“Nəinki ABŞ Kino Akademiyası, o cümlədən digər ölkələr də bu tip siyasiləşmiş filmləri rədd edəcəklər” – Analitik-ekspert Aydın Xan Əbilov

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarına həsr edilmiş iki film  Amerika Kinoakademiyasının “Oskar” mükafatına namizədlər siyahısına daxil edilməyib. Müsabiqədə nominasiyalar üzrə mübarizə aparacaq filmlər arasında erməni separatçılarından bəbs edən kinolar olmayacaq.

“Külək sakitləşəndə” adlı birinci filmin rejissoru erməni əsilli Nora Martirosyandır. Bu kinolent “Ən yaxşı xarici film” nominasiyası üzrə mükafat almaq üçün təqdim edilmişdi.

İkinci kino isə “45 gün: Millət uğrunda mübarizə” adlı sənədli filmidir. Britaniyalı rejissor, Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessenin çəkdiyi əsər isə “Ən yaxşı sənədli film” nominasiyası üzrə yarışa qatılacaqdı.

Hər iki film Qarabağdakı erməni separatçılarına həsr edilib.

Bununla bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq, Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, 21-ci əsr əslində dünya xalqlarının, dövlətlərin və millətlərin bir növ geosiyasi və geomədəni yarışmalar dövrü kimi yadda qalacaq. İntellektual kreativ sahələrdə yarışmalar, müsabiqələr bəzən estetik savaş səviyyəsinə qədər qalxa bilər:

“Bu baxımdan Amerika Kino Akademiyasının “Oskar” mükafatı da siyasiləşmiş bir mədəniyyət hadisəsi kimi hər il öz seçimini edir. Amma bu seçimin əsasında siyasi baxışlarla yanaşı sözsüz ki, sənət, estetik zövq və incəsənət sərhədləri durur. Yəni, yüksək sənət nümunələri nə qədər siyasi hadisələrə, mövzulara həsr olunsa da yüksək kino estetikasına cavab verən ekran əsəri olaraq dəyərləndirilir”.

Yazıçı-kulturoloq qeyd edib ki, Amerika kino akademiyasının əsas məqsədi Hollivudda çəkilən filmlərin estetik bədii və ideoloji xüsusiyyətlərini nəzərə alıb ilin yekunu olaraq il ərzində akademiklərin seçdiyi ilin filmi, rejissoru, ssenaristi və digər nominasiyalarda mükafatlar verməkdir. Bununla da Amerika milli kinoindustriyasını canlandırmaq, kreativ biznesin bir sahəsinə çevrilmiş Hollivud kino sənayesini daha da inkişaf etdirmək, büdcəsini artırmaq və Amerika filmləri vasitəsilə dünyanı ideolioji-mənəvi, kulturoloji-mənəvi cəhətdən öz əsarətinə almaqdır:

“Biz nə qədər buna sənət müsabiqəsi kimi baxsaq da alt qatda bu sirlər də durur. Eyni zamanda, onlar həm də öz kino sənayesinin nümayəndələri ilə xaricdə yaşayan həmkarları ilə təcrübə və sənət mübadiləsi aparmaq üçün hər il “Ən yaxşı xarici film” nominasiyasında da mükafatlar təqdim edirlər. Qonşumuz olan 44 günlük müharibə zamanı “dəmir yumruq” vasitəsilə  başı əzilmiş erməni separatçıları sözsüz ki, bu imkanlardan da maksimum yararlanmağa çalışırlar. Bu məsələnin bir tərəfini də qeyd etmək lazımdır ki, Amerikada, Fransada, Belçikada, Avropa ölkələrində, Rusiyada yaşayan erməni diaspor nümayəndələri, xüsusən də bankirlər, varlılar hər cür yardım etməklə “erməni genosidi” məsələsini gündəmə gətirmək istəyirlər. İndi isə son müharibədə onlar uduzmuş bir xalqın əhval-ruhiyyəsini qaldırmaq üçün həmin o xeyriyyə pullarını artıq kino və incəsənətin ən üzdə olan klip, musiqi, şou-biznez sahəsinə yönəltməyə çalışırlar”.

Aydın Xan Əbilov vurğulayıb ki, bu birinci dəfə deyil ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş və erməni rejissorları tərəfindən erməni mahiyyətini ifadə edən filmlər, tamaşalar xarici ölkələrdə göstərilir və festivallara göndərilir.  Hətta bir çox “Eurovision” müsabiqələrində də bizim musiqimizin elementlərindən istifadə edib musiqi yarışmasını siyasiləşdirməyə çalışıblar:

“Son “Oskar” kino akademiyasının seçiminə verilən iki film – bədii və sənədli filmlər bu istiqamətdə atılan növbəti addımdır. Amma dünya dəyişir və qloballaşır. İnternet və sosial şəbəkələr Azərbaycan həqiqətlərini ani olaraq dünyaya çatdırdı və dünyanın Azərbaycan haqqında təsəvvürləri artıq formalaşıb. Azərbaycan dövlətinin, qeyri-hökumət təşkilatlarının, Heydər Əliyev fondunun, sənətçilərimizin apardığı uzunmüddətli ideoloji və informativ mübarizə öz bəhrəsini verməyə başlayıb. Xarici ictimaiyyət artıq ermənilərin göz yaşına inanmır. O cümlədən də bu filmlərin siyasi tərəflərinin daha çox qabardıldığını görüb “Oskar” mükafatının müsabiqəsinə götürməyi rədd ediblər.Bu baxımdan da bizim ermənilərdən müsbət mənada götürüləsi çox şeyimiz var. Onların diaspor nümayəndələri, imkanlı şəxsləri erməni mədəniyyəti və incəsənətini, kinosunu maliyyələşdirməsindən tutmuş xaricdə olan hər bir imkandan yararlanıb öz “həqiqətlərini” dünyaya çatdırmaq, əzilmiş, genosidə uğranması haqqında mifləri real tarixi hadisələr kimi dünya ictimaiyyətinin beyninə yeritməyə çalışırlar”.

Analitik-ekspert sonda deyib ki, Azərbaycan dövlət qurumları, Mədəniyyə Nazirliyi, ictimai qurumlar, Müəllif Hüquqları Agentliyi və xaricdə yaşayan azərbaycanlıların diaspor və mədəniyyət mərkəzləri belə addımlara qarşı sərt amma qanunvericilik və beynəlxalq konvensiyalar çərçivəsində cavab verməyə çalışmalıdırlar:

“Oskar” Kino Akademiyasından tutmuş digər sənət yarışmalarının təşkilat komitəsinə etiraz məktubları göndərilməlidir, petisiyalar imzalanmalıdır. Dövlət qurumlarının binası qarşısında dinc etiraz aksiyaları təşkil etməlidirlər ki, ermənilərin yalanı dünyada həqiqət kimi yayılmasın. İnanıram ki, nəinki ABŞ Kino Akademiyası, o cümlədən digər ölkələr də bu tip siyasiləşmiş filmləri rədd edəcəklər. Eyni zamanda bizim kino sənətkarlarımız da elə filmlər çəkəcəklər ki, Azərbaycan həqiqətlərini, Qarabağ müharibəsinin Azərbaycan tərəfindən baxışı orada əks olunsun. Bu filmlərə “Oskar” Kino Akademiyasının və “Venetsiya” kino festivalının mükafatları təqdim edilsin ki, dünya həm Azərbaycan kinosuna, həm də Azərbaycan həqiqətlərinə öz marağını cəmləyə bilsin.

Bəxtiyar CƏFƏRLİ,https://herbiand.az/post.php?id=20810

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir