Streslə necə mübarizə aparmaq olar? Aktual sorğuya ekspertlər cavab verir
Dövrümüzün ən böyük problemlərindən biri də, heç şübhəsiz, stressdir. Stress insana hər cəhətdən zərər verən bir hadisədir. Stress dedikdə, stress fiziki və emosional olaraq qəbul edilən hər hansı bir təhlükənin öhdəsindən gələ bilməmək nəticəsində yaranan və gündəlik həyata mənfi təsir göstərən gərgin bir prosesdir. Təhlükə hiss etdiyimiz zaman, sinir sistemimiz bədənimizi oyadan bir stress hormonu ifraz edir, nəticədə qan təzyiqi yüksəlir, ürək döyünür, əzələlərimiz sıxılır və hisslərimiz kəskinləşir. Stress bir neçə siptomlarla özünü göstərir. Bu simptomlara fiziki, zehni və emosional simptomlar aiddir.
Fiziki simptomlar: Stresin fiziki əlamətləri yuxu pozulması, baş ağrısı, dişlərin çırpılması, həddindən artıq tərləmə, əzələ ağrıları, qəbizlik və ya ishal, yorğunluq, enerji itkisi, yüksək qan təzyiqi və infarktdır.
Zehni simptomlar: Qərar verməkdə çətinlik, konsentrasiyanın olmaması, unutqanlıq, yaddaşın zəifləməsi, səhv etmənin artması və iş keyfiyyətinin aşağı düşməsi zehni simptomlardan biridir.
Emosional simptomlar: Bədəndəki dəyişikliklər fərdlərə emosional olaraq da təsir edir. Bu səbəbdən, stresli dövrlərdə fərdlərin emosional meylləri əhəmiyyətli dərəcədə fərqlənir. Depressiya və tez ağlama, narahatlıq və əhvalın sürətli dəyişməsi, qəzəb, təcavüz, düşmənçilik, gərginlik və əsəbilik stressin emosional təsirləridir. Yəni stress özü bir xəstəlik kimi göstərilməsə də, bir sıra xəstəliklərin səbəbi ola bilər.
Depressiya və narahatlıq pozğunluqları, arıqlamaq və ya sağlam olmayan arıqlamaq, dəri problemləri, müxtəlif ürək xəstəlikləri, həzm sistemi problemləri (qastrit, ülser, mədə ağrısı), yuxu problemlərinin olması, yaddaş problemləri və zehni problemlər (Alzheimer, Demans), immunitet sistemi xəstəlikləri, reproduktiv problemlər, hər cür ağrı və ürək xəstəliyi stresin səbəb olduğu xəstəliklərə misal göstərilə bilər.
Bəs, streslə necə effektiv mübarizə apara bilərik?
Bu barədə VCA rəhbəri, YYSİB sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov fikirlərini bizlə bölüşüb.
O, bu barədə fikirlərini belə izah edib: “XX əsrin ortalarından, yəni ikinci dünya müharibəsi bitəndən sonra psixo-stress vəziyyət bütün dünyada hökm sürdü. Bundan sonra iqtisadi böhran oldu. Bu da insanlara daha çox təsir edirdi. İkinci dünya müharibəsindən sonra, post-müharibə dövrünün stresi özünü bir neçə sonrakı mərhələdə də göstərməyə başladı. Bu istər cəmiyyətlərdə, istərsə də ayrı-ayrı toplumlarda 10 ildən bir yeni-yeni dalğaları ilə özünü göstərməyə başladı. Sonuncu dəfə dünyada və Azərbaycanda ümumi stress və cəmiyyətin psixoz vəziyyətinə təsir edən hadisələr baş verdi. Azərbaycanda bu hadisə Qarabağ müharibəsi idi, dünyada isə istiliyin dağılması və ən sonuncu hadisə Əfqanıstan hadisəsi oldu. Bu psixoz vəziyyət eyni zamanda son illərin internet və sosial şəbəkələrin inkişafı, yeni texnologiyaların inkişafı və ən axırıncı dünya stress dalğası koronavirusla bağlı idi. Bu da hər bir cəmiyyətdə, dünyanın hər bir ölkəsində olduğu kimi Azərbaycana da təsir etdi. Azərbaycan insanı həm ümumi psixoz vəziyyətə,həm də stress vəziyyətinə düşdü. Bu stress də bizim gündəlik həyatımıza təsir etməyə başladı. Artıq ənənələr dağıldı.
Milli mental dəyərlər öz yerini yeni liberal dəyərlərə verdi. Hər kəs artıq mən varam, mənim azadlığım var, mənim iqtisadi vəziyyətim yaxşı olsun düşüncəsi ilə yaşadığına görə, artıq insanların bir-birinə kömək etməsi mental dəyərlərdən irəli gələn paylaşmaq, sosiallaşma arxa plana keçdi. Bununla da insanlar özünəqapanmaya keçdilər. Sonra da üstünə koronavirus qapanmaları və karantin qaydaları gəldi. İşsizlik və baş verən digər problemlər istər-istəməz stresin ən böyük variantı ilə insanları üz-üzə qoydu. İnsanlar bu stresin içində sanki bilmirdilər neynəsinlər. Onun da qarşısını almaq üçün bütün dünyada qəbul edilmiş variantlar var. Burada stresin psixoloq və psixoanalitika tərəfindən fərdi stress altında olan insanları xilas etmək, cəmiyyəti isə ümumi stress vəziyyətindən xilas etmək üçün müxtəlif mədəniyyət hadisələri, tədbirlərin keçirilməsi və s. kimi addımlar var.
Stresdən azad olmaq üçün, əlbəttə ki, incəsənət, mədəniyyət, kütləvi tədbirlər insanlara kömək etmiş olur. Digər tərəfdən ictimai hadisələr, mədəniyyət hadisələri insanlara kömək etmiş olur. Digər tərəfdən psixoz vəziyyətdən çıxartmaq üçün,hətta din, məscidlər, ibadət evləri belə insanlara kömək etmiş ola bilər. Amma, əlbəttə ki, bununla bağlı xüsusi dövlət proqramları olmalıdır ki insanları xilas edə bilək. Fərdi stress ilə bağlı, təbii ki, çoxlu, hətta kliniki müalicə metodu da var. Bir çox ölkələrdə dağ və turizmin inkişafı, dağa gedib, gəzmək kimi metodlar var. Bu metodların hər birindən bu və ya digər şəkildə istifadə etmək mümkündür”.

Həmçinin, psixoloq Vüsalə Əmiraslanova bu mövzuda bizə məlumat verib. O bu barədə düşüncələrini belə qeyd edib: “İnsan streslə təkbaşına və ya psixoloji dəstək alaraq mübarizə apara bilər. Gündəlik iş planı yaratmaq, bir neçə işlə məşğul olmaq ona ağır gəlirsə, ondan uzaqlaşmaq bu mənada yaxşı olar. Belə situasiyada insan, başqaları nə deyər deyə düşünməməli, çalışıb özünə vaxt ayırmalı və istirahət etməli, gündə 8 saatdan artıq çalışıb işləməməlidir. Bundan əlavə düzgün qidalanma, pozitiv insanlarla ünsiyyət qurmaq bu mənada stressdən xilas olmaq üçün faydalıdır. Stress nədən yaranır? Başqaları nə deyər deyə fikirləşmək, plansız iş qurmaq, monoton həyat sürmək, insanlarla ünsiyyət quranda onlardan istədiyimiz ala bilməmək stress yaradan faktorlardır”.
Müəllif: Turqay Musayev, https://sia.az/az/news/social/891056.html

