“Azərbaycanda biz bu sahədə çox mənfi hallarla qarşılaşırıq”… VCA və YYSİB sədri Aydın Xan Əbilovdan naşirlərlə bağlı ciddi iradlar

Ölkəmizdə saysız nəşriyyatlar və mətbəələr fəaliyyət göstərir və onların əksəriyyətinin də çap qiymətlərini “ceyranın belinə” qaldırdığına dair fikirlər var. Şair və yazıçıların iddiasına görə, mətbəələr və nəşriyyatlar kitab çapı sahəsində son dövrlər qiyməti bir neçə qat qaldırıb. Xüsusən də son 5-6 ayda nəşriyyatlar tərəfindən qiymətlərin qaldırıldığını deyən yazarların sözlərinə görə, əksər hallarda bu da gənc yazarların ziyanına olur.
Qiymətlərin süni surətdə qaldırılmasından ən çox gənclərin əziyyət çəkdiyini deyən yazarların sözlərinə görə, nəşriyyatlar kitabları baha qiymətə çap edib verir yazara, yazar da məcbur qalıb, kitabını kitab mağazalarına baha qiymətə satışa qoyur. Çox zaman isə kitablar satılmır, yazar borca düşür və başqa problemlərlə üzləşir.
Bütün bunlar isə o şəraitdə baş verir ki, Prezident İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Vergilər Məcəlləsinə dəyişikliklərlərlə bağlı məsələ Milli Məclis tərəfindən qəbul olunub və kağız ƏDV-dən azad edilib.
Bu halda nəşriyyatlar niyə kitab çapının qiymətini qaldırıb? Ümumiyyətlə, bu sahədəki qiymət artımı nə ilə bağlıdır?
- “Qiymətlərin bu şəkildə bahalaşmasına rəvac verən kitab çapını monopoliyaya alan nəşriyyat və mətbəələrdir”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, çoxsaylı müraciətlərdən və uzun sürən mübarizədən sonra Azərbaycanda kitab nəşrində və satışında 18 faiz ƏDV-nin götürülməsi baş tutdu, ölkə başçısının təşəbbüsü ilə Vergilər Məcəlləsində bu barədə dəyişikliklər edildi. “Bütün bunlara baxmayaraq, yenə də kitablar çox baha qiymətə çap olunur. Bu isə, müəlliflərlə yanaşı, oxuculara da mənfi təsir edir. Çünki bu bahalıq indiki postmüharibə və postpandemiya dövrünün çətin iqtisadi şəraitində insanların kitab almasına problem yaradır. Əslində, bu gün bütün dünyada kitab bahadır. Təkcə Sovet dövründə kitab ucuz idi, çünki kitab çapı, yayımı, satışı dövlətin əlində idi. Bütün bunlar bir sistemdən idarə olunurdu. O sistemin də dəqiq konturları vardı. SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra bizdə bir xaotik dövr başladı. Amma son 10 ildə həm QHT-lərin, həm kitab nəşri ilə məşğul olan mətbəə və nəşriyyatların, həm də müəlliflərin səyi nəticəsində qismən də olsa kağız kitablar disk formatına keçdi və kitablarımız elektron şəkilində, e-kitab formasında yayılmağa başladı. Söhbət kağız kitabdan gedirsə, dünyada kağızın qiyməti qalxıb. Bilirsiz ki, kağız istehsal etmək üçün mütləq ağac kəsilməlidir, fabriklər, zavodlar işləməlidir. İndiki dövrdə də BMT-nin və dünyanın beyin mərkəzlərinin, eləcə də bizlərin bəşəriyyətin təbii resurslarının tükəndiyinə dair həyacanlarımız onu deməyə əsas verir ki, bu qədər məsrəfçiliyə getmək düzgün deyildi. Ona görə də bəşəriyyət özü bunu başa düşdü və kütləvi olaraq elektronlaşdırma prosesi kitab sənayesinə də təsir etdi. Artıq insanlar virtual oxu və elektron yazı mədəniyyəti vərdişlərinə yiyələndi. Nəticədə də kağız daşıyıcılarından çox elektron daşıyıcılarda mətnlər ötürülməyə başladı. Əvvəllər kağız daşıyıcılara maraq var idisə, indi mobil tətbiqlər, müasir informasiya texnologiyalarının inkişafı bizi elektron kitaba meyl etməyə vadar etdi. Bu da kitab nəşrini, çapını elitar bir sahəyə çevirdi”.
A.X.Əbilov deyir ki, daşınma xərclərinin artması da başahalaşmaya səbəb ola bilən amil kimi göstərilir. Mütəxəssisin bildirdiyinə görə, biz adətən kağızı Türkiyədən, Çindən və başqa ölkələrdən alırıq, bütövlükdə dünyada kağız və mətbəə avadanlqılarının, rənglərin, kitab çapı üçün lazım olan vasitələrin bahalaşması özünü Azərbaycanda da göstərməyə başlayıb. Azərbaycanda son 30 ildə kitabların kütləvi şəkildə çap edilmədiyini deyən A.X.Əbilovun sözlərinə görə, ona görə də hər hansı bir kitabın maya dəyərinin aşağı düşməsi onun tirajının 10 mindən yuxarı olması ilə dəyərləndirilir. “Amma Azərbaycanda kitablar 500, 1000, ən yaxşı halda isə 5-6 min nüsxə ilə çap olunur. Bu da kitabların çapının baha olmasına və satışa da baha qiymətə buraxılmasına səbəb olur. Eyni zamanda kitabların qiymətində də bir xaotiklik var. Müəllif gəlir mətbəə və nəşriyyat tapır, onlarla müqavilə bağlayır. Bu da çox zaman şifahi müqavilə olur. Hətta bir çox nəşriyyatlar, mətbəələr müəllifdən pul alıb kitabı çap etsələr belə, müəlliflik hüquqlarının onlara məxsus olduğunu göstərirlər. Halbuki, bildiyim qədər, kitab müəllifin vəsaiti hesabına çap olunursa, kitabın nəşri üçün müəlliflik hüququ nəşriyyatda yox, şairdə, yazıçıda olmalıdır. Bizim yazıçılar bəzən bunu dərk etmir və nəticədə müəllif hüququnu həmin mətbəə, nəşriyyatla paylaşmış olur. Bu da düzgün deyil. Azərbaycanda bir sıra mətbəələr və nəşriyyatlar sanki kitab yayımını, satışını inhisara alıblar. Bəziləri dövlətin bu sahəyə liberal azadlıqlar verməsindən sui-istifadə edərək öz qohum-əqrabalarının keçmişdə kitab və nəşriyyat işində iştirakından yararlanaraq bu sahədə mafiyyalaşıblar, öz sistemlərini qurublar. Həmin o mətbəələr, həmin nəşriyyatlar bu və ya digər dərəcədə kimlər tərəfindənsə özəlləşdirildi, buna görə də onlar kitab çapını, kitab nəşrini inhisara alıblar və bu amillər də yeni yaranan nəşriyyatların bazar qiymətlərinə mane olur. Baxmayaraq ki, yeni nəşriyyatlar və mətbəələr yaranıb. Azərbaycanda biz bu sahədə çox mənfi hallarla qarşılaşırıq. “Yazıçı” nəşriyyatı vardı, Əkrəm Əylisli də onun rəhbəri idi. Bu nəşriyyatın da binası şəhərin çox görkəmli yerlərindən birində, Fəvvarələr meydanının yaxınlığında idi. “Yazıçı” nəşriyyatı necə oldu, kimlər tərəfindən “uduldu”, bu barədə heç kəs danışmır. Yaxud “Azərnəşr” necə oldu? Bildiyim qədər, onun binası Mərkəzi Univermağının yanında yerləşirdi. Onu kim “uddu”, kim özəlləşdirdi, o da məlum deyil. Vaxtilə 3 nömrəli mətbəə vardı, Maarif nəşriyyatı vardı. Bunların da taleyi qaranlıqdır. Eyni zamanda bir çox nəşriyyat və poliqrafiya işləri ilə məşğul olan şəxslər vardı ki, öz qardaşlarına, qohum-əqrabalarına müəyyən müəssisələr açdılar, o mətbəələri ucuz qiymətə özəlləşdirib onlara verdilər. Bəziləri ondan nəşriyyat kimi istifadə etsə də, çoxları profilini dəyişdi, kimlərəsə də o mətbəələrin yerlərini, avadanlıqlarını satdılar. Mənə elə gəlir ki, bununla hüquq-mühafizə orqanları maraqlanmalıdır. Amma digər tərəfdən bu, inhisarçılığa aparıb çıxarmamalıdır. Qiymətlərin bu şəkildə bahalaşmasına rəvac verən kitab çapını monopoliyaya alan nəşriyyat və mətbəələrdir. Bu da, təbii ki, çox mənfi tendensiyadır”- deyə A.X.Əbilov qeyd etdi.
İradə SARIYEVA,https://www.baki-xeber.com/medeniyyet/132384.html

