“Həkimlər öz sahələrinə yalnız biznes strukturu kimi və varlanmaq üçün baxırlar!” – Aydın Xan Əbilovdan sərt şərh

“Əslində biz, icbari tibbi sığortanın işə düşməsini gözləyirdik ki, tibb, səhiyyə sahəsində Azərbaycanda olan problemlərin həlli ilə bağlı əhalinin geniş təbəqələrin narazılığı aradan qalxacaq. Təəssüflər olsun ki, icbari tibbi sığorta ilə birlikdə pandemiyanın başlaması, karantin qaydalarının sərtləşdirilməsi və İcbari Tibbi Sığorta Fondundan pulların daha çox koronavirus xəstələrinin sağalmasına yönəldilməsi, üstəlik də İkinci Qarabağ müharibəsi və bu müharibənin fəsadları, şəhidlərin, qazilərimizin çox olması bu sahədə aparılan islahatları bir qədər ləngitdi”. Bu sözlər SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu islahatların daha geniş vüsət alması, daha geniş əhali təbəqəsinin sağlamlığına yönəlməsi üçün bundan sonra istər TƏBİB, istər icbari tibbi sığorta orqanı, istərsə də Səhiyyə Nazirliyi mütləq bu sahəyə xüsusi yeni bir baxış sərgiləməlidir: “Bilirsiniz ki, Azərbaycanda alternativ təbabət, dövlət və özəl tibb müəssisələri var və bu tibb müəssisələrindən müəyyən mənada əhali vaxtaşırı istifadə edir. Həm də nəinki Azərbaycanda, dünyanın hər yerində insanların sağlamlığı ilə bağlı böyük problemlər yaşanır, təbiət və texnogenik hadisələr baş verir, müharibələr baş verir, ekoloji tarazlığın pozulması, qlobal istiləşmə və kütləvi sürətdə yaşıllıqların məhvi, çayların quruması, yayda temperaturun az qala 50 dərəcəyə çatması əhalinin geniş kütləsinə və insanların sağlamlığına böyük ziyanlar vurur. Bu böyük ziyanların qarşısını almaqda əlbəttə ki, tibb müəssisələri, səhiyyə orqanları, dövlətin səhiyyəyə cavab verən qurumlarının xüsusi təşkilatçılığı tələb olunur. Hələlik, tibbi icbari sığorta oturuşmadığına görə bir çox problemlər özəl tibb şirkətlərinin, tibb müəssisələrinin üzərinə düşür”.

A.Əbilov sözlərinə belə davam edib: “İstənilən özəl tibbi müəssisə və yaxud hər hansı bir həkim, poliklinika, xəstəxana, tibb müəssisəsi istədiyi qiymətə əhaliyə tibbi xidmətlər təklif edir və göstərir. Bəzən, müayinə adı altında, sonra müalicə də əlavə olunur. Sonra bahalı iynələr, dərmanlar da daxil olmaqla bu qiymətlər həddindən artıq yüksək olur. Bu da əhalinin geniş kütlələrinin cibinə uyğun gəlmir. Əslində biz istər Səhiyyə Nazirliyi, istər əczaçılığa cavab verən qurumlar, istərsə də TƏBİB-in yaranmasından sonra fikirləşdik ki, bu sahəyə xüsusi nəzarət gücləndiriləcək və tibbi xidmətlərin, dərmanların qiymətlərinin tənzimlənməsi və nəzarətedici funksiya güclənəcək. Təəssüflər olsun ki, biz bunu görmürük. Çünki istər dərmanların günü-gündən bahalaşması, istər həkim qəbulunun, xəstəxana qiymətlərinin artması, sanitariya və müalicə kurort müəssisələrində qiymətlərin həddindən artıq baha olması ona gətirib çıxarır ki, artıq insanlar xəstəxana xidmətlərindən imtina edib və sağlamlığına o qədər də pul xərcləmirlər”.

Ekspert əlavə edib ki, Azərbaycanda ailə büdcəsinin hara xərcləndiyini müəyyənləşdirsək görəcəyik ki, bunun 60 faizi yeməyə, ərzaq məhsullarına, 20 faizi xidmət sahələrinə, 20-25 faiz kommunal xərclərə gedir: “Yalnız gəlirin 10 faizi əczaçılıq, tibbi xidmətlər, dərman və digər sağlamlığı ilə bağlı məsələlərə yönləndirilir. Həkim qəbullarında olan ödənişlərin çox yüksək səviyyədə olması, bahalı müayinə və müalicə, eyni zamanda hətta mən bildiyim qədər də özəl müəssisələrin təcili yardım maşınlarının belə çox baha qiymətə 500-600 manata xidmət göstərməsi əhalinin orta və kasıb təbəqələrinin cibinə, büdcəsinə uyğun deyil. Ona görə də onlardan istifadə olunmur. Dünyanın hər yerində Hippokrat andına sadiq qalan həkimlərin müxtəlif kasıb təbəqələrə müayinə-müalicə hətta dərmanların paylanmasını görürük. Müxtəlif humanitar mərhəmət aksiyaları baş verir və bu zaman həkimlər imkansız ailələrdən olan uşaqlar, gənclər və qocaları pulsuz-parasız müalicə, müayinə edib hətta, onlara dərmanlar da verirlər. Yalnız Azərbaycandır ki, həkimlər öz sahələrinə yalnız biznes strukturu kimi və varlanmaq üçün baxırlar. Üstəlik həkimlərin aptek, əczaçılıq şirkətləri ilə birləşməsi, rüşvət, hörmət və digər formada öz xeyirlərini götürmək üçün məhz o şirkətlərin lazım gəldi, gəlmədi dərman iynələrindən və peyvəndlərindən, zərdablarından istifadə edərək insanları müalicə, müayinə etməsi üçün bahalı xidmətlər göstərməsi əlbəttə ki, əhalinin qəzəbinə səbəb olur. Bu xüsusilə də kasıb və orta təbəqənin narazılığına səbəb olur. Ona görə də biz təklif edirik ki, dövlətin bu sahədə xüsusi qiymət artımına nəzarət edən və qiymətləri müəyyənləşdirən bir qurumu olmalıdır və o qurum mütləq pullu tibbi xidmətlər göstərən müəssisələrin qiymət siyasətinə xüsusi nəzarət etməlidir. Yaxın gələcəkdə yəqin ki, bu olacaq. Ondan sonra da narazılıqlar ortadan götürüləcək”.

Ayşən Vəli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir