“Elə etməyin ki, əlimdəki faktları ortaya qoyum” – Yazıçı-kulturoloq onu təhqir edənlərə səsləndi…

“Hansısa gözə görünməz qüvvə Azərbaycanda hadisələri qarışdırmaqla məşğuldur”.

Bunu Modern.az-a Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov uşaqpulu verilməsinə qarşı çıxması ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib.

Sosial şəbəkələrdə tənqid hədəfinə tuş gələn A.Əbilov çıxışının trollar tərəfindən məqsədli şəkildə gündəmə gətirilməsindən gileylənib. “İki həftə əvvl iqlim böhranı və ətraf mühitin qorunması ilə bağlı feysbukda canlı yayımda səsləndirdiyim bir çox fikirlər kənarda qaldı. Çıxışımdakı obrazlı ifadəni trollayıb, sosial şəbəkə və internet sayıtlarında tirajlayan qüvvələrin kim olması ilə dövlət qurumları maraqlanmalıdır. Əhalinin artımı və ətraf mühitin məhv edilməsində insan faktorunun səbəblərinin izahatını vermişəm. Kür çayında suyun azalması, Neftçalada susuzluğun olması, son vaxtlar meşə yanğını və zəlzələlərin baş verməsi haqqında danışmışam. Obrazlı olaraq demişəm ki, uşaq pulunu tələb etmək və insanları tənbəlləşdirmək olmaz. Uşaq pulu motivasiya verir ki, əhali daha da çox artsın.

Çində milyard yarım insan var, bunun bir milyardı evlənsə, gələn il yeni bir milyardlıq artım olacaq. 70-ci ildən bəri insanların sayının həddindən artıq artması, təbii resursların məhv edilməsinə təbiət də dözmədi. Ya müharibə formasında, ya da pandemiya xəstəliklər şəklində insanlarla mübarizəyə başlandı. Kəskin bir ifadə işlətmişəmsə, bundan yapışıblar. Dövlətçiliyin mövqeyində duranları, tanınmış ictimai- siyasi xadimləri, ziyalıları aşağılamağa çalışırlar”.

Kulturoloq məlum çıxışdan sonra kütləvi hücumlara məruz qaldığını bildirib.

“Mənə qarşı hücumlar oldu. Sağlam düşüncəli insanların bəziləri çıxışın tam mətninə baxmadan, mənim mövqeyimlə tanış olmadan fikirlər səsləndirdilər. Müxtəlif səhifələrdə yüz minlərlə təhdid və tənqid dolu şərhlər yazıblar. Mən onların çoxunu heç oxumuram da. Bir neçə ay əvvəl sosial şəbəkədə “havayı fikirlərimi bölüşməkdən imtina edirəm” demişdim və yaxın zamanda sosial platformalarla bağlı qəti mövqeyimi ortaya qoyacağam. Məni tənqid edənlər, etirazlarla reytinq qazananların çoxu mənim köməyimlə mediaya gəliblər. İndi onlar halal duz-çörəyi yaddan çıxarıb, mənə qarşı sərt mövqe ortaya qoyurlar.

Bu gün qarayxma kampansiyası aparanların sabah özləri “qurban” olacaqlar. Üzümü tutub həmin insanlara deyirəm ki, bir az vicdanlı olun, elə etməyin ki, sizinlə bağlı əlimizdə olan faktları ortaya çıxaraq. Mən hər zaman fikir azadlığının tərəfdarı olmuşam”.

Qeyd edək ki, A.Əbilov Azərbaycanda uşaqpulu istəyənlərlə bağlı xoşagəlməz ifadə işlədib. O, bu çıxışından sonra sosial şəbəkə və mediada tənqidlərə tuş gəlib.

Humay İsgəndərova


https://modern.az/az/news/305233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir