Un məmulatlarının qiyməti ilə bağlı qərarda dəyişiklik: çörək bahalaşacaq?!
Baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli qərarında dəyişiklik edib.
Dəyişiklik dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınması məqsədilə edilib.
Dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qaydada hesablanacaq və müəyyən edilmiş qaydaya uyğun subsidiya veriləcək:
– Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.
– Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərarın 2.1-1-ci yarımbəndinə əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən edilsin;
1-1.3. un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılır.”.
3. Aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:
“2.1-1. idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablasın;
2.1-2. subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin etsin;”.
4. 2.3-cü bənddə “2021-ci il 1 iyun tarixinədək” sözləri “3 (üç) ayda bir dəfə” sözləri ilə əvəz edilsin.
Maliyyə Nazirliyi subsidiya məbləğinə dair İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə
təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Taxıl Fondunun rəisi söz verdi: “Taxıl boldur, çörək bahalaşmayacaq”
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırıb. Çörəyin qiymətinin qalxması da bəzi dedi-qodulara yol açıb. Hətta bəzi iqtisadçılar Azərbaycanda un və taxılın qiymətinin kəskin artacağını, nəticədə çörəyin bahalaşacağını proqnozlaşdırır.
Məsələ ilə bağlı Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov Qaynarinfo-ya açıqlama verib.
Z.Məmmədov açıqlamasında, taxıl qıtlığı ilə bağlı verilən “şərhlərin” əsassız olduğunu və bu cür açıqlamaların əhali arasında ajiotaj yaratmaqdan başqa bir işə yaramadığnı bildirib:
“Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var. Bunun miqdarı dövlət sirri olduğundan açıqlamıram. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər taxıl ehtiyatı mövcuddur. Əhalinin bu məhsula olan ehtiyacı tam ödənilir. Heç bir qorxuya və ajiotaja ehtiyac yoxdur. Bu gün səhər də taxıl ehtiyatı ilə bağlı yenidən müzakirə aparıldı və bu məsələ hökumət tərəfindən birmənalı həll edilib. Əmin olun ki, hər şey nəzarət altındadır”.
Çörəyin qiymətinin bahalaşmasına gəlincə, Zülfüqar Məmmədov bildirib ki, bu gün səhər bu məsələ də müzakirə edilib:
“Azərbaycanda çörəyin qiyməti bahalaşmayacaq. Süni qiymət artımının da qarşısı alınacaq”.

