Azərbaycanda Nizami Gəncəvi Beynəlxalq Festivalı başlayır. Esse müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli 146s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair” Tədbirlər Planına əsasən 15 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı başlayır.

Festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.

Festivalın açılış günündə görkəmli elm xadimləri, Nizamişünaslar, dövlət rəsmiləri və Gəncə şəhər ictimaiyyəti Nizami Gəncəvinin Məqbərəsini ziyarət edəcək, ardınca gün boyu Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Xalq Çalğı Alətləri Orkestri çıxışları ilə festivalın qonaqlarını salamlayacaqlar.

Eyni gündə Bakı şəhərində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət Vokal musiqi axşamı təşkil ediləcək.

Noyabrın 16-da Gəncə şəhərində Nizami Poeziya Teatrında “Nizami işığında” tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

Festival çərçivəsində – 17 noyabr tarixində Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin Ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestrinin konserti baş tutacaq.

Festivalın davam etdiyi 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası nümayiş olunacaq.

Noyabrın 20-də Gəncə Dövlət Filarmoniyasında “Xəmsə” estrada qrupunun çıxışı və Bakı şəhərində Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Nizami” baletinin nümayişi baş tutacaq.

Zəngin proqrama malik festivalın növbəti günündə – 22 noyabr tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans baş tutacaq, sərgi açılacaq. Həmçinin Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəvi.Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” Elektron məlumat bazasının təqdimatı keçiriləcək.

Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.

Noyabrın 24-də Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Misyo Jordan və Dərviş Məstəli Şah” tamaşası təqdim ediləcək.

24 noyabr tarixində öz işinə başlayacaq, yerli və xarici elm adamları, Nizamişünasların iştirakı ilə Bakı şəhərində 3 gün davam edəcək “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumu və noyabrın 26-da Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Nizami Gəncəvinin 880 illiyinə həsr olunan çıxışı ilə festival öz işini yekunlaşdıracaq.

15-26 noyabr – Nizami Gəncəvi Beynəlxalq Festivalının proqramı ilə link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz. 

“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur

“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil olunur. Müsabiqənin təşkilində əsas məqsəd böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin geniş təbliğini həyata keçirmək, azərbaycanlı və xarici yazarları müsabiqəyə cəlb etməklə Nizami dühası haqqında müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

  • Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
  • Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
  • Əsərlər Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılmalıdır.
  • Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.
  • Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
  • Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməldir.

Müsabiqənin mövzusu

Mövzu: Nizami Gəncəvi

Essenin həcmi:

Mətnin həcmi 880 sözdən çox olmamalıdır

Müsabiqənin mükafat fondu:

4 042 (dörd min qırx iki) ABŞ dolları

Qaliblərin seçilməsi və mükafatı

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir.

Birinci yer – 2021 ABŞ dolları

İkinci yer – 1141 ABŞ dolları

Üçüncü yer – 880 ABŞ dolları

Birinci yer eyni zamanda “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunacaq

Müsabiqənin müddəti:

Müsabiqəyə esselərin qəbulu 20 dekabr 2021-ci il tarixində sona çatacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: +99412 493 06 80

Whatsapp:+99451 777 61 15

İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: nizamiganjavi880@culture.gov.az

© Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir. 15-26 noyabr tarixini əhatə edən festival Bakı və Gəncə şəhərlərində gerçəkləşir.

Noyabrın 15-də Gəncə şəhərində festivalın açılış mərasimi keçirilib. Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və 300-dən artıq mədəniyyət işçisi, incəsənət xadimi Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, böyük söz ustadının məzarı üzərinə tər çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları şəhərdəki Nizami Gəncəvi Muzeyində olublar.

Daha sonra festival çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və Dövlət Kamera Orkestrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.

Gecədə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bir-birindən maraqlı musiqi nömrələri şəhər sakinləri və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Dahi şairin doğma yurdunda Nizami Gəncəvi Beynəlxalq Festivalı silsilə tədbirlərlə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir