Lənkəran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında
Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi nümayəndəliyinin səyləri nəticəsində Lənkəran şəhəri şəbəkənin “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər siyahısına salınıb.
UNESCO-nun baş direktoru Odre Azulenin qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 49 şəhər daxil edilib.
Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.
Şəbəkəyə davamlı şəhər strategiyasını inkişaf etdirmək üçün mədəniyyət və yaradıcılığa – sənətkarlıq və xalq sənəti, dizayn, kino, qastronomiya, ədəbiyyat, media sənəti və musiqiyə sərmayə qoyan 90 ölkəni əhatə edən 295 şəhər daxildir.
2021-ci il Dünya Şəhərlər Günü münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Bu, Azərbaycanın yaradıcı şəhərlər siyahısında 3-cü şəhəridir.
Daimi nümayəndəliyimiz tərəfindən Lənkəran şəhərinin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, qastronomiyası haqqında lazımi məlumatlar toplanaraq UNESCO-ya təqdim edilib. Azərbaycanımızın Lənkəran şəhəri Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı seçilib!
Lənkəran bu önəmli statusu 4 il daşıyacaq.
Bu barədə UNESCOnun rəsmi saytında məlumat yerləşdirilib.
Azərbaycan mədəniyyətinin
dünya miqyasında tanıdılması, qorunması işində ardıcıl, məqsədyönlü işlər görən
Azərbaycanın Birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva başda olmaqla, ölkəmizdə mədəniyyət və təbliğat siyasətinə məsul bütün qurum və quruluşları, o cümlədən Milli Kulinariya Mərkəzini və Assosiasiyasını təbrik edir, yeni uğurlar diləyirəm!
Məmnuniyyətlə bildirmək istəyirəm ki, Milli Kulinariya Mərkəzi ilə Milli Məclisin Mədəniyyət Komitəsini sıx əməkdaşlıq telləri bağlayır və biz sonuncu dəfə ötən həftənin 5-ci günü bir daha görüşüb müvafiq müzakirələr aparmışdıq.
Bir daha bu uğurda əməyi keçən bütün kulinarlarımızı, məmurlarımızı, diplomatlarımızı, mədəniyyət və sənət xadimlərimizi, əlbəttə, ali dövlət rəhbərliyimizi ürəkdən təbrik edirəm!
Mübarək olsun!
8 noyabr – Zəfər Günü ölkəmiz, mədəniyyətimiz adina belə bir xoş xəbər almaq cox xoşdur!

