Əhməd şah Məsudun müqavimətçı oğlu Xameneinin qəbulunda: Taliblərin razılığını alaraq gəlib

Əfqanıstanda Talibana qarşı müqavimət hərəkatına başçılıq edən oğul-Məsud-əfsanəvi Əhməd şah Məsudun oğlu İranda ali dini lider Əli Xamenei ilə görüşüb. Xamenei əfqan böhranından çıxış yolunun tapılması üçün lideri oğul-Məsud olan Milli Azadlıq Cəbhəsini taliblərlə qarşılıqlı güzəşt əsasında razılaşmaya çağırıb.  

Bu görüşdə qəribə heç nə olmaya bilərdi. Oğul-Məsud hazırda öz Milli Azadlıq Cəbhəsi (MAC) üçün əyləncəli və yaradıcı şəkildə sponsor axtarışındadır. Odur ki, Talibanla mübarizədə “müqəddəs işə” potensial olaraq qəpik, sent və rial verə biləcək hər kəslə bir araya gəlməyə hazırdır. Lakin məşhur məsəldə deyildiyi kimi, “bu məsələnin öz nüansları var”.

Şərqdə ildırım sürəti ilə xəbər yayıldı: Əhməd Məsud Xamenei ilə görüşüb…

Məsələ burasındadır ki, İran XİN-in bəyan etdiyi kimi, oğul-Məsud İrandan Əfqanıstana elektrik enerjisinin ixracının bərpa olunması ilə bağlı danışıqlara gəlib. Bu xəbərdə ən maraqlı məqam həmin görüşün… Kabillə, yəni taliblərlə razılaşdırılması idi!      

Bu sətirlərin müəllifi artıq heç nəyə təəccüblənməyəcəyini düşünürdü. Lakin qarşımızda sağlam məntiqə sığmayan informasiya var: bir-biri ilə ölümünə düşmənçilik edən Taliban və MAC, sən demə, birgə hərəkətə keçib. Əfqanıstanda vəziyyətin sabitləşməsi yolunda.

Ölkənin elektrik enerjisi ilə təminatı barədə danışıqlar aparmaq oğul-Məsudun səlahiyyəti xaricindədir. Onun belə səlahiyyəti yoxdur və o, ödənişlə bağlı zəmanət verə bilməz, MAC-ın bütövlükdə büdcəsi bu məsələnin öhdəsindən gəlməyə qadir deyil. Əslində taliblərin də pulu yoxdur, lakin onların əlində İranın marağında olan başqa bir şey var. Söhbət taliblərin şiə xəzərilər üzərində nüfuzundan gedir.

Və belə bir “gözlənilməz” təsadüf: oğul-Məsud Məşhəddə İran məmurları ilə elektrik enerjisi haqda danışıqlar aparır, bir sutka sonra isə taliblər xəzəri icmasının işğalçı administrasiya və amerikalıların marioneti Qani ilə əməkdaşlıq etmiş nüfuzlu liderləri Kərim Xəlili, Məhəmməd Mohakek və Sadiq Mudabirin “ümumi amnistiyaya düşdüklərini və öz doğma ölkələrində repressiyadan qorxmadan yaşamaq hüququna malik olduqlarını” elan edir. Özü də bunu elan edən Maulavi Əbdül-Kəbir, Talibanın baş nazirinin siyasi məsələlər üzrə müavini onların təhlükəsizliyinə şəxsən zəmanət verir.

Mahiyyət etibarı ilə oğul-Məsud Tehranla Kabil arasındakı danışıqlarda vasitəçi rolunu oynayıb, özü də taliblərin Kabulunu təmsil edib. Taliblərə qarşı əcəb barışmaz mübarizdir.

Taliblər, İran və Məsud hansı ümumi düşmənə qarşı birləşir?

Tehran da ondan geri qalmır: sözdə taliblərin hökumətinin “inklyuzivlik” sarıdan axsadığı elan edilir, məlumat yayır ki, “əl-Qüds” Əfqanıstanda öz hüquqularını müdafiə etmək üçün xəzərilərin hərbi dəstələrinin formalaşmasına başlayır, əslində isə “barışmaz müxalifətçidən” istifadə edərək Talibanla sıx iqtisadi əlaqələr yaradır.  

Şərq, sözsüz ki, incə məsələdir, lakin gerçəkdə bu süjetdə fövqəltəbii heç nə yoxdur. Taliblər, Tehran və MAC nə istəsələr danışa və bir-birinə o ki var nifrət edə bilərlər, lakin onların ümumi düşməni var – Xorasan İslam dövləti (XİD). Ona qarşı isə ən ağlasığmaz alyanslar bir araya gələ bilər.

Tehranda Qərb siyasətçilərinin ağlına heç cür sığmayacaq həqiqəti anlayırlar – Taliban nə qədər pis və qeyri-demokratik hesab edilsə də, hazırda Əfqanıstanda XİD-nə qalib gələ biləcək yeganə gerçək qüvvədir. Taliblər öz ölkələrinin sərhədindən kənara çıxmayacaq, “xorasanlılar”sa  “tövhidin qələbəsi” naminə xarici ekspansiyaya hazırdır.    

Ümumi düşmənin varlığı ən gözlənilməz alyanslar üçün yaxşı motivatordur. Beləliklə, iranlılar, oğul-Məsud və taliblər eyni cəbhədə birləşib. XİD-in uğuru onlar üçün son dərəcə ciddi problem olardı, üstəlik bu, fiziki ölüm-dirim məsələsidir.

Bu uğursa Əfqanıstanda iqtisadi kollaps baş verdiyi halda əldə oluna bilər – ölkə ərzaqsız, elektrik enerjisiz və yanacaqsız qalacaq. Gerçəkçilər bunu anlayırlar. Yerdə qalanlarsa çoxsaylı beynəlxalq konfranslarda yığışmağa üstünlük verirlər. Həmin konfranslarda Əfqanıstanın problemləri bir qara qəpiyə dəyməyən söz yığınından ibarət qətnamələrdə boğulub qalır.

Müəllif: Cavad Şabiri, haqqin.az saytı üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir