Yeni il hədiyyələrinin qiymətləri NİYƏ BU QƏDƏR ŞİŞİRDİLİB? SOSİOLOQ VƏ EKSPERT AÇIQLADI
“Bu cür bayram vaxtı qiymətlərin qaldırılması müasir cəmiyyətin xüsusiyyətləridir. Belə halların adını bazar iqtisadiyyatı qoyublar və kimin ürəyi necə istəyir elə də hərəkət edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
.jpg)
Onun sözlərinə görə, konkret iqtisadi siyasət olmalıdır ki, həmin iqtisadi siyasət bu cür hallara imkan verməsin. “Lakin ortadan olan mövzu elədir ki, orada kim necə istəyir elə davrana bilər. Bu cür özbaşınalığın qarşısı mütləq şəkildə alınmalıdır. Bu məsələlər təkcə iqtisadi məsələlər deyil, eyni zamanda mənəvi bir məsələdir. İnsan fikirləşməlidir ki, bayramqabağı bahalı bir şeylər almağa heç də hamının imkanı yoxdur, iqtisadi vəziyyət buna imkan vermir. Belə hallar əhaliyə mənəvi və psixoloji olaraq pis təsir edir. Xüsusilə körpə uşaqları olan evlərə daha çox təsir edir. Çünki insanlar bayram üçün oyuncaqdan tutmuş qida və s. kimi vacib olan şeyləri almağı üçün bir az daha artıq pul xərcləməli olurlar və bu pulu xərcləməyə hamının da imkanı çatmır. Yəni cəmiyyətdə maddi dəyərlər daha ön planda olurlar və bu da xoşagəlməz bir haldır. Dəfələrlə demişəm ki, maddi dəyərlər daha fəal rol oynayır, o cəmiyyətdə gərginlik, qarşıdurma, kriminal vəziyyət artır. Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər öndə olur, orada cəmiyyət özü-özünü tənzimləyir. Ona görə də biz, iqtisadi siyasətimizi bu istiqamətdə dəyişməliyik, elə etməliyik ki, insanlarda mənəvi, psixoloji gərginlik yaranan halların qarşısı alınsın. Azərbaycan Konstitusiyasında da dəyişiklik etmişik, bizim iqtisadiyyat, sosial yönümlü iqtisadiyyat olmalıdır. Lakin, təəssüflər olsun ki, Konstitusiyanın bu tələbinə də lazımi şəkildə əməl olunmur. Ona görə bu məsələlər sadəcə olaraq tənzimlənməlidir, ona diqqət artmalıdır”.

Məsələ ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov belə münasibət bildirib: “Çox qəribədir ki, dünyanın heç bir yerində olmayan olaylar Azərbaycanda baş verir. Fikir versək görərik ki, dünyanın bir çox ölkələrində müəyyən aksiyalar keçirilir ki, insanları buna cəlb etsinlər və satılmayan, qiyməti baha olan mallarını sata bilsinlər. “Qara Cümə”, endirim günləri və s. tipli kampaniyaların əsas məqsədi daha çox alıcıları cəlb etmək, onlara öz məhsullarını tanıtmaq və ucuz qiymətə keyfiyyətli daha çox mal satmaqla bağlı aparılan bu siyasət əlbəttə ki, ticarətin canlanmasına, istehsalatın da artmasına səbəb olur. Bəs gəlin görək Azərbaycanda bu necədir? Bizdə dini, mill və yaxud dünyəvi bayramlar olur. Xüsusən də, Novruz bayramı, Ramazan bayramı və Yeni il təqvim bayramı ərəfəsində bizim ticarətlə məşğul olan istər kiçik topdan satış müəssələri, istərsə də supermarketlər və bazarlarda qiymətlər od tutub yanmağa başlayıb. Çox qəribədir ki, sanki bunlar öz işlərinə badalaq vurmaqla məşğuldular və çox mal satmaq əvəzinə vətəndaşlar pul yığıb bayramda xərcləmək istədikləri bir vaxtda çalışırlar ki, baha qiymətə insalara öz məhsullarını sırısınlar. İnsanların çoxu da bu məhsulları almır, sadəcə, gözləyirlər ki, başqa endirim vaxtı gəlib çatanda və yaxud bu paltardısa qışda yay paltarlarını almaqla ticarətçilərin bu hiyləgərliyinə qarşı özlərinin qarşılıqlı cavabını verirlər. Qarşıdan Yeni il gəlir və Yeni il ərəfəsində insanlar həm qida məhsulları həm də yeni il oyuncaqlarlı, şam ağacı və digər atributları almağa çalışırlar. Uşaqların ürəyini açmaq, onları sevindirmək üçün, xüsusən də imkansız ailələri sevindirmək üçün müxtəlif xeyriyəçi insanlar hədiyyələr almağa başlayırlar. Eyni zamanda, müəssisə və dövlət qurumları fərqinə varmadan varlı, orta, aşağı sinfin nümayəndələrini və yaxud sosial cəhətdən müdafiə olunmamış şəxslərin uşaqları üçün Yeni il şənlikləri təşkil edirlər”.Müəllif: Rüqəyya Orucova

