Azərbaycanda BMT erməni təcavüzündən zərər çəkən ailələrə humanitar yardım paylayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında “Əsas yardım/qeyri-qida vasitələrinin ianə edilməsi haqqında” razılaşma sənədi imzalanıb. 

Sənədi Agentliyin sədri Vüqar Behbudov və BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso imzalayıb. 

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK tərəfindən müvafiq ləvazimatlar formasında humanitar yardım göstərilməsi nəzərdə tutulub. 

Bu məqsədlə oktyabr ayında Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Gəncə, Goranboy rayonlarında yaşayan və erməni təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK-ın yardımı olaraq qeyri-ərzaq dəstləri paylanacaq. Humanitar yardımların ailələrə çatdırılması, bu sahədə nəzarət-monitorinqin həyata keçirilməsi işləri Sosial Xidmətlər Agentliyi tərəfindən yerinə yetiriləcək. 

Q.Ambroso bu dəfəki yardımların digər humanitar yardımlardan həcminə görə ciddi fərqləndiyini qeyd edib. 

Ümumi dəyəri 738 min ABŞ dolları olan qeyri-qida vasitələrinin ianə edilməsində ciddi nəzarət-monitorinq sisteminin olacağı, prosesə sözügedən regionlarda humanitar yardımlarla bağlı ixtisaslaşmış əməkdaşların cəlb ediləcəyi bildirilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir