Kinoteatrlarda filmlər niyə xarici dillərdə nümayiş etdirilir?! Aydın Xan Əbilov problemləri və çıxış yollarını göstərdi

“Azərbaycanda karantin qaydaları yumşaldılandan sonra insanlar nəinki öz iqtisadi-sosial məişət problemlərinin həlli ilə, həm də mənəvi-estetik inkişafı ilə əlaqədar müəyyən addımlar atmağı arzuladılar. Bu barədə tez-tez təkliflərlə aidiyyəti dövlət qurumlarının qarşısında çıxış etdilər. Belə bir vaxtda kütləvi əyləncə və istirahət mərkəzləri, restoranlarla, iaşə müəssisələri ilə yanaşı, mədəni və estetik sahələrə aid olan müəssisələrin də yenidən insanların ixtiyarına verilməsi ilə əlaqədar Nazirlər Kabinetinin xüsusi qərargahı müəyyən yumşalmalar etdilər. Belə bir vaxtda kinoteatrlar, teatrlar, muzeylər və bu kimi yüksək estetik dəyərləri özündə ehtiva edən və geniş kütlələrə xidmət edən müəssisələrin açılması bizim hamımızı sevindirdi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, o cümlədən də Azərbaycanda son vaxtlar get-gedə sayı artan kiçik, orta və böyük tutumlu kinoteatrların eyni zamanda, rayon və şəhərlərdə Heydər Əliyev Mərkəzləri, Gənclər mərkəzlərinin nəzdində kinoteatrların fəaliyyətə başlaması kinosevərlərin xüsusi sevincinə səbəb oldu: “Amma yenə də pandemiyadan əvvəlki problemlər mədəniyyətimizin, kino sənayemizin, kino yayımının və dublyajın problemləri üzə çıxmağa başladı”.

“Bilirsiniz ki, bütün sənət növləri artıq qloballaşır. Kinofilmlərlə yalnız böyük kinoteatrlarda, ənənəvi kinoteatrlarda yox, həm də müxtəlif yerlərdə tanış olmaq mümkündür. Xüsusən də insanların çox hissəsi “Facebook” üzərində, müxtəlif videoplatformalar üzərində, “YouTube” kanalında və smartfonlardakı xüsusi film nümayişinə imkan yaradan tətbiqlər vasitəsilə filmlərə baxmağa başladılar. Burada artıq milli və beynəlxalq sənədlərdə bir növ toqquşma hiss etdik. Azərbaycanın milli qanunvericiliyində o cümlədən dil haqqında, kino sənətinin inkişafı haqqında və digər mədəniyyət haqqında qanunlarda Azərbaycanın bütün ərazilərində nümayiş olunan sənət nümunələri reklamlar və digər kinofilmlər, sənədli filmlər, estetik məhsullar, hətta “Facebook” yazışmalarının özündə belə həm dövlət dili haqqında qanuna, orfoepiya və orfoqrafiya qaydalarına riayət olunmalıdır, həm də mütləq filmlər Azərbaycan dilinə dublyaj olunmalıdır, televiziya məhsulları Azərbaycan dilinə tərcümə olunmalıdır.

Saytlarda və hətta şəbəkələrdə gedən materiallarda da belə xarici, əcnəbi dillərdə verilsə, onun yanında Azərbaycan dilində tərcüməsi olmalıdır, hətta reklam haqqında qanunda reklam belə əcnəbi dildə gedirsə, onun yanında mütləq ondan balaca olmamaq şərtilə iri şriftlərlə Azərbaycan dilində də o mətnin tərcüməsi verilməlidir. Azərbaycanda nümayiş olunan filmlərin 90 faizi bəlkə də çox xarici, əcnəbi kinostudiyalarda, ölkələrdə istehsal olunmuş filmlərdir və Azərbaycan izləyicisi, tamaşaçısı rahatlıqla ruscanın ingilis dilində, rus dilində, türk dilində hətta fars, ərəb dillərində nümayiş olunan filmlər və yaxud digər vizual məhsullarla tanış ola bilirlər. Burada bir qədər fərqli bir nüans ortaya çıxır. Böyük kinoteatrlarda nümayiş olunan filmlər mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır. Tərcümə əlbəttə ki, elə-belə olunmur. Dublyaj, onun redaktəsi, yenidən səsləndirilməsi milyonların hesabına başa gəlir”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “10 minə tərcümə edilmiş hər hansısa bir filmin xərci sözsüz ki, son nəticədə biletin qiymətinin artması deməkdir. Bu da yayım şirkətlərinin, kinoteatrların üzərinə ağır yük salır. Həmçinin, maliyyə məsrəfləri də izləyicilərə böyük poblemlər yaradır”.

Başqa bir variant isə keçmiş sovetlərin vaxtında olduğu kimi, film gedə-gedə hər hansısa bir şəxs onlayn real vaxtda həçmin filmi Azərbaycan dilində səthi də olsa tərcümə edə bilər. Amma qanunvericiliyə uyğun olaraq filmlər mütləq Azərbaycan dilində olmalıdır.

Digər məsələ isə əvvəllər dil öyrənmək istəyən şəxslər, məhz filmlər vasitəsilə bunu edirdilər. Biz, bu qadağanı qoymaqla həmin tamaşaçıları həm maddi cəhətdən çətinliyə salırıq, ikincisi resurslarımız yoxdur ki, o qədər gələn filmlərin hər birini Azərbaycan dilində tərcümə edək. Bu, mümkün deyil. İl ərzində mindən çox film çəkilir və bu, çox çətindir. Azərbaycanda da kinoteatr sistemi bir o qədər də inkişaf etməyib. Kinoteatrlarımız paytaxt Bakı və böyük şəhərlərdədir ki, bu da böyük bir problem yaradır.

Eyni zamanda, şirkətlər öz filmlərini satanda orada kateqoriyalar var və burada göstərilir ki, filmlər harada, neçə dəfə nümayiş olunmalıdır. Çünki kino istehsal edən böyük kinostudiyalar marağındadırlar ki, onların biznesi inkişaf etsin və gəlir qazansın. Problemlərin digəri də biz kinoteatrları yüklədikcə orada dil problemləri ilə bağlı, Azərbaycan filmlərinin 20 faiz göstərilməsi, bayramlarda, milli günlərdə mütləq milli filmlərin nümayişi və s. problemlər var”.

“Kinoteatrlar mədəniyyət ocağı olaraq mütləq qalmalıdır. Azərbaycanın hər yerində kinoteatrların kütləvi nümayişi və seansları ilə bağlı addımlar atılmalıdır. Bu qadağalar olduqca tamaşaçılar böyük kinoteatrlardan qaçaraq smartfonlarına sığınırlar. Bu da hərəkətsizliyə gətirib çıxarır. İndi avtomobil idarə edən şəxslər də yol gedə-gedə filmlərə baxır. Bu, çox təhlükəlidir”.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “Ümumiyyətlə, kinoteatrların fəaliyyətinin dondurulması mənə bir az qəribə gəlir. Çünki restoranlarda, toylarda, yas mərasimlərində insanlar yaxın məsafədə oturur və koronavirus onda problem yaratmır, kinoteatrlarda yaradır. Məncə fəaliyyətini nisbətən yumşaltmaq, bir az daha yumşaltmaq lazımdır. Yəni, onların da həm insanların mədəni istirahəti üçün, həm də kinoteatrların yəni, iqtisadi vəziyyətini düzəltməsi üçün lazımi addımdır”.

“Qaldı ki filmlərin rus dilində olmasına, ümumiyyətlə, rus dilində, türk dilində kinoteatrlarda Azərbaycan dilindən başqa hər dildə film təqdim edilir. Azərbaycan dilinə tərcümə etməyi artıq xərc hesab edirlər. Ola bilsin bunun üçün vəsait xərcləmək istəmirlər, ola bilsin, sadəcə, insanların hamısının rus və türk dilini bilməsi məsələsinə görə o qədər də israrçı olmurlar. Məncə, Azərbaycan dilində filmlərə üstünlük vermək lazımdır. Bunun üçün müəyyən maliyyə də xərcləməlidirlər. Axı onlar qazanırlar, qazandıqları qədər də öz işlərinə vəsait yatırmalıdılar. Doğrudur, pandemiya onlara problem yaratdı, maddi vəziyyətləri çətinləşdi, amma bu, pandemiyadan öncə də belə idi. Ona görə həm türk, həm rus dilində olan filmləri məhdudlaşdırıb həmin filmləri Azərbaycan dilində tərcümə ilə vermək daha məqsədəuyğundur”.

Ayşən Vəli

https://sia.az/az/news/social/909920.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir