Alternativ enerji axtarışında. Neft və qaz əvəzinə külək, su, günəş: yaşıl enerjidən istifadə imkanları

Bu gün bəşəriyyətin aktual problemlərdən biri də enerji ilə bağlıdır. Neft, qaz və digər faydalı qazıntılar kimi ənənəvi mənbələr getdikcə bahalaşmaqla yanaşı, ətraf mühitə də böyük zərər vurur. Ənənəvi resursların günü-gündən tükənməsi də alternativ enerji resurslarına tələbatı artırır. Gələcəkdə yaşana biləcək böhranın qarşısını almaq üçün günəş panelləri, külək və su-elektrik stansiyaları, həmçinin bioreaktorlara diqqəti artırmaq bu gün prioritet məsələlərdəndir. Mütəxəssislər yaşıl enerjinin əhəmiyyətini vurğulamaqda fayda görürlər. Təbiətdə daim baş verən proseslərdən enerji əldə etmək bəşəriyyəti gələcəkdə baş verə biləcək böhrandan xilas edə bilər.

Alternativ enerji mənbələrinin əsas üstünlüyü onların ekoloji cəhətdən təmiz olmasıdır. Enerji istehsal edən stansiyaların istismarı zamanı ətraf mühitə, atmosferə heç bir zərər dəymir. Hətta külək, günəş və ya hər hansı digər alternativ elektrik stansiyasında baş verən qəza onun sahibləri üçün yalnız maddi itkilərə səbəb olur. Qlobal ekoloji fəlakət təhlükəsi olmur.

Alternativ enerji mənbələrinin digər üstünlüyü onların tükənməzliyidir. Eyni zamanda hətta aşağı gücə malik bir stansiya kiçik kəndləri yaxud şəxsi təsərrüfatları enerji ilə təmin edə bilər.

Dünyanın aparıcı korporasiyaları bərpa olunan enerji mənbələrinə keçidi tam dəstəkləyir, bu sənayeyə külli miqdarda sərmayə qoyur. Bərpa olunan enerjiyə keçidlə bağlı dünya ölkələri qarşılarına iddialı hədəflər qoyublar. Hədəflər həm də Paris Sazişinin bir hissəsidir-2030-cu ilə qədər sıfır karbon həlləri qlobal emissiyaların 70%-dən çoxunu təşkil edən sektorlarda rəqabətə davamlı ola bilər. Bunun enerji keçidi-kömür iqtisadiyyatının bərpa olunan enerji ilə əvəzlənməsi prosesi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. 2020-ci ildə pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, bir çox şəhər, ölkə və şirkət dekarbonizasiya planlarını həyata keçirməyə davam etdi.

Pandemiya şəraitində belə, 2020-ci ilin yekununa görə alternativ mənbələrdən enerji istehsalı ilk dəfə ənənəvi karbohidrogen texnologiyalarını üstələdi. Bu barədə Böyük Britaniyanın “Ember”, Almaniyanın “Agora Energiewende” araşdırma mərkəzlərinin hesabatlarında bildirilir. Avropa İttifaqının tarixində ən böyük iqtisadi dəyişiklik planı da “Avropa Yaşıl sövdələşməsi” (“European Green deal”) adı daşıyır. 2019-cu ilin 11 dekabr tarixində təsdiqlənmiş bu irihəcmli sənəd 2050-ci ilədək karbon qazı neytrallığına, çirklənmələrin kəskin azaldılmasına nail olmaq üçün bir növ yol xəritəsidir. Belə ki, iqtisadiyyatın istehsalat, satış, istehlak, yəni bütün ünsürlərini “yaşıllaşdırmaq”, o cümlədən ehtiyatların istismarını təkmilləşdirmək, tullantıları azaltmaq hədəflənir. Hədəflər 2015-ci ildə BMT tərəfindən qəbul edilmiş “Dayanıqlı İnkişaf Hədəfləri” (SDGs) proqramına əsaslanır.

2020-ci ilin birinci yarısında Aİ-də elektrik enerjisinin təxminən 40%-i bərpa olunan mənbələrdən istehsal edilib.

Bərpa olunan enerjinin inkişafına investisiyaların liderləri Çin, ABŞ, Yaponiya və Böyük Britaniyadır. BloombergNEF bu məlumatları izləməyə başlayandan bəri, külək, günəş, bioyanacaq, biokütlə və tullantılar, kiçik hidroenergetikaya qlobal investisiyalar demək olar ki, böyük ölçüdə artıb. İllik əsasda təmiz enerjiyə investisiyalar 20 il ərzində 33 milyard dollardan 300 milyard dollara qədər artıb.
Azərbaycan günəşli və küləkli ölkədir. Ələxsus Bakı küləklər şəhəri kimi tanınır. Bu baxımdan alternativ enerji istehsalı üçün potensial böyükdür. Hesablamalara görə, küləyin sürətinin saniyədə 3-4 metr olması ondan elektrik enerjisi əldə etmək üçün kifayət edir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışında bildirmişdi ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır: “Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq.Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın nominal ev sahib olduğu CAREC-in (Central Asia Regional Economic Cooperation – CAREC) virtual Enerji İnvestisiya Forumunun (EIF) bağlanış hissəsində çıxışında bildirib ki, yaxın aylarda müxtəlif layihələr çərçivəsində Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb edəcək. Günəş və külək enerjisi sahəsində nəzərdə tutulan bu layihələrin ümumi gücü 470 MVt təşkil edəcək. Yaxın vaxtlarda Azərbaycanda Enerji Səmərəliliyinin Təkmilləşdirilməsi Fondu da yaradılacaq. Eyni zamanda, P. Şahbazov çıxışında 2030-cu ilə qədər enerji səmərəliliyinə sərmayələri üç dəfə artırılmasının lazım olduğunu vurğulayıb.

Ümumilikdə, 2030-cu ilə qədər (Çin istisna olmaqla) regionda enerji sektoruna təxminən 400 mlrd. dollar investisiya yatırılmalıdır.

Dünya Energetika Şurasının Baş katibi Angela Vilkinson da bildirib ki, dünyada enerji resurslarından səmərəli istifadə ilə bağlı investorlar üçün bir sıra imkanlar mövcuddur. Hazırda dünyada investorlar daha çox dəyərli texnologiyalara, enerji istehsalına investisiya edirlər: “Lakin bu dünyada istehsalın 20 %-ini təşkil edir, 80 % potensial isə itkiyə məruz qalır, deməli bu 80 %-i reallaşdırmaq mümkündür. Biz insanlarda maarifləndirməni inkişaf etdirə bilsək, insanlar, investorlar enerji resurslarından səmərəli istifadə ilə bağlı imkanları, fürsətləri görə bilərlər”.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov “Yeni Müsavat” a bildirdi ki, Azərbaycanda külək enerjisinin potensialı quruda 3000 MVt qiymətləndirilir:“Dənizdə külək enerjisi potensialının daha geniş olduğu hesab edilir. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində küləyin texniki potensialı ilkin olaraq 157 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi üzrə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişili sayılır.Azərbaycanda ən böyük külək elektrik stansiyası Xızı rayonu ərazisində yerləşən Yeni Yaşma Külək Elektrik Stansiyasıdır. Qobustanda yerləşən hibrid elektrik stansiyasının külək komponenti 2.7 MVt-dır. Burada 3 külək turbini yerləşir”. Qarabağda isə külək enerjisi Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər”.

Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir.C.Mikayılov elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun qəbul edildiyini,alt qanunvericilik aktlarının hazırlandığını,iki nəhəng investorla alqı-satqı müqavilələrinin imzalandığını qeyd etdi. “Nəticədə xarici investisiya hesabına 230 MVt günəş, 240 MVt külək elektrik stansiyası tikiləcək”, deyə, sektor müdiri hədəfləri açıqladı.

O ki qaldı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiya layihəsinə, C.Mikayılov bildirdi ki, hazırda layihə razılaşdırma mərhələsindədir.

Nigar Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir