Gömrükçülər bircə kitab da buraxmır, zərərli dini ədəbiyyat haradan çıxır? Təxribatçı mətbəələr gündəmdə

VCA və YYSİB sədri Aydın Xan Əbilov: “…Müqəddəs kitab “Bibliya”nı nəşr etmək adı altında bəzi zərərli xristian dini təriqətlərə, sektalara aid kitabları çap edənlər var”

img

Zərərli dini ədəbiyyat bütün hallarda arzuolunmazdır və onun çap edilməsi qadağandır. Bilirik ki, Azərbaycanda dövlət səviyyəsində uzun illər zərərli dini ədəbiyyata qarşı mübarizə aparılıb. Bu gün də mübarizə səngiməyib, öz qüvvəsindədir. Məlum olduğu kimi zərərli dini ədəbiyyatın, bu sahədə olan materialların adətən xarici ölkələrdən gətirildiyi bilinirdi. Əvvəllər ən müxtəlif ölkələrdən gömrükdən keçirmək, yaxud qaçaqmalçılıq yolu ilə ölkəmizə daha çox qadağan olunmuş zərərli dini ədəbiyyat gətirilirdi və bu ədəbiyyatı gətirənlərə, satanlara, təbliğ edənlərə qarşı da müvafiq tədbirlər görüldüyü məlumdur.

Son zamanlar dolaşan iddialara görə, zərərli dini ədəbiyyat nümunələrinin müəyyən bir qismi ölkəmizdəki mətbəələrdə nəşr edilib. Bu gün də belə ehtimalın olduğu barədə fikirlər var. Şübhələr var ki, indi də bu proses gizlin şəkildə aparılır. Bəzi iddialara və şaiyələrə görə, bu nümunələr Küveyt və başqa ölkələrin dəstəyi ilə həyata keçirilib. İddialara görə, zərərli dini ədəbiyyat nümunələri gömrükdən buraxlmadığı üçün onları burada gizli şəkildə nəşr ediblər. Bunu  özlərinə əsas gəlir yerinə çevirənlər burada bu işlə məşğul olublar.

  • “…Çox təhlükəli tendensiyadır”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, bu iddialar barədə o da eşidib. A.X.Əbilovun sözlərinə görə, bəzi işbaz mətbəə rəhbərlərindən belə addımlar gözlənilə bilər. Ekspetin sözlərinə görə, bir zamanlar bu sahədəki boşluqdan istifadə edərək çox neqativ hallara yol verilib. “Azərbaycanda zərərli dini ədəbiyyatın nəşri və təbliğ edilməsi, yayılması qadağandır. Amma təəssüf ki, ayrı-ayrı dövrlərdə bu qadağaları pozanlar tapılıb. 

Azərbaycanda bu sahədə bəzi mənfi tendensiyalar var. Onlardan da biri ondan ibarətdir ki, “din” adı altında bəzi mətbəə və nəşriyyatları Küveyt və digər sünni məhzəbli müsəlman ölkələrinin iş adamları açıblar, onlar burada daha çox öz dini məhzəblərini yaymaqla məşğul olublar. İndi də məşğul olduqları barədə deyilir. Bir çox nəşriyyat və mətbələr də vardı ki, onlar Fətullah Gülənlə, nurçularla bağlı idi. Adlarını bu təriqətə uyğun qoyan nəşriyyatlar da, nəşrlər də var… Burada bir çox zərərli dini ədəbiyyat buraxan mətbələr olub. Harun Yəhyanın, başqa nurçuların kitablarını buraxan mətbəələr vardı. Bunlar çox təhlükəli tendensiyadır.  Bu mətbələr və nəşriyyatlar zərərli dini ədəbiyyata bağlı qadağaları pozurdular. Düzdür, indi o nəşriyyat və mətbəələrin çoxu indi bağlanıb, amma hələ də fəaliyyətini davam etdirənlər var. Hətta Norveç və xristian dünyasının maraqlarını ifadə edən, xaçpərəstliyin müxtəlif məhzəblərini əks etdirən nəşrlər və mətbələr var. Məsələn, müqəddəs kitab “Bibliya”nı nəşr etmək adı altında bəzi zərərli xristian dini təriqətlərə, sektalara aid kitabları çap edənlər  var. Amma təəssüf ki, bununla maraqlanan yoxdur. Çünki bundan başı çıxan adamlar yoxdur… Aidiyyəti dövlət qurumlarında çox az adamın bundan başı çıxır. Nəşriyyat işinə cavabdeh olan Mədəniyyət Nazirliyində kitab nəşrinə baxan strukturda, Mədəniyyət Nazirliyinin başqa aidiyyəti qurumlarında bu sahəyə baxan savadlı ekspertlər yoxdur. Hətta belə hadisələr baş verən zaman heç bizimlə də maralanmırlar. Bizə ancaq jurnalistlər müraciət edir. Bizim kimi kulturoloq, kitab işindən başı çıxan ekspertlər var və o nəşrləri ekspertizaya göndərmirlər, analiz tələb etmirlər. Yaxud bizə müraciət edəndə də bizi pulsuz-parasız işlədirlər, onda da biz həvəssiz işləyirik. Amma dünyanın heç bir yerində ekspertlər pulsuz işləmir və ödənişsiz rəy vermir. Ona görə də bu problemlərin hamısını bir yerdə müzakirə etmək lazımdır. Dövlət qurumları bunları nəzərə almalıdır. Dövlətin güc strukturlarında ideoloji məsələlərə baxanlar xüsusi olaraq ekspertlərə müraciət etməli, onlarla əlaqə yaratmalıdır”.

A.X.Əbilov deyir ki, bütün zamanlarda bu həssas məsələ diqqətdə saxlanılmalıdır və zərərli dini ədəbiyyat çap edən mətbəələr müəyyənləşdirilməlidir.

Ekspertin ehtimallarına görə, bu ədəbiyyat nümunələri məhdud sayda yalnız məzhəbçilər arasında yayıldığından onu əvvəlki kimi satışda görmürük, görünür, bu proses gizli şəkildə aparılır.  

İradə SARIYEVA.

https://www.baki-xeber.com/sosial/133024.html


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir