Azərbaycanda qazın və elektrik enerjisi tarifləri dəyişdi. Rəsmi xəbər

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Bu barədə Tarif Şurası məlumat yayıb.

Bildirilir ki, Tarif (qiymət) Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunın təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilib.

Aparılan müzakirələrdə ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilmişdir. Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.

İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanıb.

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri aşağıdakı kimi təsdiq edilib.

İclasda həmçinin, ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması məqsədilə ixrac olunan elektrik enerjisinin, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün istehsalçı tərəfindən təbii qazın müqavilə qiyməti ilə alınması məqsədəuyğun hesab olunmuş, bu barədə müvafiq qərar qəbul edilib.

Əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılmış və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1200 m3) tariflərə dəyişiklik olunmayıb.

Təbii qaz qiymətlərinin sürətli artımı dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan vermişdir. 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, qlobal iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanması elektrik enerjisinə tələbatı da kəskin artırıb. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan və elektrik enerjisindən istifadə edən sahələr üçün tariflər dəyişmiş, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb

Qeyd olunmalıdır ki, ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir.

Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranıb.

İclasda Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə elektrik enerjisindən istifadə tarifləri aşağıdakı kimi təsdiq edilib:

Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılıb.

İclasda həmçinin, kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilmiş, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisinin müqavilə qiyməti ilə verilməsi məqsədəuyğun hesab olunub.

Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minir.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Yeni tarifləri belə izah etmək mümkündür:

Təbii qaz tarifləri üzrə:

– Tarif (qiymət) Şurasının oktyabrın 16-da keçirilən iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərara əsasən:

• Təbii qaz üzrə tariflərdə:

– Əhalinin illik istehlakının 1200 kub metrədək olan hissəsi (1200 kub metr daxil) üçün tariflər 1 kub metr üçün 2 qəpik artırılaraq 12 qəpik müəyyən edilir;

– Əhali üçün 1200 kub metrdən 2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər mövcud səviyyədə saxlanılır;

– Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri hər kub metr üçün 2 qəpik artırılaraq 22 qəpik müəyyən edilir;

– Enerji istehsalı üçün “Azərenerji” ASC-yə, “Azəristiliktəchizat” ASC-yə, həmçinin məhəllə qazanxanalarına və CNG tipli qazdoldurma məntəqələrinə satılan təbii qazın tarifi 3,5 qəpik artırılaraq 16,5 qəpik müəyyən edilir;

– Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə – 1 kub metr üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır;

– İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.

• Tarif dəyişikliyinin əhaliyə təsirləri:

– İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində proqnozlaşdırılır.

– Aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılması önəmlidir.

Elektrik enerjisi üzrə:

• Tarif Şurasının iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərarda aşağıdakı məsələlər nəzərdə  tutulub:

– Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılır.

– Əhali qrupu üzrə tariflər istehlakı 200 kVts-dək (200 kVts daxil olmaqla) olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir;

– Qeyri-əhali üzrə istehlakçı qrupunun digər sahələr üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik/kVts, xidmət və ticarət sahələri üzrə isə tarif 2 qəpik artırılaraq 11 qəpik/kVts  səviyyəsində müəyyən olunur.

– Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almünium sənayesinə tətbiq olunmaqla ortalama tarif 2,8-5,8 qəpik/kVts-dan 3,1-6,4 qəpik/kVts-a dəyişdirilir;

– Bu vaxta qədər gecə-gündüz tarifi tətbiq olunan kimya sənayesi digər istehlakçı qrupuna aid edilir;

– Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisi müqavilə qiyməti ilə verilir;

– Qərarlar 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minir.

• Tarif dəyişikliyinin əhaliyə və iqtisadiyyata təsirləri:

– Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.

– Aylıq 200 kVts istehlak edən abonentlər əhali abonentlərinin 63%-ni təşkil edir;

– Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

– Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib.

– 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb.

– Qeyri-əhali istehlakçı qrupları üzrə tarif dəyişikliyi iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaqdır.

– Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək;

– Azərbaycanda alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaranır. Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyatı və təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri, inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir