Helikopter qəzasında 14 nəfər vəfat edib, 2 nəfər yaralanıb. Siyahı və adlar. Prezidentdən başsağlığı. Video
Helikopterin qəzaya uğraması nətcəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev mətbuata verdiyi rəsmi açıqlamasında bildirib.
O bildirib ki, “Qaraheybət” aviasiya poliqonunda planı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib. Qəza nəticəsində 14 nəfər vəfat edib, 2 nəfər yaralanıb.
Həlak olan hərbi qulluqçuların adları:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında hərbi helikopterimiz qəzaya uğrayıb.
Dövlət Sərhəd Xidmətinə məxsus olan helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Həmin fotoları təqdim edirik:
Allah rəhmət eləsin!




İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə BAŞSAĞLIĞI VERDİ
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Mətndə deyilir:
“2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.
Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!”.
Qəzadan əvvəl bu görüntüləri paylaşıb “Mənlə hamı fəxr edəcək” dedi – Kapitanın son VİDEOSU
Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri – kapitan Cavid Bayramlının son videogörüntüsü yayılıb.
Bununla bağlı videogörüntünü jurnalist Mehriban Sadıqova özünün “Facebook” hesabında paylaşıb.
Kapitan Cavid Bayramlı təlimə getmədən əvvəl dostları ilə videogörüntü edərək “Biz indi gedirik. Öpürəm. Mənlə hamı fəxr etsin. Özləri bilir kimləri nəzərdə tuturam”, – deyə qeyd edib.
“Bizimmedia”