Azərbaycan Prokurorluğunun xalqının etimadını doğrultmaq üçün inamla fəaliyyəti
Azərbaycan milli Prokurorluğu fəaliyyətə başlamasından ötən bir əsr ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçib. Prokurorluq orqanları bu dövrdə millətə və dövlətçilik ideyalarına sədaqət nümayiş etdirib, qanunçuluğun möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətlər göstərib.
Ulu öndər Heydər Əliyev prokurorluğun fəaliyyətini daim yüksək qiymətləndirərək, hər il oktyabr ayının 1-nin respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair sərəncam imzalamaqla, həm də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə prokurorluq qurumunun təsis olunması tarixini əbədiləşdirib.
Azərbaycan Prokurorluğu xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin önündə olmaqla çox çətin və mürəkkəb, həm də şərəfli bir yol keçərək müasir inkişaf səviyyəsinə çatmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə xalqına və dövlətinə sədaqətlə xidmət etmiş, insan hüquq və azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizəyə, hüquq sisteminin təkmilləşdirilməsi işinə öz layiqli töhfələrini vermişdir. Müstəqillik dövrünün ilk Konstitusiyasında ölkənin dövlət quruluşu sistemində prokurorluğun yeri məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirilməklə bu mühüm dövlət orqanına xüsusi bir maddə həsr edilərək onun statusu, təşkili və fəaliyyəti ilə bağlı əsas məqamlar öz əksini tapmışdır.
Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq demokratik məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Həyata keçirilmiş hərtərəfli islahatlar nəticəsində mövcud olmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, Baş Prokurorluğun sıralarının saflaşdırılmasına, müasir tələblər səviyyəsində işləmək iqtidarında olan yüksək peşə hazırlıqlı, qabiliyyətli və bacarıqlı kadr tərkibinin formalaşdırılmasına, xalqın və dövlətçiliyin maraqlarına üstünlük verilməklə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyinə, obyektivliyə, qərəzsizliyə və faktlara əsaslanmaqla prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur.
Hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməli, özünü qanundan yüksəkdə tutmamalıdır. Bu məsələdə inzibati orqanlar prinsipial mövqeyi ilə seçilməlidir.
Azərbaycanda qanunun aliliyi başlıca şərtdir. Biz hüquqi dövlətdə yaşayırıq və qanun hamı üçün qanun olmalıdır. İstər o, adi vətəndaş olsun, nazir olsun, yaxud da siyasətçi olsun. Ona görə bütün bu məsələlərə həmin prizmadan yanaşmaq lazımdır. Əgər kimsə Azərbaycanda qanunazidd hərəkətlər edirsə, şübhəsiz ki, bunun da qarşısı alınır və alınacaqdır. Qanun hamı üçün eyni olmalıdır. Çünki Prokurorluq dövlətçiliyin möhkəmləndirilməsində mühüm təsisatdır.
Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur.
Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir.
Xüsusilə qeyd edim ki, Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti demokratik standartlara uyğundur. Çünki Prokurorluq orqanlarının əsas hədəfi qanunun aliliyinin təmin olunmasıdır.
Hazırda Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəaliyyətinin cənab İlham Əliyev tərəfindən irəli sürülən tələblərə müvafiq olaraq müasir dövrün standartlarına uyğun keyfiyyətcə yeni səviyyədə qurulması üçün çoxsaylı tədbirlərin həyata keçirilməsi işi uğurla davam etdirilir. Azərbaycan Prokurorluğunun kollektivi möhtərəm Prezidentin rəhbərliyi altında reallaşdırılan dövlətçilik siyasətini hərtərəfli dəstəkləyərək cənab İlham Əliyevin inamını və etimadını şərəflə doğrultmaq üçün əlindən gələni əsirgəməməklə dövlətçiliyimizin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində və xalqına xidmətdə yeni-yeni müvəffəqqiyyətlər qazanmağa çalışır və bundan sonra da bu istiqamətdə inamla fəaliiyyət göstərəcəkdir.
Bu gün hər bir prokurorluq işçisi Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin sessiyasındakı konseptual məzmunlu çıxışında ifadə olunmuş, ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmənin və sosial rifahın təmin edilməsinə, BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında roluna və digər məsələlərə dair dövlətin prinsipial mövqeyini tam dəstəkləyərək öz gündəlik fəaliyyətləri və əməyi ilə ölkəmizi daha da gücləndirməyə çalışır. Və bu ilk növbədə hər bir vətəndaşın öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək, Vətənə sədaqətlə xidmət etmək öhdəliyindən irəli gəlir.
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, fəaliyyətinin ölkədə qanunçuluğa əməl olunmasına səfərbər edilməsində səylərini daim artırır.
Prokurorluq işçilərinin fəal vətəndaşlıq mövqeyi ildən-ilə yüksəlir. Onlar Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən və müdrik dövlət siyasətinə daim sadiq qalaraq, ölkədə aparılan böyük quruculuq işlərində, demokratik dövlətin və hüquq sisteminin inkişaf etdirilməsində yaxından iştirak edirlər.
Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən əsl vətənpərvər insan və dövlət xadimidir. Kamran müəllim, öz fəaliyyətini dövlətimizin başçısı İlham Əliyevin müasir tələbləri səviyyəsində quraraq, bütün səylərini dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə sərf edir.
İsmayıl Zalov
Hüquq Eksperti…