Müasir ailə modeli. Azərbaycan ailələri zamanla hansı formada ayaqlaşır? Aydın Xan Əbilov
Azərbaycan xalqının tarixən yüksək dəyərlərə malik ailə ənənəsi olub. Təəssüf ki, dünyada gedən proseslər, qloballaşma Azərbaycan ailəsindən də yan keçməyib. Yəni bu inkişaf bir tərəfdən müsbət yeniliklərə gətiribsə, digər tərəfdən milli mənəvi dəyərlərin aşınmasına, ailə institutunun deformasiyaya uğramasına səbəb olub.
Bəs görəsən, indiki şəraitdə Azərbaycanda yeni ailə modelinin hazırlanmasına nə dərəcədə ehtiyac var?
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən Vətəndaş Cəmiyyəti lyansının rəhbəri və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov hesab edir ki, qlobal bir dünyada yaşadığımızdan artıq Azərbaycan ailəsi deyiləndə yalnız Şimali Azərbaycanda yaşayan və 9 milyon insanı əhatə edən ailə institutları deyil, eyni zamanda, dünyanın müxtəlif yerlərinə səpələnmiş 50 milyona yaxın soydaşımız, həmçinin qarışıq ailə institutları nəzərdə tutulur:
«Əslində klassik Azərbaycan ailəsi və onun dəyərləri, o dəyərlərin müasir dövrdə necə olması barədə sosioloqlar, kulturoloq və filosoflar arasında mübahisələr gedir. “Əfsuslar olsun ki, Azərbaycanda bu mübahisələr radio və interet saytlarında aparılır. Daha ciddi konfranslarda və alimlərin əhatəsində bu mübahisələr getmir. Yaxud gedirsə də, orda iştirakçılar çox az olur. Baxmayaraq ki, əslində, bu, müasir dövrün ən böyük problemlərindən birinə çevrilib. Ona görə də bu məsələnin geniş ictimaiyyət arasında müzakirəsinə ehtiyac var”.
Ailə tipləri arasında fərqlər kəskinləşir Aydın Xan Əbilov bildirir ki, XX əsrə və XXI əsrin əvvəllərinə nəzər salanda Azərbaycan ailələrini iki qrupa bölmək olar:
1) daha çox əyalətdə yaşayanlar və şərq ailə tipinə, milli mentaletitə tam uyğun ailə tipi;
2) daha çox böyük şəhərlərdə, Bakıda və dünyanın müxtəlif ölkələrində yaşayan ailələr.
Mütəxəssisin fikrincə, bunların arasında müəyyən fərqlər var və fərqlər get-gedə daha da kəskinləşməkdədir. Fərqlər ətrafında mübahisələr edib, fikir söyləmək olar:
“Amma fakt budur ki, biz hazırda bu iki ailə tipi ilə rastlaşırıq və hətta bunların özlərinin də indi müxtəlif problemləri var. Məsələn, əvvəllər kişi və qadından ibarət ailə tipləri var idi. Bu ailə tipinə bütün dünyadan fərqli Azərbaycanda daha çox rast gəlinirdi. Ancaq indi tək qadın və tək kişidən, yaxud qadın və uşaq, kişi və uşaqdan ibarət ailə tipi ilə rastlaşırıq. Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri var. Amma ümumilikdə, Azərbaycan üçün daha çox qadın+kişi ailə tipi məqbul sayılır və bu tip daha çox inkişaf edib. Bunun özü də klassik tip deyil. Çünki həm əyalətdə, həm Bakıda çoxlu sayda qadın və kişilər başqa ölkələrdə işləyirlər, bu da klassik ailə tipinin parçalanmasına aparıb çıxarır. Bəzən 2-3 və daha çox il qadın uşağı ilə yaşayır, amma ata olmur. Yaxud kişi yaxın qohumlarının yanında uşaqlarını qoyur, özü tək yaşayır. Qlobal dövrümüzdə bu problemlər get-gedə aktuallaşır və son vaxtlar boşanmaların da sayı artıb. Bu da klassik ailə tipinin inkişafında və dəyərlərin saxlanmasında mənfi tendensiyalara səbəb olur».
Aydın Xan Əbilov bildirib ki, bəziləri qəbul etmək istəməsələr də, bu gün ailə modelində aşınmalar baş verir. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən yaxşı ailə ənənələrimizi dirçəltməli, möhkəmləndirməliyik:
“Əvvəllər çox uşaqlı, 5-10 uşaqlı ailə modelləri daha çox idi. Üstəlik də əvvəllər ailələr yaxın qohumların əhatəsində olurdular. Söhbət xala, bibi, dayı, əmi, baba, nənədən gedir. Amma indi bunların çoxu yoxdu. Artıq 80-ci illərin axırlarına yaxın bizdə yalnız ən uzağı 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndi əksər uşaqların xala, bibi, əmi, dayı deyilən qohumları yoxdur. Bundan sonra daha böyük problemlərlə rastlaşacağıq. Çünki bu qohumluq anlayışları azalacaq. Evdə bir oğlan və bir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq. Digər tərəfdən bizdə boşanma əvvəl ictimai qınağa məruz qalıb, pis hal sayılırdı, amma sonra psixoloqlar, xüsusilə sosioloqların araşdırmaları göstərdi ki, boşanmalar olmayanda ailədaxili zorakılığın gizlədilməsi baş verir. Bu da psixoloji problemlər yaradır. Çox vaxt gənclər ata, ana məsləhəti ilə evlənirlər və psixoloji cəhətdən bir-birlərinə uyğunluğu nəzərə alınmır. Son araşdırmalar göstərir ki, qadın və kişi münasibətləri, xüsusən ailə modelində 3 ildən artıq davam etməyib. Daha sonra ya uşaqlarla bağlı maraqlar və yaxud ailəni qorumaqla bağlı dəyərlər ailəni saxlayıb».
İctimai qınaq vacibdirAydın Xan Əbilov bildirib ki, ailə modelinin möhkəm qalmasında və mövcud dəyərlərin yaşamasında həm də ictimai qınaq vacib amillərdən sayılır.
Onun sözlərinə görə, boşanmalara bağlı statistikaya baxanda məlum olur ki, yaranmış və dağılmış ailələrə əsasən iqtisadi məsələlər problem yaradır. Ən qəribəsi budur ki, pulun həm az, həm də çox olması bu məsələlərdə önəmlidir: “Pul az olanda kişi qadın arasında münasibət kəskinləşir və bu da boşanmaya aparıb çıxarır. Yaxud ailəni saxlaya bilməyən kişi məcbur olur, Rusiyaya və ya digər yerlərə işləməyə getsin. Yaxud qadın karyera qurur və iqtisadi cəhətdən müstəqil olan kimi öz fikirlərini diqtə etməyə başlayır ki, bu da ailənin dağılmasına aparıb çıxarır. Çünki mentalitetimizə görə, ailədə əsas söz sahibi kişidir. Bunun qarşısını, əlbəttə ki, dünyanın ən qabaqcıl sivil cəmiyyətlərində olan modelləri götürüb müqayisəsini aparmaqla və Azərbaycan cəmiyyəti üçün optimal modelləri ortaya qoymaqla ala bilərik. Amma bunun üçün böyük institutlar olmalıdır. Mənim bildiyimə görə, bizdə ailəyə elmi yanaşma çox zəifdir, dünyanın hər yerində ailə psixoloqları deyilən böyük bir mütəxəssislər ordusundan ibarət sistem var. ABŞ, Rusiya və digər ölkələri nümunə göstərmək olar. Əlbəttə ki, ailə modelinin möhkəmliyində bunlar böyük rol oynayır. Bəzən görürük, problemlər var, amma onları həll edib, müzakirə etmək əvəzinə, gənclər ata-ananın, qaynana-qaynatanın yanına qaçır».Kulturoloq hesab edir ki, əslində ailədə hansısa problemlər ortaya çıxanda psixoloq və psixoanalitikə müraciət etmək lazımdır: «Onlar ailənin qorunması ilə bağlı müəyyən bilgilər verə bilərlər. Mən ailə modelini inkişaf etdirməyin və bu ənənlərinin yaşadılmasının tərəfdarıyam. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, nə qədər qəribə olsa da, müasir dövrdə Azərbaycanın özündə yaşayan ailələrdən fərqli olaraq xaricdə yaşayan və hər ikisi azərbaycanlı olan ailələrdə milli adət ənənələr və ailə modeli daha çox qorunur. Digər tərəfdən bu gün virtual tanışlıqlar geniş yayılıb. Yəni, internet saytlarda insanlar bir-birlərilə tanış olub ailə qururlar. Əlbəttə, onlar yüz faiz xoşbəxt olmurlar, real həyatda olduğu kimi, virtual və digər formalarda ailə quran insanlar arasında da problemlər yaşanır. Yeni texnologiyaların tətbiqinin tərəfdarıyam, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq və öz dəyərlərimiz var. Ən yeni texnologiyalar insanlara xoşbəxtlik verməklə bərabər, onlara böyük bədbəxtliklər də gətirə bilər. Bunun da artıq bir çox işartılarını görürük».
Sevinc. https://www.himayadar.org/mueasir-ail–modeli-.html