“Bravo”da film kimi cinayət. Planı kassir qurub

“Gənclik Mall”da yerləşən “Bravo” supermarketin kassa şöbəsinin rəisi iki tanışı ilə əlbir olaraq mağazadan külli miqdarda pul oğurlayıb.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, Cahad Hüseynov (soyad şərtidir) tanışları Anar və Samirlə əvvəlcədən qurduqları plan əsasında mağazanın kassasından 167 min 408 manat pulu götürüb. C.Hüseynov və dostları polisin onlardan şübhələnməməsi üçün mağazaya qəfil hücum həyata keçirilib görüntüsü yaradıblar.

Plana əsasən, iş gününün sonuna yaxın Anar və Samir müştəri kimi mağazaya giriblər. Cahad onlara kassa otağına doğru getməyi işarə edib. Kassa otağının qapısını bilərəkdən açıq qoyub və qabaqcadan səhnələşdirilmiş cinayət görüntüsü yaradılıb. Samir özü ilə götürdüyü “naşatır” spirti tökdüyü cuna parçasını onun ağzına tutub, guya ona hücum çəkdiyini nümayiş etdirib yalandan yerə yıxıb. Bu məqamda Anar kassa otağından 167 min 408 manat pulu çantaya yığıb otaqdan çıxıb. Anar və Samirin mağazanı tərk etmələrinə əmin olduqdan sonra C.Hüseynov kassanın soyulması barədə mağaza rəhbərliyinə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları Cahadın izahatını almaq üçün polis bölməsinə aparıblar. Həmin gecə Cahad cinayəti etiraf edib və digər iki şəxs də dərhal tutularaq polis bölməsinə gətirilib.

Məhkəmədə ifadə verən mağazanın müdir müavini bildirib ki, hadisə baş verən zaman o mağazada olmayıb: “Kassaya Cahad baxırdı. Gündəlik yığılan təxminən 40 – 50 min manat pul banka göndərilirdi. Həftə sonları isə adətən pullar elə mağazanın kassasında qalırdı. Hadisə gecə saatlarında olub. Həmin vaxt mən evdə idim. Sonra mənə xəbər verildi ki, mağazadan naməlum şəxs tərəfindən külli miqdarda pul oğurlanıb. Tez mağazaya gəldim. Elə həmin vaxt polislər də gəldi. Cahadın ifadəsi alınmaq üçün polis şöbəsinə aparıldı. Daha sonra öyrəndik ki, hadisəni Cahad plan quraraq törədib. Hər şeyi özü etiraf edib. Dəymiş ziyan da həmin günün səhəri geri ödənildi”.

Cahad Hüseynov ifadəsində bildirib ki, Anar və Samirə hadisəni törətməklə bağlı təklifi özü verib: “Anar mənim iş yoldaşımın qohumudur. Onunla elə iş yoldaşım Hüseynin vasitəsilə tanış olmuşuq. Bir neçə dəfə elə Hüseynin, bəzən də təklikdə görüşmüşük. Görüşdüyümüz zaman işlədiyim marketin gündəlik gəliri haqqında danışırdıq. Əvvəl zarafatla, daha sonra elə həyata keçirmək məqsədi ilə mağazanın kassasını soymaq planları qurduq. Bilirdim ki, həftə sonları kassaya yığılan pul banka göndərilmir. Buna görə də Anara dedim ki, gecə saatlarında, işçi az olan vaxt marketə gəlsin. Kassadan pulu tanışım Samir götürəcəkdi. Anar da mağazanın içində dolaşıb vəziyyətlə bağlı bizə məlumat verməli idi. Elə də oldu. Axşam saat təxminən 12 idi. Mən Samirin marketdə olduğunu görüb ona ardımca gəlməsini işarə verərək kassanın yerləşdiyi otağa girdim. Qapı kodla açıldığına görə içəri girəndə bağlamadım. Ardımca maska və əlcək geyinmiş Samir gəldi. Üzərinə “naşatır” spirti tökdüyü tənzif parçasını ağzıma tutdu və mən yerə uzandım. Daha sonra kassadakı pulları götürərək özü ilə gətirdiyi çantaya qoyub getdi. Onun getməsini gözlədim. Bir neçə dəqiqə keçəndən sonra ayağa qalxıb çölə, marketin içinə çıxdım. Orda olanlara hadisəni dedim və polis çağırdıq”.

Təqsirləndirilən şəxslər dəymiş zərəri tam şəkildə ödədikləri üçün “Bravo” rəhbərliyinin onlara qarşı hər hansı şikayət və tələbləri olmayıb. Bu halı nəzərə alan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri hər üç şəxslə şərti cəza verib. 

Lamiyə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir