Köhnə və yeni il – yadda qalanlar və gözləntilər/ VCA və YYSİB sədri Aydın Xan Əbilov da cavablandırır
Yeni Ilə saylı günlər qalıb. Köhnə ilin son ayının son günlərini yaşamaqdayıq. Köhnə ilin yekunu həm də yaşadğımız il, fəaliyyətimiz, görülən işlərin kəmiyyət və keyfiyyətinə verilən qiymət, dəyərləndirilməsi ilə bağlı öz qarşımızda apardığımz bir hesabatdır. Köhnə il nə ilə yadda qaldı və təzə ilə hansı yeniliklər, problemlərlə gedirik?
Hafta.az-ın suallarını cavablandıran ölkənin ictimi-siyasi kəsimi bu istiqamətdə maraqlı fikirlər söylədi.
Fəzail İbrahimli, Milli Məclisin sədr müavini:
– Fürsətdən istifadə edib bütün xalqımızı, millətimizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.
Köhnə il Azərbaycanın tarixi taleyində ən sevimli il olub. Düşmən üzərində qələbədən sonra başlanan bir ildir. Bu ili üzüağ yaşamışıq. Düşüncələrimizdə, ruhumuzda bir rahatlıq olub. Kişilərin qadınların qarşısında, valideynlərin övladlarının qarşısında üzü ağ olub. Bu cəhətdən bu ili tariximizin hər hansı ili ilə müqayisə etmək olmaz. Biz yeni ilə yenə də böyük ruhla gedirik. Qarabağımızın abadlığı düşüncəsi ilə gedirik, Şuşa sevgisi və yeni qələbələrə doğru gedirik. Azərbaycanın sərhədlrinin müəyyən edilməsi və bizim kürəyimizə sancılımış qılıncı çıxarıb, sülh sazişi əldə edib, bu nisgilləri gələcək nəsillərə saxlamamaq üçün həll etmək ümidi ilə gedirik.
Aydınxan Əbilov, sosioloq:
– Artıq ilin axırıdır. Pandemiya və post-müharibə dövrü dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən sıxıntılar yaşatdı. İqtisadi geriləmə, işsizlik, qiymətlərin fantastk şəkildə qalxması, insanların psixoz vəziyyətdə yaşamaları, real münasibətlərin olmaması, toy və yas məclislərinin qadağan edilməsi, xəstəlik, itkilər, görkəmli adamların aramızdan getməsi bu ilin ən böyük problemlərindən idi. Əsas problem təhsil və mədəniyyətdə gündəlik həyatda olan durğunluqdur. Biz 2020-ci ilə nisbətən 2021-ci ildə bu durğunluğu daha çox hiss edirik. İnsanlar bir-birinin evinə getməyə, real münasibətlər qurmağa qorxurlar.
Ötən il cinayət və boşanmalarn çoxalması ilə yadda qaldı. Uşaqlara qarşı seksual zorakılığın həddən artıq çoxalmasını və bunun da öz yaxınları tərəfindən edilməsinin şahidi oluruq. 2021-ci ildə aparılan dövlət islahatlarının bir çox tərəfləri bizim üçün maraqlı idi və inanıram, bu, ölkənin gələcəyi üçün vacibdir. Təhsildə olan geriləmələr 2021-ci ildə bizi qayğılandır. Təhsil, mədəniyyət, səhiyyə əsas fiziki, mənəvi cəhətdən vətəndaşların sağlamlaşdırılması üçün kapital yatırdığı yer olmalıdır. İnanıram ki, 2022-ci ildə daha böyük fəaliyyətlərlə dövlətimizi, xalqımızı sevindirəcəyik.
Arzuxan Əlizadə, AMİP sədri:
-2021-ci il üç dövlət başçısının Moskva görüşü ilə başladı. İl ərzində daha iki görüş və bir sıra təmaslar oldu. 2020-ci ildə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etsək də, müəyyən bir hissədə hələ də problemlər qalmaqdadır. Bizim razılığımız və icazəmiz olmadan bir sıra xarici ölkə vətəndaşları Azərbaycan ərazisinə daxil olub, sərbəst surətdə çıxa bilirlər. Biz buna qarşı yalnız bəyanat verməklə münasibət bildiririk. Bu da arzuolunan hal deyildir. Bu ərazilərdə xeyli itki verdik, minaya düşən, erməni separatçıları tərəfindən öldürülən hərbçilərimiz oldu ki, bu da ciddi məsələlərdir. Növbəti ildə bu problemlərin həlli ilə bağlı ciddi addımlar atılmalıdır. Qiymətlərin bahalaşmasını müşahidə etdik. Hər sahədə qiymət artımı ilə üzləşdik. Bu da onsuz da sosial vəziyyəti ağır olan vətəndaşın durumunu daha da pisləşdirdi. Rusiyanın, Fransanın, Qərb dövlətlərinin Azərbaycana növbəti dəfə basqılarının şahidi olduq və buna qarşı dövlət, siyasi partiyalar olaraq müqavimət göstərdik. Növbəti ildə Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirəcək və qanunlarımız bütün ərazilərimizdə bərpa olunacaq. Eyni zamanda, vətəndaşlarımızın öz tarixi torpaqlarımıza geri qayıdıb məskunlaşmasını gözləyirik. Ciddi problemlər qalır. Ümid edirəm, növbəti ildə bu proseslər öz həllini tapacaq. Növbəti ildə sosial-iqtisadi vəziyyətin yaxşılaşması istiqamətində addımlar atılacaq. İnanıram, qalib xalq layiq olduğu şəkildə öz həyatını quracaq.
Natiq Cəfərli, Real Partiyasının sədr müavini:
– 2021-ci il bütün dünyada və Azərbaycanda da pandemiyanın kölgəsi altında keçdi. Dünya iqtisadiyyatında inflyasiya ilə bağlı ciddi problemlər yaşandı. Bunun istər-istəməz Azərbaycanda da təsirlərini gördük. İlin əvvəlində, təqribən, may ayına qədər makroiqtisadi göstəricilərdə ümumi daxili məhsul çox aşağı səviyyədə idi. Neftin qiymətinin artması, Azərbaycanda pandemiya ilə bağlı yumşalmalara geniş açılımlar oldu, ondan sonra ümumdaxili məhsulda nəzərəçarpacaq dərəcədə artım müşahidə etdik. Bu ili ümumi daxili məhsulu 5,3 faz artımla tamamlayacağıq. Tədiyyə balansında da müsbət saldo yarandı. İlin sonunda, təqribən, 4 milyardlıq saldonun olması gözlənilir. Dünyada olduğu kimi, bizdə də inflyasiya ən ciddi problemə çevrildi. İnflyasiyanın 2 rəqəmli həddə olması çox ciddi bir problemdir. İnsanların real gəliri bu il ərzində cəmi 2 faiz artıb. Ərzaq inflyasiyasının isə 14-15 faiz olması insanların real gəlirlərinin azalmasına səbəb oldu ki, bu da ciddi problemdir. Gələn il üçün təqaüdlərin, maaşların, minimum əməkhaqlarının artımı gözlənir. Bu da inflyasiyanın artımı ilə bağlı əhaliyə dəstək olacaq. Gələn il inflyasiya bu cür davam edəcəksə, bu artımları yeyib-bitirdiyini görə bilrik ki, bu da ciddi problemdir. Gələn il dövlətin mübarizəsi qiymətlərin artım tempinin aşağı salınması ilə bağlı olmalıdır.
Sevinc Alızadə , “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri:
– Yeni il xalqımız, millətimiz, dövlətimiz üçün düşərli olsun. 2021 müharibədən sonra torpağın, arzularımızın bərpası ili oldu. Köhnə il Qarabağın işıqla təmin olunması, “Zəfər yolu”nun çəkilməsi, Qarabağa səfərlərin təşkili ilə yadda qaldı.
Mənim üçün ən yaddaqalan günlərdən biri 2021-ci il mayın 12-də Şuşaya olan səfərim, Xarıbülbül festivalında iştirakım idi. Eyni zamanda, Milli Qəhrəman Raquf Orucovun işğaldan azad olunmuş ana yurduna səfərim, orada Şəhidin anasının məzarının tapılması və ziyarət edilməsi yadımdan çıxmaz. Bunlar mənim arzusunda olduğum günlərdir.
Bu il eyni zamanda Vətən Müharibəsi qazilərinə və şəhid ailələrinə diqqət və qayğı göstərməyə çalışdıq. “Yaşat” Fondunun İctimai Şurasının üzvü, eyni zamanda, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq bir sıra layihələr həyata keçirdik, zəfərimizin ildönümünü qeyd etdik.
Bu köhnə il qazilərimizin həm fiziki, həm mənəvi cəhətdən sağlığına qovuşması üçün bir bərpa, gələcəyimizə ümid, körpü ili oldu. Arzum budur, gələn il Bayrağımız Xankəndidə, Xocalıda, Zəngəzurda dalğalansın. Arzum budur ki, hər bir kəs öz obasına gedə bilsin. Yeni ildən Ağalı kəndi ilk sakinlərini qarşılayacaq. Bu bizim üçün böyük sevincdir. Ümid edirəm, gələn il ev ala bilməyən Qazi, Şəhid ailələrinin problemləri həll olunacaq. Onların yaxşı şəraitlə təmin olunması bizm üçün başucalığıdır. Təşkilat olarq ən ümdə məsələlərdən biri budur. Şəhid övladların təhsilidir. Ən böyük vəzifəmiz Şəhidin unudulmaması, təbliğidir. Mən ildən ilə daha çox güclənməyimizi arzu edrəm. Yeni il Qarabağın dirçəliş günüdür. Bu gün xalqımızın, dövlətin çiynində böyük yük var. Əminəm ki, dövlət və xalq olaraq bu mərhələni dəfv edcək. Və daha gözəl, abad Qarabağda Şəhidlərimizin ruhunu şad edəcəyik”.