Mədəniyyət Nazirliyinin Bərpa Xidmətində tender pulları necə mənimsənilirmiş?.. Ekspertdən şok açıqlamalar
Aydın Xan Əbilov: “Dövlət Xidmətinin əliəyri məmurlarının pul qazanmaq, büdcəni talamaq üçün hazırladığı sütun əsasında özlərinin seçdikləri şirkət saxtakarlıqla tenderdə “qalib” edilib”
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesində diqqətçəkən olaylar cərəya n edib. Z.Sultanovun məhkəmə prosesində şahid Şamxal Ağaşirinov ifadə verib. Ş.Ağaşirinov açıb sandığı, töküb pambığı, işlədikləri tender cinayətləri barədə danışıb: “Mən “Piramida” şirkətinin rəhbəri olmuşam. Zakir Sultanovla birlilkdə işlər görmüşük. Tenderlərdə qalib olurduq. Hesabımıza köçürülən pulun bir hissəsini geri qaytarırdıq. Tenderdə qalib olandan sonra bizim şirkətin hesabına 6 milyon manat pul köçürdülər. Onun 900 min manatını geri qaytardım”.
Ş.Ağaşirinov açıq-aşkar deyib ki, onun şirkəti tenderdə qalib olandan sonra şirkətin hesabına köçürülən vəsaitin bəlli bir hissəsini Xidmət rəisinə geri qaytarıb.
Ekspertlərin sözlərinə görə, şahidin ifadəsindən aydın görsənir ki, bu tenderlər “quş qoymaq” xatirinə keçirilib, məqsəd əslində pul mənimsəmək olub. Ekspertlər deyir ki, baş verənlər indiyə qədər mədəni irsin bərpasi ilə bağlı keçirilən tenderlərin əksəriyyətinin bu cür saxta olduğunu deməyə əsas verir. Ekspertlər onu da deyir ki, Z.Sultanovun rəhbərliyi dövründə abidələrin bərpası birmənalı olaraq bərpa şirkətlərinə deyil, MTK-lara verilib, bu MTK-lar isə bərpa ilə deyil, bina tikintisi ilə məşğul olduqları üçün abidələrin çoxunu “Yevroremont” ediblər.
“Şirkət də, şərtləşməyə əsasən, ayrılan vəsaitin bəlli hissəsini Xidmət rəhbərliyinin cibinə axıdıb”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, əksər tenderlərdə belə biabırçılıqlar olub, “bərpa” adı ilə pul silinib. “Biz müxtəlif nazirliklərin, dövlət qurumlarının keçirdiyi tenderlərdə baş verən biabırçılıqlar barədə vaxtaşırı olaraq öz tənqidi fikirlərimizi bildirmişik. O cümlədən də Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə abidələrin bərpasına görə dövlət büdcəsindən ayrılan vəsaitlərin saga-sola xərclənməsi, mənimsənilməsi, təyinatı üzrə yönəldilməməsi faktı barədə də ayrı-ayrı vaxtlarda iradımı səsləndirmişəm. Açıq görsənirdi ki, dövlət büdcəsindən abidələrin bərpası üçün ayrılan pullar, tenderlərə yönəldilən vəsaitlər aidiyyəti üzrə yönəldirmir, mənimsənilirdi. İstər keçmiş nazirin dövründə, istər ondan əvvəl, istərsə də indinin özündə tenderlərin açıq-şəffaf keçirilmədiyi məlumdur. Eyni zamanda da ayrılan vəsaitlələrin hansı istiqamətdə xərcləndiyinin sonradan ictimai hesabatı verilmir. Bundan əlavə, abidələr çox bərbad şəkildə bərpa edilir. Proses tarixçilərlə, kulturoloqlarla, bərpaçılarla, mütəxəssislərlə məsləhətləşmədən həyata keçirilirdi, bizim bu istiqamətdə tənqid və iradlarımız havadan asılı vəziyyətdə qalırdı. Bizim tarixi binalar o qədər bərbad vəziyyətdə bərpa edilib ki, hətta xaricilər bizə lağ edir, biz də pis vəziyyətdə qalırıq. XIX-XX əsr binalarının pəncərələri taxtadan olub, plastik olmayıb. Amma təəssüflər olsun ki, tarixi binaların təmir və bərpasında ucuz materiallardan istifadə o qədər geniş yayılmışdı ki, bu həmin binaların tarixiliyini şübhə altına alırdı. Dünyanın heç bir yerində baş verməyən hadisə ölkəmizdə baş verib. Siz İrəvanda və Tiflisdə tarixi binalara ağ və qəhvəyi rəngli plastik pəncərələr qoyulduğunu, “yevroremont” edildiyini görə bilməzsiniz. Hazırda Lənkərandayam və burada Stalinin də yatdığı Dairəvi qala-zindan var. Həmin zindan vaxtilə bu Xidmət tərəfindən guya bərpa edilib. Talış meşələrindən gətirilən, lakin tikinti üçün yararlı olmayan yaş ağaclardan istifadə olunub, nəticədə də hazırda dünya əhəmiyyətili, maraqlı bir abidə olan Dairəvi qalanın dam örtüyü ucub dağılıb, bina bərbad hala düşüb. Bu adamlar dövlətin bu istiqamətə ayırdığı tender pullarını abidələrə yönəltməyib haramcasına dağıdıblar, pulları cibdən-cibə axıdıblar. Bütün bu pullar isə bizim ödədiyimiz vergilərdir ki, o da belələrinin cibinə axıb”.
A.X.Əbilovun sözlərinə görə, tenderə ayrılan pulların mənimsənilməsi, bölüşdürülməsi prosesi planlı şəkildə gedib və Dövlət Xidmətinin rəhbəri o qədər də populyar olmayan şirkət seçib, onunla danışıb, razılaşdırıb ki, sən bu qədər pul alacaqsan, filan qədər vəsaiti də mənə verəcəksən. O qeyd etdi ki, əliəyri məmurların rəhbərlik etdiyi qurumların hamısında tenderlər eyni şəkildə gedir: “Mədəniyyət Nazirliyinin tabeliyində olan Dövlət Xidmətinin əliəyri məmurlarının pul qazanmaq, büdcəni talamaq üçün hazırladığı sütun əsasında özlərinin seçdikləri şirkət saxtakarlıqla tenderdə “qalib” edilib və şirkət də, şərtləşməyə əsasən, ayrılan vəsaitin bəlli hissəsini Xidmət rəhbərliyinin cibinə axıdıb. Aydın məsələdir ki, Dövlət Xidməti bu şirkəti iş üsuluna, peşəkarlığına görə seçməmişdi, onu sövdələşməyə getdiyi üçün seçmişdi. Ümimiyyətlə, bizim qurumlarda tanışsız-bilişsiz hansısa tikinti şirkəti tenderdə qalib gələ bilməz. Məmurlar elə bir vəziyyət yaradıblar ki, tenderdə ancaq öz tanıdıqları, birgə pul qazandıqları şirkətləri tikinti bərpa işlərinə yaxın buraxırlar. Bunun da acı nəticələrini abidələrimiz üzərində görürük.
Dövlət Xidməti də “Piramida” şirkətinə 6 milyon vəsait ayrılmasına nail olub, onun da 900 min manatını geri alıb. Tenderə ayrılan vəsaitin özü görüləcək iş üçün böyük məbləğ idi, amma Dövlət Xidməti tərəfindən şişirdilmiş smeta təqdim edilirdi və nəticədə böyük pullar cəlb edilib mənimsənilirdi. Saxta tenderlər adı altında görün nə qədər vəsaitlər talan edilib, zamanında buna nəzarət edən də olmayıb. Gərək kiminsə işindəki ciddi nöqsanlar üzə çıxsın, o məmur həbs olunsun ki, sonra Hesablama Palatası o idarədə araşdırma aparsın. Əslində belə olmalı deyil”- deyə A.X.Əbilov qeyd etdi. O vurğuladı ki, Palata nazir, idarə rəisi, icra başçısı və sair həbs ediləndən sonra onun rəhbərlik etmiş olduğu qurumda araşdırma aparmamalıdır, ildə bir neçə dəfə yoxlama aparmalı, prosesə aidiyyəti QHT-lər də cəlb edilməlidir.
İradə SARIYEVA.
https://www.baki-xeber.com/gundem/126421.html

