərə alaq ki, ”Omikron” ştamı Azərbaycanda hələ təsdiqlənməyib. Bu ştam Azərbaycanda aşkar olunarsa, məntiqi olaraq yoluxma sayında artım gözlənilir. Ona görə də bu haqda yalnız “Omikron” ştamı Azərbaycana gələrsə, danışmaq, düşünmək olar. Yalnız o halda yoluxma sayında qəfil artım gözləmək olar. Ölkəmizdə kütləvi peyvəndləmə baxımından konkret bir göstərici deyə bilməsək də, insanların arasında ağır xəstəliyin azalmasını gördüyümüz üçün bu barədə düşünə bilərik ki, burada vaksinin çox böyük rolu var. Ümumiyyətlə, son aylarda bütün dünya üzrə xəstəliyin ağır gedişli formasının yayılması azalıb. Bu da immunlaşmanın effektini göstərir.

Kollektiv immunitet o zaman özünü doğruldur ki, bir ştama qarşı kollektiv immunitet yaransın. Nəzərə alsaq ki, virus ciddi dəyişikliklərlə xarakterizə olunur, burada kollektiv immunitet öz əhəmiyyətini itirməyə başlayır. Kollektiv immunitet yalnız bir ştama qarşı effektiv olur. Bu da əslində yaxşı bir haldır ki, ən azından yeni ştam gəldiyi zaman bir neçə ştamın bir-birinə qarışmasının qarşısı alınmış olur. Yəni insanlar kütləvi vaksin olunduqda və ya insanlarda hər hansı ştama qarşı kollektiv immunitet yarandıqda növbəti ştam gəldikdə artıq köhnə ştam öz əhəmiyyətini itirmiş olur. Daha çox yayılmanın qarşısı alınır. Amma yeni ştamlar meydana çıxdığı üçün hazırda biz kollektiv immunitetin növbəti ştamlarda necə nəticə göstərəcəyini bilə bilmərik. Bu gün kütləvi xəstələnən insanların növbəti yeni virus variantı meydana çıxdığı zaman o xəstəliyə yoluxub ağır keçirəcəyini öncədən proqnozlaşdıra bilmərik. Hər bir halda vaksin olunmaq və qorunma qaydalarına yenidən ciddi riayət etmək lazımdır. Yeni çıxan ştamlar haqqında yalnız Ümumdünya Səhiyyə Təşkilatı təsdiqlədikdən sonra və ona aid məlumatları paylaşdıqdan sonra danışmaq doğru olardı. Digər hallarda xırda, mutant variantların meydana çıxması həmin variantlarda yeni mutasiyaların müəyyən olunması mütəmadi olaraq baş verəcək. Bu, gözlənilən bir haldır. Çünki unutmamalıyıq ki, koronavirus daima mutasiyaya uğramağa meylli olan bir virusdur”.

İnfeksionist koronavirusun yeni ştamından qorunmağın yollarını açıqlayıb |  Report.az

Mərdan Əliyev

Həkim-infeksionist Mərdan Əliyev bildirib ki, hazırda yoluxma sayı enməyə doğru gedir, epidemioloji vəziyyət stabildir: “Amma digər kəskin respirator virus infeksiyaları yayılıb, qripə oxşar infeksiyalar var. Koronavirusla bağlı vəziyyət hazırda stabildir və enməyə doğru gedir. Aktiv xəstə sayında da xeyli azalmalar var. Amma ”Omikron” ştamı hələ Azərbaycanda aşkar olunmayıb. Yoluxma sayı da bunu deməyə əsas verir. Amma ölkəmizdə olsa, təbii ki, Avropada olduğu kimi, bizdə də sürətlə artma müşahidə edəcəyik. Amma hələ ki vəziyyət sabitdir. Nəzərə alsaq ki, üzü yaya gedir. Bizdə indi qış aylarından yanvar, fevral və mart ayları qalıb. Bu ayları ötürsək və “Omikron” ştamı nə qədər gec gəlsə, o qədər xeyrimizədir. Əgər bizdə tez bir zamanda aşkarlanarsa, yoluxma sayının sürətlənməsi çox olacaq. Çünki qış aylarıdır, indi yoluxmanın artması üçün əlverişli şərait var”.

Əliyev yeni B.1.640.2 ştamı barədə məlumat da verib: “Bu virus variantına ad hələ şərti qoyulub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ onun adı müəyyən olunmayıb. Yəqin ki, ”Omikron” dan sonrakı yunan əlifbasının hərfi olacaq. Bunun yoluxma qabiliyyəti, fəsadı, tam olaraq hansı genetik quruluşa malik olması, strukturu hələ öyrənilməyib. Buna görə də yeni ştam barədə bir söz deyə bilmirik. Amma “Omikron” son ştam da ola bilər. Çünki yeni deyilən bu ştam “Omikron”dan əvvəl yaranmış ola bilər. Ola bilər ki, yoluxuculuq qabiliyyəti zəif olub deyə gec aşkar olunub. Bu ehtimal da var”.

Azərbaycanda “MU” ştammının yayılma təhlükəsi

 Könül İsmayılova 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da bildirib ki, hazırda dünyada 4.5 milyard insan vaksinasiya olunub. Lakin, vaksinasiya olunmuş insanların faizi bütün ölkələr üzrə eyni deyil: “Hazırda məlum olan fakt odur ki, ”Omikron” ştamı “Delta”dan da  4 dəfə sürətlə yayılır və inkubasiya dövrü daha qısadır (72 saat). Lakin ağır hospitalizasiya halları və ağciyər zədələnmələri “Delta” ilə müqayisədə aşağıdır. Mutasiyalara gəldikdə isə bu, viruslara xas bir xüsusiyyətdir, yeni bir hal deyil, hazırda qış fəsli olduğu üçün digər yuxarı tənəffüs yolları infeksiyasına da təbii olaraq rast gəlinir.

Vaksinasiyanın tətbiqi davam etdirilsə belə, infeksiyanın yayılmasının qarşısını almaqda qeyri-farmasevtik tədbirlərin rolu yenə də əhəmiyyətlidir. Maskalar və fiziki məsafənin müsbət təsiri danılmazdır”.

“Son günlər uşaqlar arasında yayılan virus adi qrip – ”influenza” virusunun A və ya B ştamıdır”.

Bunu açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.

Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, “influenza”nın A və ya B ştamları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.

Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: “Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülər, həm də lazımi müayinə-müalicə üsulu vaxtında həyata keçirilər”.

V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: “Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur”.

Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: “Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yoluxmaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir