Kinoteatrlarda filmlər niyə ana dilində səsləndirilmir? Mədəniyyət Nazirliyidən qəribə açılama

Son illərdə kinoteatrlara, sinema mərkəzlərə maraq çox artıb. İnsanlar boş zamanlarını səmərəli keçirmək üçün bu yerlərə üz tutur. Lakin yerli kinoteatrlarda izləyicilər problemlərlə üzləşir. Belə ki, ingilis dilində olan filmlərin Azərbaycan dili əvəzinə rus dilində tərcümə ilə verilməsi, Azərbaycan dilində altyazılarla verilən fimlərdə isə qrammatik səhvlərin olması tamaşaçıda narazılığa səbəb olur. Şikayət edənlər filmlə subtitr arasında naəlac qaldıqlarını bildirilər. Nəticədə diqqət yayınır, tamaşaçı filmdən zövq almır və kinoteatrlardan qaçaq düşür. 

Media nümayəndələri məsələni ilk olaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə çözməyə çalışdıq.
 


Qurumun ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin Həsənova bildirdi ki, biz dublaj studiyası deyilik, biz kinoteatr olaraq hazır nə kontent var, onu nümayiş edirik:

“Dublaj kinoteatr üzərinə düşən öhdəlik deyil, bunu xarici studiyalar etməlidir və ya dövlət səviyyəsində dəstək olunmalıdır. MDB ölkələrinin rəsmi film distribüteri Rusiya olduğu üçün filmlər rus dilində təqdim olunur”.

Nizami kinoteatrının direktoru Leyli Mirzəyeva da dil probleminin kinoteatrlardan asılı olmadığını qeyd etdi:

“Nazirlər Kabinetinin qərarına, Mədəniyyət Nazirliyinin göstərişinə uyğun olaraq xarici filmlər yayımlanarkən mütləq orada Azərbaycan dilində altyazılar və ya dublyajlar olunur. Əks təqdirdə xarici filmlər ana dili olmadan yayımlanmır. Biz çalışırıq ki, xarici filmlər daha çox dublyajla yayımlansın, lakin təəssüf ki, bu bütün filmlərdə alınmır. Kinoteatr özü altyazıların hazırlanması və dublyajların olunması məsələləri ilə məşğul deyil. Biz filmləri hazır şəkildə dillerlərdən alırıq. Bu işlə onlar məşğuldur”.

Problemlə bağlı sorğumuzu Mədəniyyət nazirliyinə ünvanladıq. Nazirlikdən bildirildi ki, Azərbaycan dilinə dublyajla bağlı mövcud problem onları da narahat edir:

“Sovet dövründə kinostudiyanın nəzdində mərkəzləşdirilmiş dublyaj studiyası mövcud idi və burada filmlərin peşəkar şəkildə dublyajı həyata keçirilirdi. Həm əcnəbi filmləri Azərbaycan dilində, həm də yerli filmlərin xarici dillərə dublyajı burada aparılırdı. Amma indi buna imkan yoxdur”.

Nazirlikdən onu da qeyd ediblər ki, filmlərin istehsal dili ilə yayımlanması peşəkar normadır: 

“Kinomanlar filmi orijinal dilində izləməyə üstünlük verirlər. Bu həm də iqtisadi aksiomadır. Ölkə əhalinin sayı çox olduqca, filmin potensial tamaşaçı ehtimalı artdıqca həmin dilə birbaşa dublyaj olunması iqtisadi cəhətdən özünü doğruldur. Amma Azərbaycan, Gürcüstan, Litva, Latviya və digər ölkələrdə də filmlərin dublyajla kinoteatrda nümayişi nadir hallarda həyata keçirilir”.

Əlavə olaraq qeyd edirlər ki, dublyaj işi bahalıdır və film üçün minlərlə manat əlavə xərc çəkib dublyaj edib onu nümayişə hazırlamaq distribyutor şirkətlərinə sərf eləmir: 

“Amma unutmaq olmaz, kütləvi nümayişə buraxılan – 0+ yaş kateqoriyasında və ya azyaşlı tamaşaçılar üçün nəzərdə tutulan filmlər əlbəttə ki, dublyaj olunmalıdır”.

Nazirlik həmçinin qeyd edir ki, bu sahənin inkişafı üçün yeni inkişaf konsepsiyası hazırlanır və ictimaiyyətə bununla bağlı açıqlama veriləcək:

“Problemin həlli üzrə çoxvariantlı mexanizm hazırlanıb. Azərbaycan Respublikası Kino Agentliyi təsis olunduqdan sonra kino sahəsində bütün problemlərin həlli ilə paralel çoxsahəli inkişaf proqramı işə salınacaq. Bu zaman dublyaj məsələsinin də detallı şəkildə həll yolları ictimaiyyətə açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir