Peşə-əmək Reabilitasiya Mərkəzinin məzunu Türkiyədə ali məktəbə qəbul olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 2014-cü ildə toxuculuq peşəsinə yiyələnən Mətanət Quliyeva (Qüdsi) qardaş ölkənin Bolu Abant İzzet Baysal Universitetinin psixologiya fakültəsinə daxil olub.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Mətanət Qüdsi ilə görüşərək onu tələbə adını qazanması münasibətilə təbrik edib. Sədr bildirib ki, bu uğur qeyd olunan kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından ən yaxşı nümunələrdəndir. Ölkə rəhbərliyi tərəfindən Mətanətin timsalında əlilliyi olan şəxslərin cəmiyyətə qazandırılması, onlar üçün hərtərəfli şəraitin yaradılması istiqamətində davamlı addımlar atılır.
Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi də bu kateqoriyadan olanların sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.
Mərkəz bu ilin 8 ayı ərzində 111 nəfər şəxsə sosial xidmət göstərib. Eləcə də onların əl işlərindən ibarət satış sərgiləri təşkil olunur. Bu kimi addımların atılması onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Mətanət Qüdsi bir sıra sahələrdə fəallığı və nailiyyətləri ilə də tanınır. O, 2015-ci ildə Gəncə Dövlət Regional kollecinin təsviri incəsənət müəllimliyi fakültəsinə qəbul olub. Elə həmin ildə “Kəpənəyin saldığı yol” adlı kitabı işıq üzü görüb. 2017-ci ildə Avropa ittifaqının maliyyə dəstəyi ilə Türkiyənin Ankara şəhərində keçirilən “Engelli Kazanır, İnsanlık Kazanır” adlı layihədə könüllülük fəaliyyəti göstərib. 2017-2018-ci illərdə Paralimpiya ailəsinə qoşularaq Boccia idman növünün BC-1 kateqoriyası üzrə 1-ci yer kubokunun qalibi olub.
2016-2018-ci illərdə Şəmkir rayon icra hakimiyyətinin təşəbbüsü ilə müxtəlif nominasiyalar üzrə müsabiqədə ilk dəfə “İlin Gənci” adına layiq görülüb və elə həmin ildən “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin yaradıcısıdır.
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların VIII Ümumrespublika Bədii yaradıcılıq-baxış müsabiqəsində iştirak edərək “Bədii Qiraət nominasiyası üzrə” 1-ci yerin mükafatçısı olub.
2020-ci ildə İctimai və Sosialyönümlü fəaliyyətdə fərqləndiyinə görə Gənclər üçün ayrılmış Prezident mükafatına layiq görülüb. “Gəl birlikdə darıxaq” adlı ikinci kitabı nəşr olunub.Mətanət Qüdsiyə yeni təhsil həyatında bol uğurlar, nailiyyətlər arzulayırıq!