Üç dost ölkə arasında gömrük məsələləri üzrə komitə yaradıldı

Oktyabrın 8-də İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüş keçirilib.

Görüşdə məqsəd ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi və bu istiqamətdə müzakirələrin aparılması olub.

Türkiyə ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay gömrük sərhədlərinin mühafizəsində və ticarətin asanlaşdırılması yolu ilə iqtisadi artıma yardım edilməsində gömrük xidmətlərinin rolunun önəminə toxunaraq, görüşün bu və digər sahələrdə üçtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəliləyir və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminlik yaradır.

Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini, bütün sahələrdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu və tərəflərin gömrük orqanlarının da bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Sonra görüşdə gömrük əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsində və sərhəd-keçid məntəqələrində əməkdaşlığın gücləndirilməsi, BYD prosedurlarının rəqəmsallaşdırılması, Türkiyə-Naxçıvan-Azərbaycan-Gürcüstan dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında görüşün Protokolu və “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” imzalanıb.

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.

Komitənin iclasları ildə bir dəfə olmaqla növbə ilə keçiriləcək.Növbəti iclasın Bakı şəhərində keçirilməsi razılaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir