Güney Azərbaycan ədəbiyyatında ilk: maraqlı elmi-fantastik əsər
Dünya ədəbiyyatının ən çağdaş janrlarından biri də bilgisəl- fantastikadır. Bu ədəbi janr insanın fantaziya gücünü ədəbi-bədii imgələr ilə sintez edib roman, hekayə, və başqa biçimlərdə oxucunuIn fantaziya ilə bilik marağını qıcıqlayıb çəkərək gözünün önündə adi, gerçək dünyadan çox ötədə bir dünya, bir yaşam dənəyi sərgiləyir. Sözsüz bu janr başqa janrlar ilə qarışıq biçimdə də gələ bilər. O cümlədən insanın universal qavrayışı, ortaq duyğuları, romantikası, aradşdırıcılıq hissi və arketipəşmiş başqa ortaq dəyərləri də bu janrda qaçılmazdır. Bu janrın yazıçısı, başqa janrlaın yazıçıları kimi, oxucunu öz təcrübələrini yaşatmaq, həzz almaq, anlam ardıca çəkmək, bilgisini genişləndirib dərin düşüncə və aydınlıq vermək, eyni halda əxlaqi dərs də vermək ola bilər. Bu amaca çatmaq üçün yazıçı öz bacarığı və blgisindən yararlanır. Amma bu janrın ən böyük cəhəti yazıçının təməl bilgilərdə dolğun savadı olması bir gərəkdir.
Bu janrın ən qabarıq ustalarından 1919da Tataristanlı müsəlman türk ailəsində anadan olan, Amerikanın Boston universitəsinin profesoru olan, biokimya alimi, İshaq Əzimovu adı ən başda gəlir. O 500-dən çox kitabın, 90,000-dən çox məktub və postkartın yazanıdır. Bu böyük alim yazıçı 1992-də dünyasını dəyişir. İkinci yerdə isə Artur C. Clarkı ad aparmaq olar. Bu janrı başlayan yazıçılardan biri də Jul Verndir. Azərbaycan ədəbiyyatında isə Anarın Ağ Qoç Qara Qoç əsəri bu janrı təmsil edir. Amma Güneydə R. Kəbirinin Yerdən Uca Torpaq əsəri ilk addım sayılır.
Kitabın üzündəki dizayn təqdirə layiqdir və Vüqar Ağayini bu başarılı işinə görə təbrik etmək gərəkir. Amma mətndə olan saysız qramatik və yazı yanlışları H. Bəxşmənd, Redaktorun bu işdə heç səriştəsi olmamasını açıqcasına göstərir. Kitabın mətni çox yerlərdə yazınsal ədəbi dildən uzaqlaşıb Təbriz danışıq ləhcəsinə yaxınlaşır. 7-ci səhifədən başlayaraq “Öz səsivə”, “gözlərivi”, 8-ci səhifədə “bir əlivi”, öz ekizivi”, “yatağıvın”, “başıvı balııva” terminlərində yazınsal dildə “öz səsinə”, “gözlərini”, “bir əlini”, və başqaları da “v” səsi yerinə “n” ilə yazılmalıdır. 5-ci səhifədə “klaviyələri” yerinə “klaviyə”, 7-ci səhifədə “göz tikibmiş” yox “göz tikmiş” yazılmalıydı. Bu yanlışlar qramatik yanlışdır və bir yazıçını yazıçılıq rütbəsindən məhrum etmək səviyyəsindədir. Ana dildə təhsilin olmadığı bu yanlışların qaynağıdır. Eyni halda bu təhsilin olmaması işi axsaq görməyə bəhanə ola bilməz. Yazıçılıq iddiasında olmalı hər kəs yazdığı dilin ustası olmalıdır, ona görə ki dili qoruyub yeniliklər yaradan yazıçılardır. Bu yanlışlar o qədər çoxdur ki bəri başdan kitabı səviyyədən salır. Ondan başqa tayp və durğu yanlışları da redaktorun profesional olmadığını göstərir. Bu tipdə yanlışlar daha çoxdur. Bunlara baxmayaraq kitabın mətnində ədəbiyyat sayılan yerlər də var və oxucunu maraqlandıra bilən səviyyədədir.
Kitabın adı ilə dizaynı
Bu məqalədə biz kitabın ədəbi səviyyəsi üzərində açıqlamalar verməyə çalışacayıq. Kitabı adı özü ədəbi bir istiarədir. Yerdən uca torpaq iki anlam daşıyır. Yazıçı romanı ikinci şəxs açısında yazıb. O bu teknik ilə yazıçı-oxucu birliyi yaratmağa çalışıb. Hər dəfə “sən” dedikdə muxatəbin gözü ilə onun öz fantaziya gücünə barmağı vurğulayır.
Karakterlər
Karakter baxımından üç əsli qəhrəman var: RAVİ, SƏN YA MUXATƏB, MÜNƏCCİM. “Ravi” yazıçının şüuru arada bir vicdanı kimi çıxış edir. O tənqidçi, inadçı, sözbaz, və araya girən, özünü çoxbilən və alim tanıyıan birisidir. “Sən” yazıçının şüuraltı, fantaziya gücü, bilgin, araşdıran, güclü cinsəl duyğuları olan, özünü söz mülkünün mələkəsi bilən, göydəki Mərrixə qalxa bilən, zamanda seyr edə bilən azadlığı, təbiəti, vətəni sevən, toplumundakı olaylara diqqət göstərib tənqidçi bir qadındır. “Münəccim” isə yazıçının bilgin şüuru, az danışıb çox bilən, hövsələ ilə hər sorğuya cavab verən, öyrətmən kimi çıxış edən, göylərdən gəlmiş ideal ərkəyidir. Bu ideal ərkək siqaret də çəkir, demək yazıçı bunu normal sayır.
Romanda yazıçı fantaziya gücü ilə zamanda gəzdiyi üçün 2011də NASA məhəndisləri yaratdığı Mərrix araşdırıcı robotu, Kiyuriasitini ana kimi bir qadın görüb metal təkərlərini ana qucağı kimi görən bir karakter kimi işlədir. O bu karakteri çox vaxt Farscanın etkisi altında “Banu Kiyuriasiti” adlandırıb, amma nədənsə romanın sonunda iki dəfə “Xaım Kiyuriasiti” adlandırıb. Yazıçı zamanda gəzişə bildiyi üçün Qılqameş ilə Enkidu və bu mifin başqa karakterlərinə də işarə edib.
Quruluş ilə süjet
Romanın süjeti dörd paralel səhnədə iki çox fərqli zamanda oluşur. Yazıçı özü kitabın 113-cü səhifəsində etiraf edir ki yer üzündəki dillərdən yalnız ikisini – Türkcə ilə Farscanı bilir. O internetdə forum.avastar.com saytında Mərrixə maraqlanıb bu gəzəyəndə NASAnın yolladığı araşdırıcı robot ilə tapdığı dərəyə əlaqə göstərib Geyl dərəsi adını gördükdə beynində bu adın nəyə bənzədiyini araşdırmağa çalışır. Kitabda əslidə elə bu sorğuya cavab vermək ilə yaranır: “Gil nə anlama gəlir?” Bu sorğu Farscanln orfoqrafiyası yaratdığı tələffüzdən törənir. Farsca “گيل” yazılmış sözün ən normal tələffüzü “Gil”dir. Bir haldakı bu sözün orginal tələffüzü “Geyl”dir və avstraliyalı amator astronom, Walter Frederick Gale və onun bu dərənin yaşını sezdiyi araşdırmadan götürülüb. Hər halda yazıçı öz dediyinə görə çox fikirləşdikdən sonra “Gil … Gil … Gil … Gilgəmiş” sözü ağlına gəlir. Bu da yazıçının marağını çoxaldıb kitabxanasında olan – çox ehtimalla Qılqameş kitabının Farsca çevirməsini rəfdən götürüb oxumasına nədən olur. Beləcə yazıçı iki tərəfli oxuduqlarını bir yerə toplayıb bir roman yazmaq fikrinə düşür.
Birinci səhnə yazıçının pəncərəsi Təbrizin simbollarından olan Eynalı dağına açılan otağıdır. Yazıçı daha çox gecələr çalışır. İkinci səhnə Mərrix gəzəyənidir. Orada zaman yoxdur, ya da önəmli deyil. Üçüncü səhnə Geyl dərəsi ilə Kiyuriasiti olan yerdir. Dördüncü səhnə isə Uruk şəhəridir. Yazıçı yazdığına görə 4000 il öncəyə gedir və mifik çağlarda yaranan ilk kral, ilk mif, ilk yazısal mədəniyyət, Sumer mədəniyyətinə səhnədə işıq salır.
Süjetdəki olaylar paralel, hərdən də qarışıq gedir. Bu stil ya yazma metodu oxucunu maraqlandırmaqda uğurlu alınan stillərdən sayılır. Amma səhnələrdə gəzişmə fantaziya gücü ilə yox, yalnız otaqdakı ləptapın ekranı ilə baxıb gəzişmək əsəri bədiilikdən salıb klişə durumuna gətirir.
Janr
Səhnələrin dəyişməsi yalnız yazıçının ləptap ekranı ilə Qılqameşin kitabına baxmaq ilə dəyişir. Bu səhnə dəyişmə romanın iddia etdiyi elmi-fantastika janrına elə də çox bədii bir fantaziya gücü sayıla bilməz. Bu janrda yazıçı olanüstü səhnələr, olaylar, karakterləri düşünüb yarada bilər. Özəllikə də bu yaradıcılıq orjinal olmalıdır, yəni bu janrda deyilən olaylar ilk dəfə olur. İshaq Əzimov “uzay gəmiləri, uzay şəhərləri” anlamını özü yaradır və hələ də belə bir elmi fəlişmə üzə çıxmayıbdır. Bu haldakı ləptapın ekranında hamı NASAnın elmi araşdırmalarını oxuyub Mərrixdə çalışmaqda olan robot haqqında bilgi ala bilər. Yazıçı zaman baxımından geri qaldığına, fantaziya gücü ilə təsəvvür etdiyi bilik tapıntılarının orjinallığı olmadığına görə yaratdığı əsəri dünya səviyyəsində bir elmi-fantastika janrında olan əsər sayıla bilməsə də, güney ədəbiyyatında ilk dəfə elmi- mifik faktlar təməlində qurulmuş olduğuna görə ilk elmi-fantastik roman sayılmaq çıxarındadır. Bu üzdən təqdirə layiqdir.
Stil
Yazıçı romanı diqqətli bir rəssam kimi öz dərin fikirlərə dalmış Ravi və otağını görüntüyə çəkmək ilə başlayıb otağın, masanın üstündə olan aksesuarlar, çarpayısı, otağın pəncərəsi ilə pərdəsindən, otağın nifisindən belə marqlı ayrıntılar verməklə səhnəni yaradıb o məhdud və bağlı bir atmosferadan orada olan dizüstüsündən yararlanaraq oxucunu göylərə aparır. O səhnələri demək olar bacarıqla dəyişə bilir. Oxucu bu dəyişmələr ilə ayrı-ayrı səhnəərdə olduğu üçün darıxmır. Yazıçının otağında taysız saxsı başmaq ilə divara yapışdırdığı kağızlar onun üçün özəl önəmlidir. Saxsı başmaq pəncərədən görünən Eynalı dağının qızıl torpağına, o da Yerdən Uca Torpağa bağlantı yaradıb yazıçının torpağa ya vətənə olan sevgisini bəri başdan göstərir. Biz bu vətənsevərlik qavramını sonra romanın neçə yerində açıqca görəcəyik.
Baxış baxımından yazıçı ikinci şəxs kimi çıxış edir. İkinci şəxs onun şüuraltıdır. Münəccim ilə Ravi isə onun şüuru ilə vucdanıdır. Yazıçının şüuraltı oxucunu muxatəb tutaraq fantaziya gücünü çalışdırmaya çəkir. Oxucu mətndəki otağın, otaqdakı dizüstünün pəncərələrindən fantaziya gücü ilə göylərə ya yazıçının istədiyi vaxt ilə məkana uçmalıdır. Mətnin leksik və qramatik yanlışlarına baxmayaraq fantaziya qanadlana bilir. Yanlışlar isə iki təməl yerdən qaynaqlanır. Yazıçı bu romanı bölüm-bölüm Farsca yazıb sonra öz ana dilinə çevirib. İkinci qaynaq isə ana dildə təhsildən məhrum olmaqdır ki ağır kölgəsini bu mətndə açıqcasına sərgiləyir. Bu başarıqda insanlar ana dili təhsilindən məhrum olmasaydılar görün nələr yarada bilərdilər. Bu məhrumiyyətin ziyanlarını illərdir biz çəkmədəyik. Buna son qoymaq gərək.
Süjet baxımından isə o qoşa süjet teknikindən yararlanır. Birinci süjetdə o Münəccimin köməyi ilə dizüstünün pəncərəsindən girib Mərrixdə Kiyuriasiti xanımı axtarıb tapır və sonunda onun təkəri üstündə uşaq anasını dizləri üstündə uzanan kimi dinclik ilə arzusuna çatır. İkinci sujetədə isə Qılqameşin kitabına varıb Qılqameşin meşə qoruyucusu ilə savaşa girir, amma sonunda tanrılar qarşısında Qılqameşin ən yaxın dostu, insan olduğuna görə cəzalandırılır. Hər süjet bir qarşıdurma ilə başlanmalıdır. 1-ci süjetdə bu qarşıdurma Sən ilə Ravi arasında hərdən də Sən ilə Münəccim arasında yaranır. 2-ci süjetdə isə Sən ilə öz xəyalındakı fikirlər arasında “Gil nə anlama gəlir?” sorğusu ilə başlayıb Qılqameş anlamını tapmaq ilə yeni macaraya yol açır. Süjet sonra yüksələn olay ilə oxunun duyğularını qaldırmalıdır, bu da yazıçının xəyal gücü ilə oxuyub öyrəndikləri əsasında olayları yaradıb irəli sürür. O duyğulardan özəlliklə qoxlama duyğusundan bacarıqla yararlanır. Qadın duyğuları ilə nostalji əl-ələ verib oxucunu ardıca çəkir. Süjet toqquşma ilə başlyıb yüksələn olaylar ilə oxucunun ruhiyyəsini duyğusallıq baxımından ən yüksək nöqtəyə gətirib çatdırar. Bu nöqtəyə klaymaks ya zirvə deyərlər. Yerdən Uca Torpağın bölümlərində bu zirvəyə çatdırmaq elə də aydın görünmür. Sanki oxucu bir dağıçı kimi dağa çıxır, amma zirvəni tapa bilmədən yalnız yamaclarda gəzişəndən sonra dağın qarşı ətəyindən enib gedir. Zirvə olaydan sonra bədii bir roman ya hekayə düşən olaylar ilə oxucunun duyğularını getdikcə normal səviyyəyə endirib sonuca doğru yönəldər. Sonucda yazıçı əsərin necə qurtarması ilə hansı nöqtəyə gəlməsinə təsmim tutub əsərin əl-ayağın yığışdırar. Sonucda hər ədəbi bir əsər əxlaqi bir dərs kimi qurtara bilərw özəlliklə də heyvanları karakter seçmiş tə sil janrı belədir. Amma hər halda sonuc əsərin bitdiyi nöqtədir və oxucu bu sonucda bir nəticəyə varmalıdır. Bu əsərdə yazıçı arzuladığı sonuca – Kiyuriasitinin qollarında bir uşaq kimi uzanıb yol yorğunluğunu çıxartmaq – çatsa da oxucu üçün heç bir sonuc yoxdur. Oxucu kitabı bükdükdə deyir: “Sonunda nə olur axı?”
R. Kəbirinin ən bacarıqlı cəhəti xəyal etdikləri ilə gördüklərini ayrıntılarıyla qələminə ala bilməsidir. Bu əldəngəlmə başarılı bir yazıçı olmaq üçün yetərli olmasa da təməldir. Bu binövrəni gücləndirib üzərində sanballı bir tikinti yaratmaq üçün yaradıcı bir insan hələ çox başqa zəhmətlərə də qatlanmalıdır. Onlardan ən gərəklisi ana dilində təhsil ilə yorulmadan oxuyub araşdırmaqdır. Bu gərəklər olmadığında düşüncə yiyəsi öz düşüncəsini xalqına çatdırmaqda çətinliklərə tuş gələcək. Bu kitabda yazıçının aydın bir vətənsevər olduğu göz önündədir. O həm vətəni sevir, həm mədəniyyətini, həm vətənin təbiətini. Eyni halda toplumunda yaranan olaylara yabançı qala bilmir. Aşağıdakı örnəklər diqqətə layiqdir.
S. 22də o Mərrixin torpağından danışanda mis mədəni olduğunu sanıb belə bir deyim işlədir: “Öz Süngünümüz kimi”. Yazıçı oxucunun diqqətini Süngündən çıxarılıb Süngünə bir qəpiklik də belə fayda verməyən mis mədənindən danışır. S. 24də yazır: “Eynalının torpağıyla rəngi bir olduğu torpağa dalırsan. Hər həftə sonu darıxqanlığıvı çiyinlərivə atıb zirvəsində yerə qoyduğun Eynalı əsrlərdi Təbrizi öz ətəyinin altına alıb. İndi isə Eynalıdan uzaqda, Münəccimin kənarında dayanıb Mərrix dağlarından yuxarı qalxıb darıxqanlığıvı daş-qayalara bağırmağın gəlir.” Torpaqları eyni rəngdə olan Eynalı ilə Mərrix Eynalının Təbriz ilə Təbrizdə yaşayanlara çox önəmli mənəvi dəyərindən xəbər verir. Bu torpaq adi torpaqlara bənzəmir, onun zirvəsində yorğunluq atılır. Yazıçı başqa neçə yerdə də Eynalılın özəl önəmindən danışır. Eynalı bugün Təbriz varlığının ayrılmaz atributu, simgəsidir. Təbrizin də Azərbaycan varlığında hansı yerdə olduğunu da hamı aydınca bilir.
S. 25də yazıçı Uruk şəhəri divarları ilə qapılarından yazarkən Xoyun Qala Qapısına və hər iki qapıda daş üzərində yonulmuş aslan fiqurlarından yazır. Bu eynilik Uruk şəhəri ilə Xoy şəhərinin eyni mədəniyyət olduğunu göstərməyə çalışır və doğrudur. Başqa yerdə, s. 34də, o Azərbaycanın qanlı tarixindəki Pəhləvi faşizminin ən çirkin cinayəti, 26 Azər 1325ci günəş ili, Türkcəmizdə yazılmış dərslik kitablarımızın yandırılmasından danışır. S. 82də Urmu Gölü quruması fəlakətinə işarə edərək quruyandan sonra duz bataqlığına çevirilməsindən öz nigaranlığını bildirir. Yazıçı dərdi anladın dərmanı da beləcə bir kinayə ilə göstərir:
“Hərdən öz-özümə düşünürəm, bir gün gələcək Mərrixdən gəlib duzlu dənizinin qurumağının səbəblərini araşdıracaqlar.”
Münəccim tutqun səslə deyir:
“Coğrafiya xəritələrini varaqlasan görərsən tarix boyu qurumuş dənizlərin sayi az deyilmiş …
“Amma heç birisi bəşərin əli ilə qurumayıb ki!”
Bu səhnədə yazıçı öz münasibətini Urmu gölünün qurudulmasına görə göstərib başqa göllər dənizlər təbii nədənlər ilə qurusalar da Urmu Gölü bəşər əli ilə qurudulub deyir. Eyni halda o bu işin məsullarının laqeydliyini vurğulayaraq ümid edir ki bir gün gələcək Mərrixdən gəlib bu işin səbəblərini araşdıracaqlar. S. 101də vətən ilə torpaq haqqında yazıçı ən güclü inamını vurğulayaraq torpaq yaşamın anasıdır deyir.
Yazıçı Azərbaycanın mədəniyyəti ilə folkloruna da maraqlıdır. O yeri gələndə atalar sözlərini də düz yerində işlətməklə öz bacarığını göstərir. S. 30da iki atalar sözünü burada gətirmək yerinə düşər.
“Ağıllı adam özündən bilinər, axmaq adam sözündən.”
“Xəzəlləri külək qarışdırar, insanları söz.”
S. 38də uşaqlıq çağlarının oyununa işarə edərək folklorumuzdakı bu şeirə işarə edir:
“Göydə nə var? Ulduzlar.
Yerdə nə var? Şən qızlar.
Ulduzlar göyün qızı,
Qızlar yerin ulduzu.”
S. 74də Yazıçı Kiyuriasitinin yerişinə vurğunluğunu göstərərək deyir:
“Ah! … Necə də gözəl yerişdir onun kimi yerimək,” Deyirsən. Səsin təbiətin sakinliyinə toxunur. Mərrixin səssizliyi çatlayır. Başıvı yuxarı qaldırıb iki səyyarənin günəşinə zümzümə edib osturəvi (mifik) bir rəqsi nümayişə qoyursan. “Saçın ucun hörməzlər, gülü gönçə dərməzlər Sarı Gəlin, aman, Sarı Gəlin aman … Sarı Gəlin.”
Yaşar incəsənət örnəkləri çox dadlı və keyfiyyətli pendir kimidir. Belə pendir kiçik bir bölgədə az həcmdə düzələr amma şöhrəti çox geniş bir bölgəni bəlkə də dünyanı tuta bilər. Təbrizin balaca, ucqar Liqvan kəndidə düzələn Liqvan pendiri Azərbaycan qalsın İranın da şəhərlərində məşhurdur. Bizim Sarı Gəlin mahnımız isə musiqimizin Liqvan Pendiridir. Onun şöhrəti dünyaya yayılmış. Yüksək stilli ədəbiyyat yaratmaq fikrində olan bir yazıçı bu həqiqətə göz yuma bilməz. Ona görə ki bu biçimdə işlər bütün dünya xalqlarının estetik səliqəsi ilə uyğun gəlir və arxetipləşib.
Feminist Yanaşma
Yazıçının vətənsevərlik çalarlarından başqa feminist yanaşması da daha artıq diqqətə layiqdir. O öz feminist yanaşması ilə neçə cəhətdən bu əsərdə qadın ruhunun çalarlarını göstərməyə çalışıb və demək olar Yerdan Uca Torpağın ən güclü və ən dəyərli ədəbi cəhəti də elə bu yanaşmadır. Ən qabarıq bölümlər isə onun ərkək karakterlərə yanaşması və onları imgələməsidir. Karakterləri tanıtdıranda o hər karakterin fiziki görkəmini qadına önəmli olan santimantalizm ilə imgələyir. Bu imgələrdə o öz içindən gələn qadınlıq duyğularını çox cəsarət ilə senzuraya uğratmadan açıqlayır. Bu baxımdan R. Kəbiri bu tayda feminist ədəbiyyatının bir avanqard nümayəndəsi kimi çıxış edir. Onun yaşadığı toplumda qadın normal və doğal haqlarından məhrum olduğuna görə o özünü bir sorumlu xanım kimi aparıb qadınların tapdalanmış haqların müdafiə edən bir insan kimi çıxış edir.
S. 16-da R. Kəbiri yazır:
“Get-gedə səndə Enkidunu görmək həvəsi artır. Az qalır Raviyə “Enkidunu mənə göstər” deyəsən. Amma nəsə özüvü sındırmırsan. Gözləməlisən. Ürəyində Şəmxəti alqışlayaraq bir daha mızıldanırsan: “Yeddi gecə-gündüz … Yooooooo”. Abdal düşüncədən tüklərin biz-bi sürür.”
S. 20-də o belə yazır:
“Münəccimin nəfəsi peysərivə toxunur. Xoşa gəlim bir isti möhrələrivin iliyinə işləyir. Belivin sonuncu möhrəsindən keçib büzdümə dğru axır. Canın, ayaqların belə sustalır. Münəccimin nəfəsi duyğularıvın dəngəsinə toxunub içində gözlənilməz hisslər doğulur. Pəncərədən üz döndərib Ravirə baxırsan. O isə soyuqqanlılıqla yazır. Ürəyin döyünür.qorxursan ovucun açıla.”
Başqa yerdə o yazır:
“Ravi təbiət kişisinin güclü, çırılçılpaq bədənini gözünün önündə nümayişə qoyduqda yanaqların pörtür. Bunnan belə gözüvü Enkidunun tüklü bədənindən, yöndəmli heykəlindən yayındıra bilmirsən. … Bir saniyəcik olursa belə, Şəmxətin yerində olmağı düşünürsən. Ravi qəzəblə sənə göz ağardır.”
Bu bölümdə ilk cümlələr yazıçının şüuraltısı ilə içindən gələn təbii instink ya qərizənin istəklərini imgələyir. Bu istəklər Qılqameş əsərində Enkidunun tərif olduğu və onun şəkili əssında meydana çıxır. Amma son cümlədə yazıçının əxlaqi karakteri ya vicdanı olan Ravi karakteri qərizənin coşub daşan təbii istəyinin qarşısını alır. Haman bölümün sonunda yazıçının qərizəsi üstünlüyünü göstərir.
“Enkidu ilə qadın – Şəmxət – gözdən itincə onlara baxırsan. Yanaqların pörtüb. Elə bil saatlardı gün arasında, günəşin cızlamasında dağa dırmaşırsan.”
69 – 75ci səhifələrdə yazıçı Mərrixdə olarkən günəşin orşid cərəyanlarını duyur və orada yeni bir plot açır. Burada yazıçı ədəbi səviyyədən elmi rapor vermək səviyyəsinə enir. Sanki kitabın səhifəərini çoxaltmaq üçün günün orşid cərəyanları ilə qadınların aylıq dövrünü tutuşdurur. Bu bölüm ədəbi bədii yox, daha çox labratoriyada işləyən bir iş adamının raporuna oxşayır. S. 81, 5-ci sətirdə yazır: “Münəccimin əlinin istisi xoşuva gəlir.” 84-cü səhifədə isə yazır:
“Münəccim qəhqəhə ilə gülür. Onun əlindən tutub, birlikdə yatağın kənarında, yer üzərində taybatay açıq qalmış kitaba doğru gedirsiz. Hələ də yanaqların pörtüb. Ravi isə şaşqınca sizə baxır.”
Yazıçı fantaziya gücü ilə yaratmış ideal kişisi və Qılqameş kitabında görüb vurulduğu təbiət kişisi Enkidu ilə içindən gələn qadınlıq duyğularını canlandırıb həzz alır. 118-ci səhifədə isə o öz görkəmini belə imgələyir:
“Gözünə gözlük taxan Ravi isə o qıvrım saçları, qurumuş dərisi, büzüşmüş gecəliyi ilə qadınlığını sözlərinin zindanında dustaq edərkən, həyəcanlı-həyəcanlı bir başdan yazır.”
Yerdən Uca Torpaq əsərində yazıçının feminist yanaşması elə güclüdür ki o yerə, göyə, torpağa, ulduzlara, Mərrixə, günə, bir sözlə bütün təbiətə qadın gözü ilə baxır. O NASA məhəndislərinin yaratdığı robota belə qadınlıq karakteri verib NASA məhəndislərinə irad tutaraq deyir:
“Kaş ki, NASA Kiyuriasitinin başına saç da yaraşdırardı …”
Yazıçı bu robotu dəfələrlə “Banu” adlandırır, amma nədənsə əsərin sonunda “Kiyuriasiti Xanım” adlandırır. Bu ad dəyişmə bir ədəbi yanışdır. Bu biçimdə yanlış başqa yerdə də var. Yazıçı özəl adları başqa dildən çevirmək haqqı yoxdur. İngiliscə “curiosity” bizim dilimizdə “maraq” anlamındadır. O bu adı çevirməyibsə, başqa yerərdə də belə etməlidir. Səhifə 92-də o 2004-də NASAnın Mərrixə göndərdiyi “Opportunity” ilə “Spirit” adlı araşdırıcı robotların adını çevirib “Fürsət” ilə “Ruh” adlandırır.
Yazıçının qatı feminist duruşuna baxmayaraq səhifə 16-da o qadın haqqında ən böyük sayğısızlığa yol verir. Bu da onun Qılqameş kimi mifik bir abidəyə çağdaş gözlüyü ilə baxmasından törənir. Qılqameşdə Şəmxət ilə başqa rahiblər eyitim və öyüd vermək rolu oynayaraq bəşərin mifik anası kimi çıxış edirlər. Şəmxət baş raibə tərəfindən Enkidu kimi heyvanlar içində böyümüş vəhşi bir kişini eyitmək üçün görəvlənir. Bu görəv dini-ilahi bir görəvdir. Şəmxət Enkiduya dil, bilgi, onlardan üstün olaraq sevgi öyrədir və ona da özü Enkidu – kralın adamı anlamında ad verir. Şəmxət mənəvi bir sevgi mələyidir, buna baxmayaraq yazıçı onu “Fahişə” adlandırır.
Psixoloji Yanaşma
Yazıçı ikinci şəxs açısından çıxış etsə də əsərdə ego ya mənlik güclənib super ego ya üstün mənliyə çevirilir, bu isə yazıçını hərdən sərt çıxışlara sürükləyə bilər; necə ki biz bu əsərdə bunu görürük. O Kiyuriasiti robotuna kraliçəlik məqamı verib xəyala daldıqca İngilis kraliçəsi fiquruna çatır. Bu duyğu isə onun özünə kraliçəlik imgəsi verir.
“Köhə bozarmış gecəliyivə fikir vermədən, özüvü bir mələkə kimi hiss edirsən; kəlmələr mələkəsi. İndi kəlmələrin gücünə güvənib, savaşa da bu, barışa da biərsən. Öldürə də bilərsən, dirildə də bilərsən.”
Bu üstün mənlik yazıçının gözünü bağlayıb yanlışlara uğratmaq gücündədir. Bu durumda ədəbi bədii biçimində qələmə alınmış bir əsər roman səviyyəsindən məqalə səviyyəsinə düşür. Bədii ədəbi əsər hər yaradıcı bir yazıçının yaşadığı təcrübələri yalnız bəsdi imgələr ilə oxucuya çatdırmalıdır. Örnəyin s. 10-da yazıçı soyuq balışı “səndən bezmiş sevgili”yə oxşadır. Bu tam feminist yanaşmanı göstərən orjinal bədii bir bənzətmədir. Amma o yazı ortasında öz fəlsəfi dünya görüşünü vətənə, təbiətə, ana torpağa, dünyaya, dünyada yaşayan insanlara, və cəhalətə açıqlayaraq neçə yerdə sərt çıxış edir. 2012 gəlmədən öncə Mayaların təqviminə əsaslanan bəzi alimlər o ili qiyamət günü sanıb dünyanın dağıldığı gün sanırlar. Bu anlamda 2012 filmi oraya çıxır. Ardıca xəbərlərdə bu ehtimal geniş yayılır. Ona görə bir sıra insanlar qorxuya düşüb dağılmaz sığınacaq, yeyib içmək, işıq fikrinə düşüb anbarlarını doldururlar və bu arada fürsət axtaranlar öz qazanlarını güdmək fikrinə düşürlər. Çinli bir tacir qiyamətdən qaçmaq fikri ilə atom bombası sığınacağına bir həftəlik qalmaq üçün milyonlar dollar xərcləyir. Xəbərlərin ardıca çoxlu adamlar qaranlıqda qalmamaq üçün şam alırlar. Dünyanın bəzi noqtələri təhlükəsiz yer kimi tanıtdırılır və orada hotellərin qiməti ceyran dağına çatır. Yazıçı isə bu insaları cahil sanaraq onları tənqid eidib onların qaralıq zehnini qaranlıq gecələrdəki binaların başına oxşadır.
Başqa yerdə yazıçı yazır:
“Teknoloji iə modern təməddün insanın mənəvi düşüncələrinin önündə arakəsdi bir divar əkir. Modern təməddün insanı öz təbiətindən uzaqladıb onu öz düzəltdiyi çərçivələrin çarmıxına çəkir.”
Yazıçıdan sormaq gərəkir gəlişmiş ölkələr ilə geriqlmış ölkələri tutuşduranda hansında təbiətə daha çox dəyər verilib daha çox qorunur? İnsanın bilgisioxaldıqca təbiətin nə qədər dəyərli olduğunu anlayıb onun qorumasına daha çox fikir verir. Bu gün Avropa ilə Orta Doğunu tutuşdurmaq hər nəyi göz önünə qoyur. Avropanın da təbiəti durumu ilə Orta Doğununki heç vaxt bir yerə qoyulası deyil. Yazıçı özü bir təbiət aşiqi olaraq öz fikrini bildirməyə haqlıdır. O öz münasibətini örnək olaraq Urmu Gölünün bu günkü acınacaqlı durumuna yerində göstərir, amma təbiətə sərt davrananların qarşında üstün mənlik baxışı onu sərt çıxışmağa sürükləyir. Bu tay Azərbaycanda bəzi maşınların arxasında Farsca bir şeir yazılır, bu şeir bu anlamdadır: “Mənim yalnız ağacın yandı, onda qoy bütün meşə od tutub yansın!” Bu şeiri onu demək istəyir ki tərəfə nəsə mal ya can zərəri dəyib ona görə də bütün dünya yansa onun veciə deyil. Bundan sərt və Faşist bir düşüncə ola biləməz. Belə düşüncəyə qarşı olaraq yazıçı pərt olub özünü saxlaya bilmir və saldırmağa başlayır. O səhifə 102-də belə yazır:
“Gahdan sənin tək beş quruş qara pula dəyməz bir insan cildində hirs hikkəsindən bir orman ağaclığın yanıb külə dönməsini arzu edir. Gahdansa bir alim görkəmində təbiətin kökündən vurub NASA mühəndisləri kimi mədəniyyətin gəlişməsi istiqamətində başqa səyyarələrdə yaşam izi axtarır.”
O bu bölümdə hamıya sərt durumdan çıxış edir. Ən azı NASA alimlərinin nə axtardığını yazıçı belə kəskin deyə bilməz. Bu yalnız ədəbi yanlış yox, eyni halda düşüncə yanlışına da yol verir.
Başqa yerdə yazıçı fobiasını açıqlayaraq əqrəbdən zəhləsi getdiyini bildirir. Səhifə 104-də isə savaşa qarşı olduğunu bildirir:
“Hansı əsrdə olur olsun, insanların heyvan kimi buynuz-buynuza dayanıb döyüşməsini görməyə taqətin yoxdur.”
Səhifə 126-da deyir:
“Mütəməddin insaın yüksəklərə doğru uçmaqdan başqa yolu yoxdur.”
Yazıçının bu düşüncəsinə qarşı olaraq həm mifik-dini düşüncələr həm çağdaş düşüncə aydınları insanın yüksəlişinin insanın öz içinin dərinliyinə enməsində görürlər.
SONUC
Yerdən Uca Torpaq bu tay Azərbayanda çap olunmuş birinci bilgisəl- fantaziya olduğu, yazıçının cəsarət ilə öz düşüncələrini ortaya qoyduğu, ha belə bədii biçiminə görə təqdirə layiqdir. Bu kitabın orfoqrafik və qramatik yanlışlarına, hərdən düşüncə axsaqlığına, hərdən bədii ədəbi biçimdən uzaqlaşmasına, romanın aydın bir sonuca bara bilməəsinə baxmayaraq oxumalı bir əsərdir. Ən azı bu kitabı oxuyan hər bir gənc NSANnın çalışmaları ilə Qılqameş eposuna maraqlanıb daha artıq nəsə oxuyacaq. Bu da bizim durumumuzdakı bir topluma özü çox böyük bir addımdır. Umuram yazıçı ikinci basqıda dostların etdiyi tənqidlərə diqqət edib bu əsəri yenidən yazıb daha gözə gəlim bir yaradıcılıq işi sərgiləyəcəkdir. Hər halda bu bizim bilgisəl-fantaziya janrımızda ilk addım olsa da sonuncu deyil.
Abbasəli Əhmədoğlu
YERDƏN UCA TORPAQ YENİ BİR ADDIM

