Ağdam: həm sevincli, həm kədərli səfərin təəssüratları.

Nə az, nə çox, düz iyirmi səkkiz il idi bu səfərin yolunu gözləyirdik. Hətta yuxularımızda tez-tez çıxardıq belə səfərlərə. Oyandıqdan sonra isə yastığa sarılıb xısın-xısın ağlayardıq. Bədbinləşən vaxtımız da olurdu. Bir daha bu torpaqlara, bu dağılmış, yağmalanmış, viran qoyulmuş yurd yerlərinə ayaq qoya bilməyəcəyimizi düşünür, ciyərlərimiz parça-parça olurdu. Nəhayət, şanlı Azərbaycan ordusu, müasir dünyanın ən qətiyyətli, ən müdrik lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev yuxularımızı çin, arzularımızı, xəyallarımızı real elədi. Və biz artıq Ağdama səfərə yollandıq!Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilmişdi. Vətəndaş cəmiyyətinin tanınmış simaları Emin Həsənli, Cəsarət Hüseynzadə, Elməddin Behbudlu, Faiq İsmayılov, Mehiban Abdullayeva, Radə Abbas, Füzuli Məmmədov, Mehdi Mehdiyev və digərləri daxil olmaqla yüzdən çox QHT fəalını düşmən tapdağından azad edilmiş yurd yerinə aparan avtobuslar Ağdam-Bərdə və Ağcəbədi-Tərtər magistral yollarını birləşdirən, Dördyol deyilən məntəqədən keçib Ağdam torpağına daxil olanda içimdən bir gizilti keçdi. Əminəm ki, bu gizilti təkcə mənim deyil, bizimlə bərabər bu səfərə qatılan hər kəsin içindən keçdi. İlk gördüyümüz Xaçın çayı yaxınlığındakı altı zolaqlı istehkamlar oldu. Bu istehkamlar birmənalı şəkildə onu deməyə əsas verir ki, ağalarına güvənən düşmən bu yerləri heç zaman geri qaytarmaq niyyətində olmayıb. Belə niyyəti olan düşmən basılması mümkün olmayan bu qədər güclü istehkamlar qurmazdı.Ağdamın hər nöqtəsini yaxşı tanıdığımdan tezliklə Baş Qərvənd və ona bitişik Şıxlar kəndinin içindən keçəcəyimizi düşündüm. Fəqət nə kəndlər var idi, nə də kəndləri yaşıllığa bürüyən meşəliklər. Yol boyu Baş Qərvənd, Şıxlar, Cavahirli, Gülçülük, Göytəpə, Atçılıq Zavodu, Şişpapaqlı, Kəngərli, Ətyeməzli, Keştazlı, Söyüdlüqol yaşayış məntəqələrinin ərazilərini keçdikcə insan inana bilmirdi ki, nə vaxtsa buralar yurd yeri olub, tək-tük evlərin dağıdılmış divarlarından, iki, üç mərtəbəli məktəblərin boş qalmış torpaqlarından savayı heç nə görmürdük.

Gördüyümüz mənzərələr, daha doğrusu, mənzərəsizliklər bizi necə təsirləndirmişdisə, qırxdan artıq adamın əyləşdiyi avtobusda yalnız xanımların hıçqırtılarını duymaq mümkün idi. Bir də bələdçi yurd yerlərinin xaraba qalmış ərazilərindən keçdikcə, həmin ərazi haqqında, burda yüzlərlə evin, məktəblərin, klubların, idarə binalarının olduğu haqqında məlumat verdikcə, avtobusda qopan uyultu səsini…
Nəhayət, Ağdama çatdıq. Bir zamanlar regionun, gözəlliyi dillərdə dastan olan, iyirmidən çox Milli Qəhramanı, minlərlə şəhidi, saysız-hesabsız elm, mədəniyyət, incəsənət, ictimai-dövlət xadimlərini yetişdirən Ağdama! Azərbaycanın istehlak bazarının iyirmi faizindən çoxunu təşkil edən, ermənilərin “miatsum” bağırtısına ilk kütləvi etiraz mitinqi ilə cavab verən, Sovet dövründə təkcə Qarabağda deyil, həm də Ermənistanda yaşayan bütün hayların gözünün qənimi oğulları yetişdirən Ağdama! İlk düşərgəmiz məşhur İmarət oldu. Qarabağ xanlığının qurucusu Pənahəli xan başda olmaqla Cavanşirlər sülaləsinin uyuduğu bu müqəddəs məkanda gördüklərimiz isə tamamilə başqa mənzərə idi. Azərbaycan poeziyasının qadın bahadırlarından olan Xurşudbanu Natəvanın dağıdıllmış məzari, Pənahəli xanın divan otağının yalnız divarları qalan xarabalığı, yüz illərlə yaşı olan Xan çinarların kəsilmiş gövdələri… Daha nələr, nələr… Bu məkanı 1993-cü ilin yayına qədər görməyənlərə bəlkə də adi görünə bilərdi, amma bizləri bu mənzərə dəhşətə gətirmişdi. Yaxşı bir xalq deyimi var: ”Namərd dostdansa, mərd düşmənin olsun!” Vay o günə ki, mərdlikdən, insanlıqdan, mənəviyyatdan iraq düşmənin olsun. Bizim bəxtimizə nə yazıqlar ki, belə düşmən çıxıb, əslində çıxarılıb. Qarşı-qarşıya döyüşməyə cəsarət etməyib, heyfini qəbirlərdən, məzarlıqlardan, tarixi abidələrdən alan bir düşmənin nə qədər rəzil, nə qədər aciz, bir o qədər də şərəfsiz, ləyaqətsiz olduğunu deməyə ehtiyac varmı?
Səfərə gələnləri qarşılayan Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə nümayəndəsi Emin Hüseynov İmarətin keçmişi, indiki durumu haqqında danışdı. Onun çıxışından mütəəssir olan Qarabağ qazisi, şair Abdal Qəhramanın ürəkləri parçalayan şeiri isə bütün səfər iştirakçılarını duyğulandırdı. İmarətin yaxınlığındakı dağıdılmış, yalnız quru torpağı qalmış futbol stadionu haqqında bələdçinin verdiyi məlumat səfər iştrakçılarını daha da təsirləndirdi. İndi Avropanın ən sayılıb-seçilən futbol klublarından biri olan “Qarabağ”ın bir zamanlar ilk yarışlarına ev sahibliyi etmiş, 15 minə qədər tamaşaçı yeri olan, möhtəşəm təbii ot örtüyünə malik stadionun ərazisində metalloma çevrilmiş maşın dəmir-dümürlərindən savayı heç nə görünmürdü.
Ağdamın mərkəzi meydanına gəldik. Ölkə Prezidentinin səlahiyyətli nümayəndəsi Emin Hüseynov Ağdamın yeni baş planı ilə səfər iştirakçılarını tanış etdi. Qarabağ hadisələrinə ilk ümummilli reaksiyanın mərkəzi olan meydanın gələcək planı haqqında deyilənlər bizi bir daha dövlətin, ölkə başçısının tarixmizə, keçmişdə baş verən hadisələrə necə həssaslıqla yanaşdığını ortaya qoymuş oldu. Meydandan bir qədər aralıda Ağdam Cümə məscidində başlanan yenidənqurma işləri isə tariximizə, dini inancımıza olan hörmətin aydın təzahürü idi. Qeyd edim ki, Ağdam Cümə Məscidi 1-ci Qarabağ savaşında ən çox şəhid qəbul edən (19 iyul 1993-cü ilədək 6001 şəhid, o cümlədən 613 Xocalı qətliamı qurbanları) və bütün şəhidləri dini qaydalara əməl etməklə, bütün vacibatları yerinə yetirərək son mənzilə yola salan müqəddəs dini ocaq idi. Bu məqamda o dövrdə Ağdam Cümə Məscidinin axundu olmuş, Ağdam işğal edildikdən sonra da ömrünün sonuna kimi bu vəzifəni ləyaqətlə yerinə yetirmiş Hacı Baratı xatırlamamaq mümkün deyil. Hər bir şəhidin müsəlman qaydalarına əməl edilməklə son məzara yola salınmasında onun əməyi unudulmazdır. Nə yazıqlar ki, əslən Azərbaycanın gözəl guşələrindən biri olan Masallı rayonunda doğulmuş, ömrünün böyük bir hissəsini Ağdam məscidinin axundu kimi bu yerlərdə keçirmiş Axund Hacı Barat illər boyu arzusunda olsa da, Ağdam Cümə məscidində yenidən namaz qılmaq ona nəsib olmadı. Allahın rəhməti ilə anırıq və məzarı nurla dolsun deyirik…
Sonra dağıdılmış, tamamilə şumlanaraq taxıl əkilmiş, min illərlə yaşı olan Qarağacı qəbirstanlığının yanından keçib, Şahbulaq abidə-kompleksinə gəldik. Yolüstü Qiyaslı məscidinə baş çəkdik. Dini ayinlərin qadağan olunduğu Sovet dönəmində xalqın dəyanət göstərib qoruduğu, bu günümüzə qədər sahib çıxdığı bu məscidin də namərd düşmən tərəfindən donuz tövləsi kimi istifadə olunduğu məlumdur. Buna baxmayaraq bu qədim dini məbədin də yenidən qurulması, əvvəlki görkəminə qaytarılması ilə bağlı verilən məlumatlar səfər iştrakçılarında məmnunluq hissi yaratdı.
Səfərimizin sonuncu dayanacağı olan Şahbulaq qalası isə bizi əvvəlki əzəməti ilə qarşıladı. Bilmirəm, bəlkə də Ağdama səfər planını hazırlayan səlahiyyətli şəxslər məhz bu qalanı ziyarət planında sona saxlamaqla insanlarda gələcəyə inam hissini artırmağı qarşılarına məqsəd qoyublar. Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Agentliyin sədr müavini Vüsal Quliyevin qala divarları qarşısında qısa, lakin məzmunlu çıxışı da bunu deməyə əsas verir. Özlərinə istirahət yeri seçdikləri Şahbulaq Qalasına, müşahidə məntəqəsi kimi istifadə etdikləri Koroğlu qalasına düşmənin toxunmamasının əsas qayəsini xatırladan dövlət yetkilisi Ağdamın bütün ərazilərini əvvəlkindən də yaxşı, daha əzəmətli hala gətirmək üçün Azərbaycan dövlətinin, ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli planlarından danışdı və səfərin başa çatdığını bildirdi…
Geriyə, Bakıya doğru irəliləyirdik. Yol boyu inanılmazı reallaşdıran, yuxularımızı çinə çevirən, arzularımızı reallaşdıran, Azərbaycanın qeyrət və şücaət rəmzi olan ordumuzu düşünür və belə bir ordumuzun olması qürurunu yaşayırdıq. Bir də… Bir də son 270 ildə, Nadir Şah Əfşarın ölümündən sonra bir-birinə düşmən kəsilməyə, kiçilməyə, xirdalanmağa, marığa yatmış böyük güclərə baş əyməyə vadar edilmiş bir xalqın, müstəqilliyinə qovuşduğu cəmi otuz illik zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi, dünyanın ən böyük güclərinin maraqlarına zidd hərbi əməliyyatlar keçirməklə möhtəşəm tarixi zəfərə imza atılması kimi qəlbimizi riqqətə gətirən duyğular gələcəyimizə ümid verən hisslər kimi bir an belə bizi rahat buraxmırdı. Bütün gördüklərimizə rəğmən içimizdəki bu duyğular bizdə daha qüdrətli, daha güclü və daha firavan Azərbaycanın qurulacağına şəksiz inam yaradırdı.
Nəhayət, bir də və bir də… Bütün bunlara görə Ulu Öndər Heydər Əliyevin alternativi olmayan siyasi kursuna, bu kursun müdrik və sadiq davamçısı, müasir dünyanın qibtəediləcək siyasi lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin yenilməzliyinə, gerçək lider obrazına minnətdarlıq duyğusu ilə dönürdük Bakıya!

Səfər təəssüratlarını bölüşdü:

Təhmasib Novruzov
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri, Ağdam rayonundan KEÇMİŞ məcburi köçkün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir