Karantin qaydaları sərtləşdirilir? Dövləti aldatmağa can atırlar. Analitik ekspert aydınlıq gətirdi…

“Nazirlər Kabineti yanındakı Operativ Qərargah, Səhiyyə Nazirliyinin və TƏBİB-in ekspertlərinin verdiyi ümumi rəyə əsasən müəyyən karantin qaydaları dəqiqləşdirilmişdir və bu qaydalar respublikamızın hər yerində işləkdir. Get-gedə artan yoluxma və ölü sayı bizi məcbur edir ki, karantin qaydalarını biraz da sərtləşdirək. Düzdür, o qaydalar əvvəlki kimi deyil, amma qoyulan qayda – qanunlar daha da sərtləşdirilsin, onları pozanları inzibati, bəzən də cinayət məsuliyyətinə cəlb edək”. Bu sözləri SİA-ya açıqlamasındayazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları hər dəfə olduğu kimi yenə də istər qanunlara, istərsə də dövlətə kəf gəlməyə, dövləti aldatmağa can atırlar. Koronavirusa qarşı bilirsiniz ki, peyvəndləmə gedir, pul verib tanışlıqla vaksinasiya pasportu alan, yəni vaksin vurdurmayıb, saxta sənədlər əldə etməyə can atan insanların da sayı çoxdur: “Üstəlik də müxtəlif şayiələrə inanıb əvvəlcədən vaksinasiya olmayan şəxslər indi gedib poliklinikalara, xüsusi xəstəxanalara hücum edirlər və bu da yoluxmanı artırır. İndi toylar yoxdur. İnsanların çoxu məscidlərə toplaşır, imamlar üçün 40 mərasimləri təşkil olunur və bəzən sıxlıq yaranan məscidlərdə, kafe və restoranlarda olduğu kimi havalandırma sistemi yoxdur. Bir çox məscidlər yalnız bir qapı və bağlı pəncərələrlə tanınır. Ona görə də məscidlərin yüklənməsinin qarşısını almaq üçün bu qadağalar bir qədər kəskin qoyulub. Keçmişdə məscidlərimiz həm də mədrəsə, təhsil və mədəniyyət ocağı idi, insanların toplaşdığı bir klub formasında fəaliyyət göstərirdi. İnsanlar gəlirdilər camaat namazını qılırdı, həm söhbət edirdilər, ünsiyyət qururdular, ölülərini gətirib məsciddə yuduzdurandan sonra orada ehsanlar verilirdi. Amma indi bu funksiyaları başqa yerlər yerinə yetirir”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bilirsiniz ki, mərasim evləri, çadırlar, mağarlar var, insanlar hətta öz evlərində, həyətlərində və yaxud mərasim evlərində bu tədbirləri təşkil edirlər. Ona görə də məscidlərin saat 9-a qədər işləməsinə normal baxılmalıdır. Kafe və restoranlarda biraz fərqli funksiya yerinə yetirirlər. Orada məsafə çox ciddi qorunur, qapalı yerdirsə tibbi maskalardan istifadə olunur, kafe və restoranların həyətlərində açıq havada insanlar otururlar. Biz kafe və restorana gedəndə 15-20 nəfərlik yerdə tədbir keçirmirik. Bilirsiniz ki, 10 nəfərdən artıq insanın bir yerdə qapalı məkanda və yaxud restoranlarda, kafelərdə yığılmasına da qadağa var. Buna görə də məscidlərin qapalı olması normal haldır”.

“İnsanlar ümumiyyətlə ictimai, sosial, gur qələbəlik olan və 10 nəfərdən çox adam olan yerlərə getməyə çəkinməlidirlər. Hətta imkan varsa, toylara da getməyin, əgər uzaq qohumlardırsa nəmər atın, ad günləri təşkil etməyin, məscidlərə getməyə biraz çəkinin. O vaxtı, keçmişdə insanların evlərində imkanlar yox idi. Təsəvvür edin ki, 10 nəfər bir otaqda qalırdı və orda əyilib qalxmalısan, namaz qılmalısan. Ona görə də məscidlər bir ictimai yer olaraq, kəndlərdə, şəhərlərdə nəzərdə tutulurdu, tikilirdi. Amma indi məsciddə namaz qılmaq vacib deyil”.

Ayşən Vəli,https://sia.az/az/news/social/891051.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir