Virtual manyak və cinayətkar ciddi cəzalandırmalı, onlara amnistiya şamil edilməməlidir. Aydın Xan Əbilovdan qalmaqallı tələblər

Virtual manyak, cinayətkar və alaçaqları ciddi cəzalandırmalı, onlara heç bir amnistiya şamil edilməməlidir…

Sıralarında 60 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana və yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq, tənqidçi-ictimai aktivist Aydın Xan Əbilovdan qalmaqalli tələblər.

“Həyatımıza müəyyən yeniliklər və inqilablar gətirmiş internet, sosial şəbəkələr get-gedə həyatın bütün sahələrinə, insan fəaliyyətinin müxtəlif istiqamətlərinə öz müsbət və mənfi təsirlərini göstərməyə başlamışdır. İnkişaf etmiş, intellektual səviyyəsi yüksək olan cəmiyyətlərdə bu cür cinayətkarlıq problemləri var. Sosial şəbəkələrdəki cinayətkarlıq hallarına qarşı müxtəlif ölkələrin hökumət, dövlət başçıları, parlament və beyin mərkəzləri düşünürlər ki, maksimum internetin uşaqların, yeniyetmələrin və gənclərin mənəvi, psixoloji durumuna mənfi təsirindən qurtulması üçün qanunvericilikdə dəyişikliklər edilsin, yeni normativ aktlar qəbul edilsin”.

Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq, tənqidçi ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu barədə eyni zamanda istərmilli, istərsə də beynəlxalq səviyyədə konvensiyalar hazırlanmalıdır: “Biz də bunu dəstəkləyirik. Çünki son illər həm sosial şəbəkələrdə, həm internetdə istər virtual cinayətkarlıq, istər real cinayətkarlığa zəmin yaradan kontentin artmasının səbəbkarları məhz internetdən maarifləndirici, öyrədici, təhsil, elm, mədəniyyət, estetik zövqü formalaşdıran yeni vasitə kimi istifadə etməyənlərdir. Daha dəqiq desək, cinayətkarlar daha çox öz mənfi əməllərinin qurbanlarını seçmək üçün məhz internetdən, sosial şəbəkələrdən edirlər. Son vaxtlar beynəlxalq insan alveri, beynəlxalq narkotika ticarəti, qlobal mənada cinayətkar dəstələr, şəbəkələr internet üzərindən müxtəlif lotereyalar və onlayn aldadıcı proqramlar hazırlayıb nəinki öz ölkələrində, həmçinin digər ölkələrdə yayan müxtəlif millətlərin nümayəndəsindən ibarət virtual mafya qrupları yaranıb. Bu cinayətlərlə yalnız hansısa milli, regional yox, həm də qlobal səviyyədə mübarizə aparılmasa, sözsüz ki, böyük problemlərlə qarşılaşacayıq”.

Aydın Xan Əbilov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son vaxtlar yayılan “patı” adlanan sintetik və yarım-sintetik narkotik maddələrin satışı və digər bu cür mənfi hallar məhv internet üzərindən aparılır: “Təəssüflər olsun ki, “Facebook”, “İnstaqram”, “TikTok”, “Teleqram” və “Whatsapp” kimi platformalar artıq insanlar üçün, xüsusilə də yeniyetmələr və gənclər üçün böyük tələyə çevrilməkdədir. Cinayətkarlar əlbəttə ki, yeni texnologiyalardan yaranmağa çalışırlar. Amma dövlət, hüquq-mühafizə orqanları, beyin mərkəzləri, ictimai qurumlar, kütləvi informasiya vasitələri, mobil rabitə və internet bağlantısı yaradan şirkətlər müxtəlif proqramlar, filtrlər yaradırlar ki, bu cür mənfi hallara qarşı mübarizə aparılsın. Sosial şəbəkələrdə olan virtual cinayətlərin ən dəhşətlisi isə fərdlərin həyatına vurduqları zərbələrdir. Əgər sivil bir cəmiyyətdə hər hansı bir şəxsi şəkil paylaşılırsa, həmin adam cinayət məsuliyyətinə cəlb edilir. Onların böyük əksəriyyəti həbs olunur. Ancaq təəssüflər olsun ki, bu cür insanlara qarşı ağır cəzalar olmadığına görə onlar bir neçə ildən sonra azadlığa çıxaraq yenidən həmin işlərlə məşğul olurlar. Hər hansı bir şəxsin fikrinə, yanlış mövqeyinə görə onun “linç” edilməsi artıq sosial şəbəkələrdə dəbdə olan cinayət növlərindən birinə çevrilib. Çox təəssüflər olsun ki, dövlət qurumları, hüquq-mühafizə orqanları bu cür hallara qarşı ciddi deyil. Bu cür hadisələri törədənlərin elə bir cəzası olmalıdır ki, onlar bir daha bu əməllərə əl atmasınlar”.

Arzu Qurbanzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir