ASK-ı (“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti) məmnuda özəlləşdirmə. Zamin Hacı
Manatın şişmiş qolları, Partlatdı ağzın dolların”.
(şeir)
Bahalaşma, işsizlik bir yandan xalqı sıxmaqda ikən o biri yandan şayiələr gəzir ki, manat devalvasiyaya uğrayacaqdır. Açığı, bunda təəccüblü nəsə yoxdur. Manatın növbəti ucuzlaşmasını nəzərdə tutmuram, şayiələrin gəzməsini deyirəm. Bizdə artıq neçə illərdir sərbəst gəzən, asudə dolaşan, toplaşmaq azadlığından istifadə eləyən yeganə şey varsa o da şayiədir. Hərçənd, bu bədbəxti də səhvən şaiyə kimi yazanlar çox olur. Elə bil adama piket üçün icazə verirsən, lakin əraziyə çatan kimi polisi göndərib döydürürsən. Xarici ölkələrdə olur belə şeylər, əlbəttə, ağlınıza pis şeylər gəlməsin. Mən özüm ümumiyyətlə siyasətə qarışmıram.
Mərkəzi Bankın müdiri isə zəhmətkeşlərin nigaran qəlbinə sığal çəkdi, deyir, belə xəbərlərə inanmayın, həm də deyir, mən başa düşmürəm, belə başlıqlı xəbərlər hardan yaranır. Doğrudan da, görəsən belə xəbərlər nə üçün yaranır? Bəyəm indiyə qədər manatın devalvasiyaya uğradığını görmüşük? Nə üçün xalq hökumətə deyil, şayiələrə, xaricdən maliyyələşən qara qüvvələrə uyur? (Erməni dəyirmanına su axıdanlar da vardı, lakin onlar zəfərimizdən sonra passivləşiblər, çünki ərazidəki bol sulu çayların hamısı nəzarətimizə keçmişdir, daha erməni dəyirmanına su axıtmaq mümkün deyildir).
Müdir onu da dedi ki, neft gəlirləri sayəsində manatımız möhkəmlənməkdədir, bu dəqiqə hətta tərsinə proseslər gedir: manatın möhkəmliyi iqtisadiyyatımıza mənfi təsir edir. Axırda da hamımızı ciddi sosial məsuliyyətə dəvət elədi.
Açığı, söhbətin hamısı yaxşıdır, kaş bircə o manatın möhkəmlənməyinin bizə sərf eləmədiyini deməzdi. Camaatı qorxudan elə bu cür söhbətlərdi da bə! Bu cümlədən devalvasiya qoxusu gəlir. Çünki bizdə indiyəcən nə pis iş olubsa bu andıra qalmış möhkəmlənmə və inkişaf sayəsində olubdur. Məsələn, görürsən birdən Tarif Şurası nəyinsə qiymətini qaldırdı. İzahat necə verilir? “İqtisadiyyatımız fısqırıq tərəqqi edir, sahə üzrə islahatlar aparılır, qiymət baha olsa, xalqa daha xeyirlidir” və sairə. Hələ bir dəfə olmayıb ki, hökumət açıq etiraf eləsin: idarəçilik bərbaddır, korrupsiya xirtdəyə çıxıb, büdcəni doldura bilmirik, istəyirik bahalaşmanı sizin belinizə şəlləyək. İnsafən, xalqın beli də hər yükü götürür, qırılmır, elastikliyinə söz yoxdur, ancaq bu artıq başqa temadır. Sözümün canı odur ki, artıq sözümdə can qalmayıbdır. Şair demişkən: “Sözün də su kimi lətafəti var, Suyun qiyməti qalxıbsa, söz niyə bahalaşmır”.
Lakin uğurlu addımlar atılır, bunu göstərməliyik. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC – bunun abbreviaturasından eşq-məhəbbət yağır) 6 müəssisəsi özəlləşdirilməyə çıxarıldı. Özəlləşdirmə bizdə SSRİ dağılandan vüsət almışdır, hazırda nə qədər özəl zavodlarımız, fabriklərimiz işləyir, səhm bazarı, qiymətli kağızlar qaynaşır, rəsmi milyonçu və milyarderlərimiz oynaşır… Əlbəttə, zarafat edirəm, SSRİ dağılandan sonra özəlləşdirmə ən pis formada keçirildi, obyektlərin çoxu satılıb dağıdıldı, qalanları da keçmiş kommunist müdirlər mənimsədi. Faktiki bizdə müstəqillikdən ən çox bəhrə görən elə keçmiş kommunistlər oldular. Ona görə hərdən müxalifətçilər meydan hərəkatından-zaddan qırıldadanda mənim qıdığım gəlir. Təpənizə dəysin meydanınız da, hərəkatınız da. Yenə o vaxt heç olmasa Moskvaya-zada yazırdıq, indi şikayətə baxan yoxdur.
İndi bu “ASKı-məmnu”nun obyektləri özəlləşsə nə olacaq? Heç zad. Çünki bunu bir neçə il, dəqiq yazsaq 5 il qabaq yaradanda da heç zad olmamışdı. Deputat Kamran Nəbizadəni ora müdir qoymuşdular. Ancaq soruşan yoxdur ki, niyə bunun tərkibindəki şüşə, ayaqqabı, ipək, tekstil, şərab və sairə (özəlləşməyə bunları qoyublar) bazarda yerini tuta bilmədi, ötən illərdə yalnız zərərlə işləməsiylə, eyzən dövlətdən dotasiya almasıyla yadda qaldı?
Mən bunun hamısının səbəbini bilirəm, lakin siyasətə qarışmadığım üçün yazmıram. Həm də sosial məsuliyyət daşıyıram.
https://www.musavat.com/news/ask-i-memnuda-ozellesdirme_840694.html