Müşahidə Şurasının üzvü İlqar Orucov maliyyələşməsi gözlənilən layihələrin sayını açıqladı

Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib. 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.Fərmana əsasən, sənədə yeni bənd əlavə edilib.Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu Fərmanın 7.2-ci və 7.3-cü bəndləri icra olunanadək, qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydasını, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarlarını və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddini, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasını təsdiq edəcək

***

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov Bakıvaxtı.az-a bildirib ki, Agentlik donor qismində çıxış etməklə yanaşı, dövlət, biznes və özəl təşkilatlarla qeyri-hökumət təşkilatları (QHT) arasında əməkdaşlıq mexanizmini həyata keçirəcək və qanun layihəsi üzərində çalışacaq. 
“Dekabrın 3-də Agentliyin Müşahidə Şurasının üzvləri olaraq biz iclasda QHT layihələrinin maliyyələşməsi ilə bağlı müvəqqəti qaydaları hazırlayıb, müzakirə edib təsdiq etdik. 2022-ci il üçün QHT-lərin qrant layihələrinin maliyyələşməsi baş tutacaq və düşünürəm ki, bu QHT-lər üçün çox vacib xəbər olacaq. Çünki 2021-ci ildə Agentlik qrant müsabiqəsi elan etməmişdi. Buna səbəb Agentliyin fəaliyyətinin yenidən formalaşması və Nazirlər Kabinetinin qrant layihələrinin maliyyələşməsi ilə bağlı müvafiq qərarının gecikməsi idi. Müşahidə Şurası olaraq biz müvəqqəti qaydaları təsdiq etdik və ümid edirəm ki, bu vətəndaş cəmiyyəti üçün çox vacib olan bir məqamdır. Çünki bu il ərzində QHT layihələrinin maliyyələşdirilməsi dəstəklənməmiş və əlbəttə ki, bu onların fəaliyyətinə birbaşa mənfi təsir göstərirdi”, – deyə İlqar Orucov bildirib. 
***Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyətinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün QHT-lərlə bağlı qanunda dəyişikliklər edilməlidir: “Düşünürəm ki, Azərbaycanda müstəqilliyin ilk illərindən başlayaraq QHT-lərlə bağlı qanunvericilik bazası işlənilib, xeyli təkmilləşib. Əlbəttə ki, qanunvericilik bazasının yenidən işlənməsinə və əlavələrə ehtiyac var. Odur ki, Agentlik növbəti illərdə QHT-lərin hərtərəfli, effektiv fəaliyyət göstərməsi, eyni zamanda dövlət maraqlarına xidmət edən fəaliyyət göstərməsi üçün çox vacib olan qanunvericiliklə bağlı məsələlərə fikir bildirəcək. Ümid edirəm ki, bu istiqamətdə biz yaxşıya doğru addımları görəcəyik.Azərbaycanla bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması, alternativ hesabatların hazırlanması prosesində vətəndaş cəmiyyəti çox faydalı işlər görür. Əlbəttə ki, bu istiqamətdə işləri daha da gücləndirməyə ehtiyac var və mən ümid edirəm ki, bizim vətəndaş cəmiyyəti bu sahədə yaxın gələcəkdə daha yaxşı nümunələri ortaya qoya biləcək. Nəzərə alsaq ki, postmüharibə dövrünün çağırışlarından irəli gələn çox ciddi məsələlər var və bu məsələlərin həllində vətəndaş cəmiyyəti institutları aktiv olaraq fəaliyyət göstərməlidirlər”. 


***

İlqar Orucovun sözlərinə görə, vətəndaş cəmiyyətinin güclü və zəif cəhətlərindən danışarkən qeyd etmək lazımdır ki, bu sahədə çox ciddi bir rəqabət mühiti var və rəqabət mühitinə davam gətirə bilən təşkilatlar daha da inkişaf edir, daha da güclənir: “Amma bütövlükdə QHT-lərin hamısının fəaliyyətini qənaətbəxş hesab etmək mümkün deyil. Azərbaycanda 4 mindən çox QHT fəaliyyət göstərir və biz onların fəaliyyətinə baxanda əlbəttə ki, hamısını eyni imkanlara və  bacarıqlara malik səviyyədə görmürük. Yaxşı təşkilatlanmış QHT-lər də var, amma təəssüf edirəm ki, yalnız qrant xətrinə işləyən və milli maraqlarla bağlı məsələlərdə biganəlik göstərən təşkilatların fəaliyyəti də çoxdur. Belə təşkilatlar konkret olaraq xarici donorlardan asılı vəziyyətdədirlər və Azərbaycanla bağlı bir çox hallarda yanlış informasiyaları ötürürlər və bu çox zərərlidir. Əlbəttə ki, Azərbaycanın milli maraqlarını qoruyan, dövlətə xidmət edən, dövlətçiliyin keşiyində duran QHT-lərin də sayı kifayət qədərdir. Ümid edirəm ki, vətəndaş cəmiyyəti fəaliyyətində yalnız bir məqama diqqət yetirməli və üstünlük verməlidir – hər şey dövlətimiz naminə olmalıdır, yəni nəticədə onların fəaliyyətindən dövlət qazanmalıdır. Vətəndaş cəmiyyətinin maliyyələşməsinin tənzimləməsi ilə bağlı qeyd etmək istəyirəm ki, dövlət tərəfindən, cənab Prezident tərəfindən göstərilən diqqət və qayğının nəticəsində QHT-lərə Dövlət Dəstəyi Şurası uzun müddət fəaliyyət göstərdi və artıq bu qurumun təkmilləşdirilməsi, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlaması ilə bağlı bu ilin aprel ayının 19-da cənab Prezidentin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edildi və onun bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi formalaşdırıldı. Bu artıq tamamilə yeni bir mərhələ, eyni zamanda, QHT-lərə dövlət dəstəyinin artırılması istiqamətində yeni bir institutdur. Publik hüquqi şəxs olaraq Agentlik artıq fəaliyyətə başlayıb. Xatırladım ki, dövlət başçısı qısa müddətdən sonra Agentliyin Müşahidə Şurasının on bir nəfərdən ibarət üzünün təyin olunması ilə bağlı sərəncam imzaladı. Hesab edirəm ki, yeni heyət kifayət qədər peşəkar insanlardan ibarətdir və bu da ümid verir ki, Agentlik effektli və yaxşı səviyyədə işlər ortaya qoya biləcək. Agentliyin ştat cədvəli müəyyənləşdi, işçilər işə götürdük və Agentlik artıq işə başlayıb”. 
***İ.Orucov qeyd edib ki, bu il QHT-lər üçün narahatedici bir il oldu və narahatlıqları görürdük: “Bu da onunla bağlıdır ki, Agentlik olaraq biz bu il QHT-lərin qrant layihələrini maliyyələşdirə bilmədik, daha doğrusu qrant verə bilmədik. Bu da QHT-lər tərəfindən haqlı və ya haqsız olduğunu deyə bilmərəm, amma narazılıq və narahatlıqlara səbəb oldu. Artıq o məsələ öz həllini tapdı”. 
***İ.Orucov bildirib ki, gələn il 400-dən artıq QHT-nin layihələrinin maliyyələşməsi gözlənilir: “Agentliklə yanaşı 13 dövlət qurumu da qrantların maliyyələşdirilməsini həyata keçirə bilər. Bütövlükdə qrant layihələrinə rəyin verilməsi və yekun hesabatın hazırlanması, dövlət başçısına təqdim olunması Agentliyə həvalə olunub. Bir çox hallarda bəzi dövlət qurumları QHT-lərə qrant verməkdə maraqlı deyillər. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, həmin dövlətlərdə hökumət qurumları sifarişləri QHT-lər vasitəsilə həyata keçirirlər. Burada şəffaflıq var, büdcəyə və işçi qüvvəsinə qənaət var. Hesab edirəm ki, Azərbaycanın QHT-ləri elə bir səviyyədədirlər ki, dövlət sifarişlərini qrant şəkilində alıb layihələri icra etmək qabiliyyətindədirlər. Amma təəssüf edirəm ki, QHT-lərə qrant vermək səlahiyyəti olan 13 dövlət qurumunun əksəriyyəti bu günə qədər onlara qrant layihələrini verməkdən yayınırlar.Biz Agentlik olaraq həmin dövlət qurumlarının rəhbərləri səviyyəsində işləri qurmaq niyyətindəyik. Qrant layihələrinin şəffaf paylanması, aidiyyatı üzrə verilməsi və effektivliyinin təmin olunması istiqamətində işlərin həyata keçirilməsi bizim hədəfimizdir. Vətəndaş cəmiyyəti institutları cəmiyyətin rifahı naminə peşəkarlığını artırmalıdır. QHT-lərin peşəkarlığının artırılması istiqamətində əslində işlərə böyük ehtiyac var. Eyni zamanda, onlar beynəlxalq təcrübəni öyrənməlidirlər. Digər tərəfdən cəmiyyətin inkişafı naminə əlbəttə ki, səylərini davam etdirməlidirlər. Bu baxımdan elə qeyd etdiyim kimi müvafiq dövlət qurumları tərəfindən onlara verilməli olan maliyyənin əldə edilməsi istiqamətində ardıcıl işlər davam etdirilməlidir. Vurğulayım ki, QHT-lərin fəaliyyətinin səmərəliliyini artırmaq üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. 2014-ci ildə QHT-lərin fəaliyyəti ilə bağlı qəbul edilən məhdudiyyətlərə yenidən baxılmalıdır. Azərbaycanda müəyyən proseslərdə siyasi marağı olan donorlardan qrant alınması istisna olmaqla ayrı-ayrı səfirliklərin və siyasi marağı olmayan donorların layihəsində iştirak etmək olar. Qanunvericilik yenidən tənzimlənməli və mexanizm elə qurulmalıdır ki, Azərbaycana çirkin niyyətləri olmayan – elmlə, təhsillə bağlı layihələrin maliyyələşməsinin heç bir ziyanı yoxdur. Əksinə Azərbaycana xeyirdir və biz bu mərhələlərə qoşulmadan da çox proseslərdən kənarda qalırıq. Düşünürəm ki, bu çox zərərlidir. Ona görə də bu istiqamətlərdə ciddi şəkildə yumşalmalar tətbiq olunmalıdır və növbəti ildə də Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də bu olacaq. Agentliyi donor qismində çıxış etməklə yanaşı, eyni zamanda dövlət, biznes və yaxud özəl təşkilatlarla qeyri-hökumət təşkilatları arasında bir əməkdaşlıq mexanizmi həyata keçirməlidir. Beynəlxalq əməkdaşlıq istiqamətində də öhdəliklərimiz var. Qeyd edim ki, BMT-nin Azərbaycan nümayəndəliyi Agentliyi ilə memorandum imzalamağa hazır olduğunu bildirib. Beynəlxalq təşkilatlarla da bu kimi əməkdaşlıq Agentlik tərəfindən formalaşdırılmalıdır və mütləq şəkildə beynəlxalq layihələr Azərbaycana gəlməlidir. Amma yenə də qeyd edirəm ki, burada siyasi məqsədli, çirkin niyyətli layihələr istisnadır”. 
Ramid İbrahimov 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir