“Niyə bu ölkədə yaxşı yaşamaq üçün əyri adam olmalısan?!” – Aydın Xan Əbilov
Aydın Xan: “Mənim bu gün dediyimə millət 3-5 ilə gəlib çıxır; Azərbaycanda intellektual səviyyə durmadan aşağı düşür”
Ədəbi-mədəni və ictimai məsələlərə intellektual-kreativ yanaşmaları ilə hər zaman diqqət mərkəzinə olan, qalmaqallı fikirləri ilə cəmiyyətin diqqətini cəlb edən yazıçı-kulturoloq Aydın Xan (Əbilov) ilə budəfəki söhbətimizin maraqlı keçəcəyini öncədən də təxmin etmək olardı. Çünki Aydın bəy Azərbaycanda milli kulturologiya sahəsini populyarlaşdıran, onun əsaslarını qoyan şəxsdir. 4 kitab müəllifi, fəal bloqqerdir, həm də tanınmış tele-eskspertdir. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (Qurumu) sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəridir. Yəni onunla danışmağa xeyli maraqlı mövzu var…
– Aydın müəllim, indiyəcən yazdıqlarınıza görə sizi heç qınayan olubmu?
– 1996-cı ildən peşəkar ədəbiyyat meydanında, eləcə də mətbuat və internet məkanındayam. Çox az sayda materiallarım, fikir və mülahizələrim var ki, səs-küyə, müzakirələrə səbəb olmasın. Əvvəllər daha çılğın idim, mübahisələrə girişər, özümə məxsus olan düşüncələrimi var gücümlə müdafiə etməyə, cəmiyyətə yeritməyə çalışırdım. Amma sonralar yaşlaşdıqca, müdrikləşdikcə bu mövqedən imtina etməli oldum. Mənə aydın oldu ki, düşündüklərim intellektuallar üçündür, fəqət, cəmiyyətdə hamı elmli-bilgili insanlar deyil. Üstəlik, çox əfsuslar olsun ki, Azərbaycanda müstəqillik dönəmindən üzü bəri intellektual səviyyə durmadan aşağı düşür. Beləliklə, başladım zövq, intellekt, kreativlik, hadisələrə yanaşma, səviyyə məsələlərinə daha tolerant olmağa. İndi təhqir və söyüşdən başqa istənilən əks-reaksiyaya çox dözümlüyəm. Düzü, mən milli düşüncədən çox dünya fikrindən gələn adamam, mənim bu gün dediyimə millətin 3-5 ildən sonra gəlib çıxmasına öyrəşmişəm.
– Yazar kontekstində əxlaq məsələsinə münasibətiniz necədir?
– İstənilən halda hər sahədə, hər vaxt əxlaqlı insan olmalısan. Baxmayaraq ki, sənətlə etik-mənəvi dəyərlər bir-birinə tərs mütənasibdir, amma həyatda olduğu kimi ədəbiyyatda, düşüncədə, sənətdə də əxlaqlı olmaq vacibdir. Burada əxlaq deyəndə söhbət klassik tabularla, komplekslərlə əhatələnmiş, mental dəyərlərlə çərçivəyə salınmış hansısa saxta standartlardan getmir. Bilirsiniz ki, Qərbdə sənət estetikaya, Şərqdə isə etikaya güvənib. Odur ki, avropalı ilə asiyalı arasında hansısa mənada dərin uçurumlar var. Bu, bizim yaşam tərzimizə də təsirsiz ötüşməyib. Ümumiyyətlə isə yaradıcılıq, böyük mənada sənət, kreativ düşüncə, intellektual səviyyə, peşəkarlıq heç bir əxlaqa, yaxud çərçivəyə sığışmır.

– Bəzən adama elə gəlir ki, hansısa insan, yaradıcı insan özü öz həyatını qurmur, seçmir. Elə bil ona bu həyat tərzini seçən bir qüvvə var. Yəni bu həyatı o, özü istəmədən yaşayır. Siz öz həyatınızda bu şeylərə rast gəlmisinizmi?
– Ulu babam Ərdəbilin qədim sufi ocaqlarının nümayəndəsi sayılır. Anamın dediyinə görə, nəslimizdə vergili şəxs olaraq mən onun enerjisini daşıyanam. Düzü, təbiət etibarilə mən ateist, qatı intellektualist olsam da siz demişkən, hərdən mənə də elə gəlir ki, bu hansısa əvvəlcədən planlaşdırılmış, müəyyən konturları cızılmış bir həyatı yaşayıram. Tutalım, mən özümü öldürsəm də işsiz, oxumaqsız, öyrənməksiz yaşaya bilmirəm, sanki hansısa qüvvə məni vadar edir ki, hər gün üzərimdə çalışım, nəsə yaradım, cəmiyyətə faydalı olum. Mən sutkanın 6 saatını yatmağa sərf edirəm, qalan vaxtı durmadan çalışıram, işləyirəm, qurub-yaradıram. Sizə bir sirrimi də açım. Artıq 42 yaşım var və bu yaxınlarda dərk etmişəm ki, istirahət, asudə vaxt mənlik deyil. İşləməkdən zövq alıram, mən işləyəndə istirahət edirəm. Mənə toxunan olmasa, aylarla bayıra çıxmaz, bir kimsə ilə təmasa girmərəm. Əvvəllər mənə insanlar maraqlı gəlirdi, amma oxuduqca, dünyanın sirlərini, həyatın şifrələrini özüm üçün açdıqca adamlara olan bütün marağım itdi. İstənilən adamı görən kimi, necə deyərlər, “hansı yuvanın quşu” olduğunu əvvəlcədən “oxuduğumdan” insanlara olan marağım itib. Əksinə, həyata, dünyaya, intellektə, virtual aləmə diqqətim, həvəsim çoxalıb. 2009-cu ildən www.kitabxana.net – Milli Virtual Kitabxananın üzərində ciddi işləyirəm. İndi həyatımın və şüurlu fəaliyyətimin əsas iki mənası var: elmi-bədii yaradıcılığım və bu elektron kitabxana…
– Aydın bəy, demək olar ki, bir çox xarici ədəbi qurumların təşkil etdiyi tədbirlərdə iştirak etmisiniz. Görəsən,bizim Yazıçılar Birliyindəki kimi xarici ədəbi birliklərdə də məişət davası gedirmi?
– Xaricdə, xüsusən də inkişaf etmiş sivil cəmiyyətlərdə kreativ düşüncə sahiblərinin məişət problemləri bütöv, yaxud qismən ya dövlət tərəfindən, ya da xüsusi mədəniyyət fondları tərəfindən ödənilir. Deyək ki, sənət qrantları, təqaüdləri, birdəfəlik maddi yardımlar, mükafatlar formasında ödəmələr hər hansı bir yaradıcı adamın yüksək səviyyədə olmasa da hər halda normal insan kimi yaşamasına, kreativ fəaliyyətlə məşğul olmasına imkan verir. Üstəlik də kitab biznesinin oturuşması, satış, yayım və qonorar sisteminin işləməsi yazıçıların əsl ciddi sənətlə məşğul olmasına stimul verir. Gəlin baxaq Azərbaycanda durum necədir. Bu ölkədə yaxşı yaşamaq üçün əksər hallarda əyri adam olmalısan, rüşvət verib-almalısan, saxtakar, qeyri-səmimi, aktyor cildinə girməlisən. Təsəvvür edin ki, mən 16 ildir “Ədəbiyyat” qəzetində şöbə müdiriyəm, azdan-çoxdan bu ölkə üçün, onun ədəbi-mədəni, intellektual inkişafından ötrü nələrsə etmişəm. Özümün 4 kitabımı, eləcə də 100-dən artıq kitabın araya-ərsəyə gəlməsindəki redaktorluq əməyimi hələ demiəm. 1000-dən çox mətbu yazılarım var. Amma indiyəcən də nə dövlətin, nə də cəmiyyətin diqqətində deyil bunlar, evsizəm, 2-3 yerdə işləməyə məcburam. Dur indi millətin inkişafı üçün əvəzsiz rolu olan analitik təhlil, tənqid, ideya yaradıcılığının niyə bizdə yox dərəcəsində olduğunu anlat bu insanlara. Mən hələ üzdə olanın biriyəm, bunun gənc alimi, yazıçısı, sənətin müxtəlif sahələrində istedadını göstərmək istəyəni var.

– AYB sədri, xalq yazıçısı Anar gənc şair Şərif Ağayarı AYB sıralarından uzaqlaşdırdı. Şərifdən sonra daha bir neçə gənc imza sahibi qurumu tərk etdi. AYB-nin üzvü olaraq bu haqda nə deyə bilərsiniz?
– Azərbaycan Yazıçılar Birliyi qədim bir sənət məbədidir. Ora yaradıcılığını realizə etmək istəyən, başqa sözlə ifadə etsəm,- qədimlərdə sənətlə məşğul olmaq suç sayılırdı,- “günahı”nı yumağa gələn istedadlılarla yanaşı məbəddə xeyir güdməyə qədəm basmış, – deyim ki buna haqları da var, – insanlar da çoxdur. İndi məbəddən istədiklərini ala bilmirlər deyə, fürsət düşüb deyə, oranı tərk etməklə diqqət mərkəzində olmağa çalışırlar. Hətta bəziləri onu uçurmağın gərəkliliyini dilə gətirir. AYB heç kimi ilham pərisi ilə cütləşdirmir. Bir kəs də deyə bilməz ki, Yazıçılar Birliyi məni yaradıcılıqla istədiyim kimi məşğul olmağa qoymur. Ədəbi dərgilər, onların saytları, qəzetlər, toplular, rus, ingilis, türk, fransız dilində Azərbaycan ədəbiyyatı – nəsr və poeziyasının almanaxları, elektron şəbəkə resursları, virtual kitabxanalar, seksiyalar, tədbirlər, müxtəlif məclislər, konfranslar, yubileylər və başqa formatlardan yararlanan AYB imkan daxilində çalışır ki, Azərbaycan dili – milli ruh və düşüncəmizi, ədəbiyyatımızı, estetik-kulturoloji fikrimizi inkişaf etdirsin. Amma bir qrup gənc “Fikrət Qoca ölsün”, “Anar getsin”, nə bilim, “AYB bağlansın” deyə qışqırmaqla bizə də məlum olan, fəqət cəmiyyətdə ikitirəlik yaranmasın deyə açıqlanmasını məqbul saymadığımız qüvvələr tərəfindən milli-mədəni dəyərlərimizə qarşı qaldırılır. Sanki bu ölkədə bütün problemlər həll olunub, qaldı təkcə ədəbiyyat meydanı, AYB. Adam evindəki böyüyü təhqir etməz, onun ölümünü arzulamaz, ən azı ona görə ki, babalara münasibəti görən nəvələr əvvəl-axır övladları didəcək.
AYB ictimai qurumdur və kimsə onun üzvlüyündən gedirsə, yol açıqdır. “İstefaya gedirəm!” deyib bununla ictimai düşüncəyə “xox” gəlmək lazım deyil. Əgər super istedadlısınızsa, yazın-yaradın, AYB-dəki tanınmış yazıçı və şairlərdən də yaxşı səs salın cəmiyyətə. Bu, mənim öz şəxsi fikrimdir və təəssüflənirəm ki, hər iki cəbhədəki dostlarım hay-küyə uyub növbəti dəfə yazıçıların imicinə böyük zərbələr vururlar. Ona görə də bu məmləkətin zəmanə qəhrəmanları Dubayda tər tökən qadınlar, ölkədə hamıya “atmaq”la məşğul olan fırıldaqçılardır. Uzaqbaşı yazarların sözlərini toyda oxuya-oxuya qaz vurub qazan dolduran manıslardır.
– Kənan Hacı öz profilində belə bir status paylaşıb: “Azərbaycan Yazıçılar Birliyi bir azdan belə adlanacaq: Azərbaycan Qoca Yazıçılar Birliyi”. Doğrudanmı AYB rəhbərliyi sağlam fikirli gənc yazarları öz sıralarında görmək istəmir?
– Bu, Kənan dostumun öz şəxsi fikridir, əgər mən AYB sıralarındayamsa, onun elektron resurslarından birinin rəhbəriyəmsə, eləcə də yüzlərlə gənc birliyin üzvü olaraq onun imkanlarından yararlanırsa, necə demək olar ki, orada yalnız qocalardır?! Üstəlik də bu, təbiətin qanunudur: haçansa indiki gənclər də, hamımız, elə Kənan Hacı da qocalacaq. Qocalıq isə müdriklik deməkdir. Söz yox ki, AYB-də müəyyən islahatlara ehtiyac var. Amma son qurultaydan bu yana o islahatlar məgər getmədimi? Baxın, digər yaradıcı ittifaqlara rəğmən cəmiyyət AYB-də gedən proseslərə daha həssasdır, çünki hamı yaxşı bilir ki, Azərbaycan millətinin ruhunun sağ-salamat qaldığlı tək-tük ictimai təsisatlardan biri, bəlkə də yeganəsi Yazıçılar Birliyidir. Bu – həqiqətdir. Bizi sevməyənlər isə ilk növbədə həqiqətə hücuma keçirlər. Zamanında hər şey yerinə düşəcək, tələsməsinlər…
Tural Balabəyli
Virtualaz.org –https://virtualaz.org/dunen/2737

