Yanlış mövqe: restoran toylarında COVİD pasportu tələbi çadır toylarına aid deyil…

Aydın Xan Əbilov: “Vətəndaşlar bilməlidir ki, mağar toyları ilə bağlı da tələblər dəyişdirilib və şadlıq evlərində tətbiq edilən COVID-19 pasportu tələbi “palatka toyları”na da aiddir”
img

Pandemiya şəraiti olmasına baxmayaraq, bəlli şərtlər çərçivəsində toyların keçirilməsinə rəsmən icazə verilib. Məlum olduğu kimi, restoran və şadlıq saraylarında keçirilən toylarda məclis  iştirakçılarından COVID-19 pasportu tələb olunur. Bu qərar artıq rəsmən qüvvədədir. 

Bir qisim insanlar da var ki, övladının toyunu həyətində edir, necə deyərlər, “Palatka toyu” edir. Bu qisim insanlar elə zənn edirlər ki, restoran və şadlıq evlərində keçirilən toylarla bağlı qüvvədə olan qərarın “Palatka toylar”ına heç bir dəxli yoxdur və burada COVID-19 pasportu tələb edilməyəcək.

“Palatka toyları”nda bu necə tənzimlənəcək, yaxud necə tənzimlənməlidir? COVID-19 pasportu ilə bağlı tələb “palatka toyları”na da aiddirmi? Aiddirsə, buna nəzarət necə olacaq, yaxud necə olmalıdır?

Qeyd edək ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin mətbuata verdiyi məlumata görə, sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub.

“Təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər. Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır. Gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur. “icaze.e-gov.az” portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir”.

DİN-dən rəsmən bildirilib ki, toylarla bağlı verilən  qərarlar şadlıq evlərinə aid olduğu kimi, “palatka toyları”na da aiddir.

  • “Toy məclislərinin təşkil edilməsinə, proseslərə nəzarət formal xarakter daşımamalıdır, hər yerdə bu məsələyə ciddi nəzarət edilməlidir ki, pozuntular baş verməsin”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, vətəndaşların toylarla bağlı verilən qərarın mağar toylarına aid edilmədiyini düşünməsi yanlışdır, bu qaydalar hər yerdə keçirilən toy şənlikləri üçün keçərlidir və hər kəs də qaydalara əməl etməlidir. O qeyd etdi ki, toyların keçirilməsi ilə bağlı yeni təlimatlar gəlib və bu təlimatlara həm vətəndaşlar, həm də onların icrasına nəzrət edən qurumlar formal yanaşmamalıdır. O hesab edir ki, qapalı məkanda toylar keçirilərsə bütün qaydalara əməl edilməlidir. Açıq məkanlarda isə bu qaydalar tələb olunmur: “Əvvəllər “palatka toyları”nda COVID-19 pasportu tələb olunmurdu, sadəcə iştakçılara say məhdudiyyəti qoyulurdu. Amma indi vətəndaşlar bilməlidir ki,  mağar toyları ilə bağlı da tələblər dəyişdirilib və şadlıq evlərində tətbiq edilən COVID-19 pasportu tələbi “palatka toyları”na da aiddir. İstənilən qapalı məkanda toy şənliyi, məclis keçirilirsə, orada COVID-19 pasportunun tələb edilməsi düzgündür. Amma açıq məkanlarda COVID-19 pasportunun tələb olunması düzgün olmazdı, çünki bütün qaydalar qapalı məkanlar üçün nəzərdə tutulub. Fikir verin, son günlər baş verən rəsmi qərarların şərhində fikir ayrılıqları diqqəti çəkir. Eyni qərarı hər aidiyyəti dövlət qurumu fərqli şərh edir, bu da sözsüz ki, vətəndaşda çaşqınlıq yaranmasına səbəb olub və bu baxımdan vətəndaş COVID-19 pasportunun yalnız şadlıq evlərində tələb edildiyini zənn edib. Amma göründüyü kimi belə deyil. Elə qərarlar var ki, onun müəyyənləşdirilməsində boşluqlar diqqəti çəkir, yaxşı olar qurumlar bunu öz aralarında dəqiqləşdirsinlər. Bütövlükdə, toy məclislərinin təşkil edilməsinə, proseslərə nəzarət formal xarakter daşımamalıdır, hər yerdə bu məsələyə ciddi nəzarət edilməlidir ki, pozuntular baş verməsin. Pozuntulara heç cür göz yumulmalı deyil. Amma təəssüflər olsun ki, camaat arasında pozuntularla bağlı söhbətlər çoxalıb”.

“Delta” ştammının insanları “işğal etdiyi”ni düşünən A.X.Əbilov qeyd edir ki, insanlar bəzən bunun fərqində olmaq istəmirlər, sanki iki ilə yaxındır koronavirusla yaşamağa alışıblar. “Delta”nın Azərbaycanda da can aldığını deyən A.X.Əbilov bildirir ki, bütün karantin qaydalarına əməl etməli, maskamızı çıxarmamalıyıq, eyni zamanda peyvəndlənməlyik. Ekspertin sözlərinə görə, amma təəssüf ki, insanlarımız yenə də maskanı burnundan aşağıda saxlayır, sosial məsafə qorumur, qucaqlaşıb görüşürlər. “Evimizə girən “Delta”nı sanki insanlar veclərinə almaq istəmir, yenə də çayxanalar, kafelər,  restoranlar, qapalı məkanlar doludur, hətta bağ evlərində keçirilən məclislərin sayı günü-gündən artır. İnsanlar anlamalıdır ki, peyvənd olunmalı, COVID-19 pasportu almalıdırlar. Artıq xəstəxanalar doludur, “Delta”dan ölənlərin sayı günü-gündən artır. Diqqətli və məsuliyyətli olmaq lazımdır”-deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA

https://www.baki-xeber.com/sosial/126691.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir