Köhnə Lənkəranlılar: yazıçı-publisist Firudin Ağayev
Gənc yaşlarımda belə bir roman oxumuşdum: ” Mən uşaq olmamışam”. Əsər 1941-1945-ci illər müharibəsi zamanı Lənkəranda cərəyan edən hadisələrdən bəhs edir. Roman mənə o qədər doğma gəldi ki! Lənkəranın hər məhəlləsinin, bağının,qalasının adı çəkilir burda. Bu əsərin müəllifi Firudin Ağayevdir.
Firudin Balakişi oğlu Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra – 1950-ci ildə şəhər 3 saylı orta məktəbi- ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1953-1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960-1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963-1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966-1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968-1969), “İncəsənət” redaksiyasının baş redaktoru (1969-1970), “Ekran” yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970-1971), baş redaktoru (1971-1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973-1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), “Gənclik” redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976-1978) olmuşdur. Ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978-1991), kinoverilişləri baş redaksiyasının böyük redaktoru (1991-1995) vəzifələrində çalışmışdır.
Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin “Lenin tərbiyəsi uğrunda” qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun “Ananın məktubu” hekayəsi 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir.
Onun “Skripkanın qayıtması”, “Həyat, söylə sən kiminsən?”, “Leyla və onun dostları” ssenarilərınə telefılm çəkilmiş, “Qayğı”, “Səməndər quşu”, “Cırtdanın sərgüzəştləri”, “Xoruz” pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970). 1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir.
Ceyran Həsənova
Nəşr olunan kitabları:
1.Qayıq dənizə çıxır. Bakı: Uşaqgəncnəşr, 1961
2.Qardaşlar. Bakı: Gənclik, 1967
3.Səni düşünürəm. Bakı: Azərnəşr, 1970
- İldırım dənizdə çaxır. Bakı: Gənclik, 1975
- İldırım ömrü. Bakı: Gənclik, 1981
6.Mən uşaq olmamışam. Bakı: Gənclik, 1985
7.Skripkanın sərgüzəşti. Bakı: Gənclik, 1988

