Azərbaycan vətəndaş cəmiyyətinin tarixinin çağdaş mərhələsi: böhran, yoxsa inkişaf?!

Azərbaycan vətəndaş cəmiyyətinin tarixini bilənlər yaxşı xatırlayır ki, mən müstəqil Azərbaycan tarixində müstəqil vətəndaş cəmiyyətinin yaradanlardan biriyəm. Həmtəsisçisi və uzun müddət direktor müavini olduğum təşkilat 1993-cü ildə yaranıb və bu günə kimi fəaliyyət göstərir, bu günə kimi ölkə daxilində və beynəlxalq aləm ilə ən yaxşı münasibətləri olan təşkilatdır. Özümün rəhbəri olduğum təşkilat isə 1997-ci il yanvar ayında yaradılıb və bu günə kimi müstəqil fəaliyyəti ilə Azərbaycanda və onun kənarlarında tanınır. Məşğul olduğu sahə üzrə isə çox nadir ekspertizaya malik və ölkə hüdudlaında tanınan təşkilatdır.

Bizim ilk təşkilatımız 1993-cü ildə yaranmasına baxmayaraq ilk dəfə qrantı 1998-ci ildə aldı. Amma, bu müddətdə biz işlədiyimiz qəzet redaksiyası və digər vəzifələrdən sonra imkan tapıb insan hüquqları ilə bağlı hesabat yazırdıq, insanların hüquqlarını qoruyurduq və ölkədə və xaricdə gedən proseslərdə aktiv idik.

Veteran olmağıma baxmayaraq əsas fəaliyyətimiz insan hüquqları və münaqişələr ilə bağlı mövzu olduğundan Azərbaycanda fəaliyyət göstərən çoxsaylı təşkilatlar ilə birbaşa təmasımız yox idi. Lakin, vətəndaş cəmiyyətini dərindən izləyən, təhlil edən adam kimi bu sektorda özünü tanıdan, ictimai aktiv olan bütün insanları tanıyırdım. Sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda aktivliyim də QHT-lərin məni tanıdığına inamımı artırırdı.

QHT Dövlət Dəsətyi Agentliyi Müşahidə Şurasına gəldikdən sonra heç zaman birbaşa təmasda olmadığımız, ancaq fəaliyyətini izlədiyimiz QHT liderləri artıq sosial şəbəkələr vasitəsilə tanışlığımız oldu. Çoxlu ziyalı, vətənini sevən insanlar ilə birbaşa tanış oldum. Televiziya verlişlərində cəmiyyətin sosial problemləri ilə dəyərli fikirlərini eşitdiyim insanları şəxsən oxuya və dinləyə bildim.

Əsasən hökumətlə münasibətləri normal qurmağa öyrənmiş, beynəlxalq aləm ilə yalnız türkdilli dövlətlər ilə münasibət quran təşkilatların Avropa və Amerika qitəsində münasibətləri qurmağı bacaran vətəndaş cəmiyyəti arasında ciddi fərqi gördüm. Bu fərq ölkədə olanda hiss olunmurdu. Əksinə, bəzi dividentlər verirdi. Tam əksinə isə, məmurların QHT-ləri öz təsirləri altına salmasına, onları istiqamətləndirməsinə imkan yaradırdı. Daha geniş dünya ilə münasibət qurmağı bacaran təşkilatların isə daxildə mövcud olan imtyiyazlardan bəhrələnmək hüququ olmasa da yaxşı əlaqələrə malik idilər.

44 günlük müharibə zamanı və bu gün ölkənin fərqli açılıma getdiyi bir vaxtda ölkədə vətəndaş cəmiyyətinə dövlət məmurlarının yersiz müdaxiləsinin fəsadlarını gördük. Hökumət həmin baryerləri yaradanları uzaqlaşdırmaqla bu bağları sındırdı və vətəndaş cəmiyyətinin inkişafı üçün fərqli konsepsiya ortaya qoydu: vətəndaş cəmiyyətinin dövlətin partnyoruna çevrilməsi, dövlətdən ayrılacaq maliyyənin effektiv xərclənməsi üçün mexanizmlərin işlənib hazırlanması, QHT-lərə təsirlərin azaldılması, QHT-lərin ictimai nəzarətə diqqətinin artırılması, QHT-lər arasında könüllülük prinsiplərinin təbliği, vətəndaş cəmiyyətinin bacarıqlarının və gələcəkdə dayanıqlının artırılması.

Bu fərqli yanaşma vətəndaş cəmiyyəti arasında ciddi rəqabəti artıracaq. Heç bir QHT-nin xüsusi imtiyazlara malik olmadığını üzə çıxaracaq. Hamının bərabər şanslı olduğunu göstərəcək. Təbii kİ, təcrübə, əlaqələr, çoxdan qurulmuş iş prosesi, stabil auditoriyanın olması artıq müəyyən saylı QHT-ləri startın ön nöqtəsinə çıxarıb. Deməli, böyük əksəriyyətin bu rəqabətli meydanda aktiv olmasına stimul olacaqdır.

QHT-lər bilməlidirlər ki, 10 noyabrdan sonrakı Azərbaycan fərqli ölkədir. Burada dövlətin QHT-lərə yanaşması və istəyi də fərqlidir. Dövlət QHT-ni partnyor görürsə onun professional qaydalara əməl edəcəyini, bacarıqlı, yenilikçi, açıq fikirli olacağına ümid edir.
44 günlük müharibədən sonra hər şey dəyişdiyi kimi, vətəndaş cəmiyyətinə münasibət də dəyişib. Bu dəyişikliyi vətəndaş cəmiyyəti özü də edəcəkdir. Müharibədən sonra Azərbaycanın münaqişə ilə bağlı tarixi yeniləndiyi kimi vətəndaş cəmiyyəti ilə bağlı tarix yeniləndi.

Biz görürük ki, dövlət orqanlarının şəffaflığı, xidmətlərin elektronlaşması, təmasların minimuma endirilməsi, təsirlərn azaldılması kimi prinsiplər QHT-lərdən yan keçmədi. Artıq bu proses başlayıb və mexanizmlər hazırdır. QHT-lərin bu prosesə hazır olması və tövhə verməsi görüləcək işi çox sürətləndirəcək. Bu prosesə mane olmaq və ona təsir etmək cəhdi mümkünsüzdür. Çünki, QHT Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi və onun icrasına cavabdeh insanlar özləri ölkədə aktiv QHT rəhbərləridirlər. Onların hər birinin cənab Prezident qarşısında məsuliyyəti ilə yanaşı vətəndaş cəmiyyəti kimi öz QHT-ləri qarşısında da məsuliyyəti vardır.

Hər kəsə bu islahatlar prosesində təmkin və fəal iştirak arzulayıram.

Əvəz Həsənov, QHT sədri,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir