Bakıda mafiya: “Parkovka”da cərimə “bum”u. Meydanda “at oynadan”lar kimlərdir?!

“Parkovka”da özbaşınalıq son həddə çatıb. Sürücülər konkret idarəedicisi müəmmalı qalan şəxslər tərəfindən addımbaşı qanunsuz cərimə olunduqlarından təngə gəliblər. Dəfələrlə bu məsələ gündəmə gətirilsə də, məsələ həllini tapmır. Nə “parkovka” sahəsindəki anlaşılmazlıq çözülür, nə də özbaşınalığa “dur” deyən tapılır. 

Elə ərazilər var ki, səhər kim tez yuxudan oyansa, parkovkanın idarəedicisi o hesab olunur. Bəzən dövlətə məxsus olan parkovka ərazilərinin zəbt olunmasını və ora şlaqbaum yerləşdirildiyinin də şahidi oluruq. Sürücülərin bildirdiyinə görə onlardan pul tələb edən şəxslərin hansı qurumu təmsil etdikləri, yığılan məbləğin kimin cibinə getdiyi məlum deyil. Bəziləri sürücülərə barmaq-göz işarəsi ilə yuxarını göstərərək, sıradan bir adla cavabdehin guya yüksək vəzifəli şəxs olduğunu bildirir, hətta ödəniş etməyənlərə hədə qorxu gəlir. 

Bəs, meydanda “at oynadan”lar kimlərdir?

Görünən odur ki, hazırda parklamaya nəzarət edən qurum yetərincə güclü və əl birliyinə malikdir. Bu məsələdə başda Bakı şəhər İcra Hakimiyyəti olmaqla, yerli icra strukturlarının adı hallanır. Həmin qurumlar bir neçə özəl şirkətlərlə birgə sürücülərin qəniminə çevriliblər. 

Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti onların balansında heç bir yerüstü və ya yeraltı dayanacağın olmadığını bildirir. Əlavə olaraq Binəqədi, Səbail və Xətai rayon icra hakimiyytləri ilə əlaqə saxlamağa çalışdıq. Amma telefonlara cavab verən olmadı. Ehtimal ki, yerli icra strukturları da “mer”lərinin eyni açıqlamasını bəyan edəcəklər. 
 


Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürüb. Amma Agentlik 3 ildir ki, qanunvericiliklə ona verilən səlahiyyətlə bağlı qayda yarada bilmir. 

Cərimə “bum”u

Nəqliyyat ekspertlərinin fikrincə, cərimə deyilən sanksiya İnzibati Xətalar Məcəlləsində göstərilən hallarda mümkündür. Başqa bir halda vətəndaşa cərimə adında sanksiya tətbiq oluna bilməz. Əgər belə bir hal varsa, bu özbaşınalıqdır və qanunsuzluqdur. İnzibati Xətalar Məcəlləsində belə bir sanksiya yoxdur ki, avtomobili hər hansı saatdan sonra yerləşdirəndə yaxud da, gec götürəndə sanksiya, cərimə tətbiq olunsun. 

Dövlətin balansında olan 15 min “parklanma” nın ünvanları niyə açıqlanmır? 

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, dövlətin balansında olan parklama yerlərinin ünvanlları aidiyyəti qurumlar tərəfindən açıqlanmır:

“Bakıda maşınla hərəkət edən sürücü bilmir ki, harada saxlasa cərimələnəcək, harada saxlasa cərimələnməyəcək.Cərimələr özləri də çox vaxt cərimə edənlər tərəfindən qanunsuz olaraq həyata keçirilir. Dayanma-durma nişanı qadağası olmayan yerdə belə avtomobili saxlasaq,  cərimə gəlir. Yəni bu gün Bakı şəhərində dayanma-durmaya görə tələb olunan cərimələri əsassız və qanunsuz hesab edirəm. Bu cərimələr ləğv edilməlidir, yaxud cərimə edən qurumlar tərəfindən ödənilməlidir”.

Ekspert sözügedən məsələdə Bakı Nəqliyyat Agentliyinə çağırış edib. O, qurumu “parklanma”dakı özbaşınalıqla bağlı vətəndaşların yanında olmağa səsləyib:
 


Fərq etmir bu parklamaların tarifləri müəyyən edilib, ya edilməyib. Bunu cəmiyyət özü həll edəcək. Sadəcə o ünvanlar ictimaiyyətə açıqlansın və hər kəs bilsin ki, avtomobilini harada park edə bilər. Bu ünvanlar cəmiyyətə açıqlanmadıqca, dayanma-durmaya görə başlanan cərimə “bum”u əsassız sayılacaq. Şəxsən bir vətəndaş kimi bu məsələdən narazıyam. Tələb edirəm ki, sözügedən məsələ gizli saxlanılmasın, yaxud dayanma-durmaya görə edilən cərimələr ləğv edilsin. Artıq üçüncü dəfədir ki, media vasitəsilə belə bir müraciət edirəm. Amma nədənsə o ünvanlar açıqlanmır. Bu da məndə şübhə yaradır. Bakı Nəqliyyat Agentliyinin balansında olan parklama yerlərini kim alıb, satıb, talayıb, yaxud icarəyə götürüb, o mənə maraqlı deyil. Maraqlı olan dövlətin balansında olan 15 min dayanacaqdır. Örtülü, qapalı, küçədə olan və s…”

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB

Külli miqadarda icrasına pul xərclənən parklama problemi heç cür həllini tapmır. Cavabdeh qurum bu məsələdə nə qayda yarada bilir, nə də qeyri-qanuni yığılan cərimələrin qarşısını ala bilir. Əslində problemin kökü parklamalarda olan sistemsizlikdir. Araşdırmalar göstərir ki, bir çox xarici ölkələrdə bütün parklanma yerləri vahid mərkəzdən və informasiya sistemindən idarə olunur.

Yəni bir dövlət qurumunun tabeliyində fəaliyyət göstərən parklama yerləri ödənişli və ya ödənişsiz olmaqla fərqləndirilir.

Azərbaycanda isə tam əksinədir. “Hökumət evi”nin yaxınlığındakı və Qış Parkının altında yerləşən yeraltı dayanacaqlardan başqa digər parkinq yerləri özəl şirkətlərin tabeliyindədir. Qeyd olunan ərazilər isə Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir. Məhəlləarası parklanma yerlərinin isə hansı qurumun tabeliyində olması sual altındadır. 
 


Bildirdiklərinə görə, dayanma və durmaya icazə verən, parklanma olduğunu bildirən müvafiq yol nişanı əks etdirən ərazilərdə avtomobillərini park etsələr də, onlardan qanunsuz olaraq 1 və ya 2 manat müqabilində vəsait tələb edilib. Sürücü buna etiraz edəndə isə, xüsusi geyimdə görünən nəzarətçi avtomobili parklamaya imkan verməyib. Sürücü çox qısa vaxtda qayıdacağını bildirsə də, nəzarətçi “müəyyən etdiyi” məbləği ondan almaqda israr edib. Şəhərin bəzi ərazilərində fərqli mənzərə ilə də qarşılaşmaq mümkündür.

Belə ki, kimsə dövlətə məxsus olan parkovka ərazisinə şlaqbaum yerləşdirir və qanunsuz pul yığır.

Buna bənzər hallar paytaxtın bir çox ərazilərində yaşanır. Bəzi avtomobil sürücülərinə guya qanunsuz park etdiklərinə görə cərimə bildirişləri gəlir. Hansı ki, sonradan avtomobilin Bakı Nəqliyyat Agentliyi tərəfindən kameralarla görüntülənməsi aydın olur. Sürücü bu vəziyyətdə də haqsız duruma düşür və səlahiyyətli qurumun gətirdiyi min bir bəhanəyə cavab tapa bimir. 

Qəribə də olsa BNA isə israrla parklamadan yığılan pulların qanunsuz və onlara aid olmadığını bəyan edir.

Qurum baş verən bütün durumlarda  səlahiyyəti özəl şirkətlərin boynuna qoyaraq, onları günahkar bilir. Sürücülər isə gündəlik üzləşdikləri real parkinq “düyünü”nün birbaşa BNA-nə aid oduğunu iddia edirlər. Çünki sözügedən vəziyyətlərdə onlara ən çox bildirişin BNA-dən gəldiyi məlum olur. 
 


BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 milyon manat ödəyib.

İstənilən halda gizli fəaliyyəti ilə seçilən parkinq “qoçu”ları  şəhərdə əməlli-başlı “at oynadırlar”. Hökumət isə nə sistemin vahid mərkəzdən idarə olunmasını həll edir, nə də parklama tariflərini 4 ildir ki müəyyən edə bilir. 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürüb.
 
BNA tərəfindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılıb. Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir.

Alçina Amilqızı, Bizim.Media 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir