Kitabxanalar niyə açılmır? Səbəbləri haqqında analitik-ekspert Aydın Xan Əbilov ilə ekspertin rəyi

Operativ Qərargahın verdiyi qərara əsasən, kafelər, restoranlar, məscidlər, yas və toy mərasimləri fəaliyyətlərini davam etdirir. Amma kitabxanalar hələ də oxucularının üzünə bağlı olaraq qalır. SİA bunun səbəbini ekspertlərdən öyrənib.

Analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Operativ Qərargah bir çox ekspertlərin, dünyanın aparıcı beyin mərkəzlərinin Covid-19 və onun ştamları ilə bağlı tövsiyələrini nəzərə alıb bir çox qərarlar verib. Bəzən bu qərarlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, amma fakt odur ki, özündən Amerika kəşf etmək heç də düzgün deyil. Çünki biz elə bir dünyada yaşayırıq ki, xalqlar, ölkələr cəmiyyətdə biri-biriləri ilə qarşılıqlı əlaqədədirlər. Bildiyiniz qədər də koronavirus pandemiyasının sərhədləri yoxdur və hansısa ən uzaq ölkədə Cənubi Amerikada belə baş verən yoluxmalar, epidemiyalar, pandemiya kimi hallar istər-istəməz Azərbaycana və digər ölkələrə də gəlib çatıb. Operativ Qərargah kafe və restoranların açılması ilə bağlı qərar qəbul edib, çünki dövlət qurumları da anlayırlar, analiz edirlər və başa düşürlər ki, əyləncə sektoru, istirahət sektoru və iaşə sektoru, ümumiyyətlə, xidmət sahələri dövlət büdcəsinə ən çox gəlir gətirən sahədir. Ora verilən icazələrdən əlavə digər yerlərə, yəni kitabxanalara, muzeylərə, kino klublara icazə verilə bilməz. Amma kafe və restoran hər gün insan qəbul edir və orada havalandırma sistemi yaxşıdır, məsafələri saxlamaq mümkündür. Ona görə də Operativ Qərargah qəbul edib ki, bir çox sahələrin fəaliyyəti hələ ki, saxlanılsın, yoluxmalar artmasa və yoxlamalardan sonra kitabxanalar və digər mədəni sahələrdən fəaliyyətini bərpa etsinlər. Amma hər bir mənfidə bir müsbət də axtarmaq lazımdır. Oxumaq istəyən insan onsuzda bizdə kitabxanalara, kitab mağazalarına və yaxud teatra, belə desək, mədəniyyət ocaqlarımıza gedənlərin sayı həddindən artıq azdır. İndiki zamanda, yoluxmaların sayının artdığı bir zamanda biz mütləq və mütləq yeni formatlardan və texnologiyalardan bəhrələnib mütaliəyə olan, öyrənməyə və bilgilənməyə olan həvəsimizi ödəyə bilərik”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu: “Fikrimcə, kitabxanaların bağlı qalması düzgün bir qərar deyil. Amma belə desək, kitabxanaların fəaliyyəti yox kimi bir şeydir. Restoranlar açıldı, kafelər açıldı, toylara və yaslara icazələr verildi, lakin çox təəssüflər olsun ki, kitabxanalar, muzeylər, teatrların fəaliyyəti isə bərpa olunmadı. Səbəb nədir, anlamaq mümkün deyil. Bir çox yerlər, obyektlər fəaliyyətlərini bərpa etdilər, lakin bizim mədəni istirahət edə biləcəyimiz yerlərə icazə vermədilər. Ümid edirəm ki, tezliklə bu məsələ ilə də bağlı Operativ Qərargah bir həll yolunu tapar və biz yenidən kitabsevərlər kitabxanalara, teatrsevənlər teatrlarına, muzeysevənlər isə muzeylərə geri qayıdarlar”.

Ziya Hikmətoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir