Azərbaycan Ordusunun şəhid və yaralılarının sayı açıqlandı. Ermənistanın dünənki itkiləri: 20 ölü, 40-dan çox yaralı
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Şəhid olan hərbçilərin siyahısı:
– leytenant Niftəliyev Ümüd Oruc oğlu;
– gizir Cabbarov Orxan Hətəm oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
– əsgər Ağayev Elçin Mərifət oğlu;
– əsgər Əlizadə Elmin Samir oğlu;
– əsgər Əliyev Elçin Ramil oğlu;
– əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
“Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – nazirlikdən bildirilib.
Ermənistanın dünənki itkiləri: 20 ölü, 40-dan çox yaralı
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.
Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.
Dünəndən erməni mediasında yayılan məlumatlara əsasən xəbər verir ki, qarşı tərəfin 20-dək canlı qüvvəsi məhv edilib, 40-dan artıq hərbi qulluqçu yaralanıb.
Ermənistan ordusuna məxsus xeyli sayda silah-sursat hərbi qənimət olaraq ələ keçirilib. Bunlar iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, çoxlu sayda tank əleyhinə və əl qumbaraları, patronlar və digər silahlardır.
Qafqazinfo

