Telekanalların efiri duaxanaya çeviriblər. VCA və YYSİB sədri, tanınmış ictimai xadim Aydın Xan Əbilovdan sərt təpkilər

“Azərbaycanda telekanalların vəziyyəti ilə bağlı dəfələrlə ictimai tənqidlər etsək də, bir çox tanınmış insanlar, ziyalılar, intellektuallar bu barədə öz fikirlərini bildirsələr də, yenə də müəyyən problemlər var. Bu problemlərin həlli ilə bağlı sanki telekanallar heç nə etmək istəmirlər. Əvvəllər reytinq xətrinə cürbəcür mənasız, keçmişdə ruhi xəstə kimi görülən insanların efirə dəvət edilməsi, ekstrasens, falçı, psixoloq, psixoterapevt adından kimi gəldi ondan müəyyən bəxşiş alıb verilişlərə dəvət edilməsi kimi hallar çox idi”. Bu sözləri SİA-ya açıqlamasında sıralarında 60 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana və yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq, tənqidçi-ictimai aktivist Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, son zamanlar bu azalsa da, amma istənilən halda yenə də ictimai düşüncəmizə tamaşaçıların estetik, intellektual zövqünə, xüsusən də yeni nəslin əxlaqına, mənəviyyatına mənfi təsir edəcək dərəcədə çoxalıb: “Birincisi yalnız və yalnız ənənəvi klassik telekanallar yox, həm də yeni internet TV-lərdə də bu biabırçılıqlar özünü göstərir. Amma bizi daha çox milli kanallar, yəni, Azərbaycan dövlətinin vətəndaşlarının, büdcənin hesabına maliyyələşən, kömək görən, yardım alan telekanallar maraqlandırır. Ona görə də fikirlərimizi onların üzərində qururuq. Amma düşünürəm ki, bu yaxın günlərdə internet televiziyası ilə də bağlı həm Milli Teleradio Şurası, həm media birgə etik nəzarət komissiyası yaradacaq. Orada da yalnız məmurları, qohum-əqrəba, tanışları yox, məhz ölkənin tanınmış ziyalıları, teleekspertləri və televiziya işindən başı çıxan peşəkarları dəvət edib onlar vasitəsilə bu nəzarəti təşkil edəcəklər”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bu sahədə olan bütün problemlər göz qabağındadır, amma onun həlli yolları necədir? Biz əgər bütövlükdə hər telekanala görə cərimələr, verilişin bağlanması, telekanalın bağlanması kimi sərt, radikal addımlar atsaq bütün dünya üstümüzə qalxacaq. Amma ictimai qınaq və üstəlik də müəyyən cəza növləri olsa əlbəttə ki, telekanallar da tezliklə öz işlərini normallaşdıra bilərlər. Bəli, ilk baxışdan liberal düşüncə sahibləri deyib, amma əslində küçələrdə əxlaqsızlıq edən, bədənini satan şəxsdən, ərindən, arvadından boşanmış, uşaqlarını atmış, bir çox hallarda narkotika qəbul etməkdə belə tanınan şəxslərin istər o manıslar, müğənnilər olsun, istər aktyorlar olsun, istər iş adamları olsun, istər həkimlər olsun, istərsə də yazıçı, şairlərimiz olsun bu əxlaqsız insanları efirə buraxanların özləri əlbəttə ki, məsuliyyət daşıyırlar. Amma onlar da bəzən boyunlarından ataraq deyirlər ki, “biz telekanal rəhbərliyi, veriliş rəhbərliyi hər kəsin əlini izləyib əl izi ilə tapa bilmərik. Polis deyilik ki, bunların haqqında bir məlumat bankımız olsun bilək ki, bu belədir, elədir”.

“Televiziya, ilk növbədə, biznes strukturudur və bütün dünyada telekanallarda bu proseslər baş verir. İstər Rusiya, istər Türkiyə, Amerika kanallarında da bu var, amma Azərbaycanda bu özünü daha qabarıq göstərir. Çünki cəmiyyətin özünün də intellektual səviyyəsi aşağıdır. Tamaşaçıların intellektual səviyyəsindən danışmağa belə dəyməz. Üstəlik də intellektual kəsim başqa dillərdə telekanallara baxır və yaxud internetdə oturub internet televiziyalarına baxır. Bu baxımdan da manipulyasiya aparmaq, yəni insanların beynini aldatmaqla reytinq toplamaq asandır”.

“Biz özümüz də müxtəlif telekanalların verilişlərində iştirak edirdik. Amma nədənsə ciddi kanallar, dövlət kanalları, məsələn, Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya və digər kanallar ciddi verilişlərə bizim kimi ekspertləri dəvət etməyə həvəsli deyillər. Hətta, həyasızlığın dərəcəsinə baxın ki, bir çox kanallar bizdən qonorar tələb edir ki, gəlin sizi verilişə çıxardaq. Sual olunur, biz ekspertlər vaxtımızı itiririk, özümüzü səliqə-səhmana salmalıyıq, heç olmasa ayda bir dəfə paltarımızı dəyişməliyik, işə verdiyimiz zəhməti, vaxtı, enerjini bunlara sərf etməliyik, üstəlik də biz bunların verilişlərini hazırlayanların reklam pulu ilə özlərini dolandırmalıdırlar, biz hələ bunlara hörmət də etməliyik?! Ona görə də son vaxtlar şəxsən mənim özüm də telekanallarda az-az görünürəm”.

“Azərbaycan telekanallarındakı bu biabırçılıqlar son həddə gəlib çatıb. Təsəvvür edin ki, ciddi sosial verilişlərdə bir də görürsən ki, evimdə cin var, mənim uşağımı cin vurub, baxırsan psixoloji problemi olan, ruhi əlil olan şəxsləri çıxardırlar və qeyri-adi hərəkətlər etməklə insanların mənəviyyatını pozurlar, insanların oxumağa həvəsini öldürürlər. Telekanalların bir çoxu mollaxanalara çevrilib, ərəb və türk, İran mollaları mənsəbləri arasında telekanallarımız sanki dava məkanına çevrilib. Sizin bildiyiniz görkəmli ekspertlərin bir çoxlarına biz baxsaq onların hətta sələfi, vahabi, nurçu, qatı şiəçi mənsəblərə xidmət etdiklərini görürük və çıxışlarına fikir versəniz sanki efiri duaxanaya çeviriblər və yaxud hüquqşünaslar, vəkillərlə bağlı çox böyük problemlər yaşayırıq. Vəkillərin bir çoxları özlərini reklam edirlər, sonra məhkəmələrdə ikitərəfli oyun oynayırlar, bir çox ictimai nəzarəti təmin edən QHT-lərə şikayətlər gəlir ki, vəkillər əvvəl öz müqavilə bağladığı şəxslə işləyir, amma sonra guya məhkəmə ya da ki əks tərəflə əlaqəyə girir və onlardan çoxlu bəxşiş alır. Bütövlükdə bilə-bilə məhkəmə işini uduzur. Bu da insanlarda məhkəmə sistemimizə olan inamı sarsıdır.

Bir çox telekanallar nə gəldi reklam edirlər. Ümumiyyətlə, telekanal və xəstəxana reklamı biabırçılıqdır. Xəstəxana özü-özünü xəstələr vasitəsilə reklam etməlidir. Başa düşürük qazanmağa pul lazımdır, yəni, başqa biznes strukturu yoxdur. Kanallarımız intellektual verilişlər belə hazırlayanda onların reytinqi aşağı olur, tamaşaçılar baxmır, çünki tamaşaçı zövqü artıq pozulub. Amma biz istəsək bunu formalaşdıra bilərik. Çünki yavaş-yavaş hiss edirik ki, tamaşaçı daha ciddi nələrsə axtarır, daha ciddi informasiya, məlumat, bilgi verilişlər axtaran tamaşaçılar artıq internet televiziyalarına və xarici telekanallara üz tutublar. Tənqid edirik və bu tənqidlərdən sonra yenə də bizi qara siyahıya salırlar. Verilişlərə çağırmırlar, dəvət etmirlər. Çünki tənqid edən insan bunlara lazım deyil, başağrısı lazım deyil”.

Ayşən Vəli,https://sia.az/az/news/social/915514.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir